Samir Əsədli: “Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır”

“Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük”
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti parlamentə təqdim etdiyi illik hesabatda 44 günlük Vətən müharibəsi ilə bağlı bəzi məqamlar açıqlayıb. Hesabatda vurğulanıb ki, müxtəlif internet resurclarından fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı iki münaqişə tərəflərindən birinin tərəfdarı kimi təqdim etmək olub. Vurğulanıb ki, 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar. Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:
“Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”. Qonşu Gürcüstanla normal əməkdaşlığımız ən çox Tiflis üçün vacibdir. Mühüm iqtisadi və nəqliyyat layihələrində tranzit ölkə rolunda məhz Gürcüstan çıxış edir.
Amma qonşu ölkədə ermənilər də çox fəaldır. Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır. Ekspertlərin fikrincə, Gürcüstanın qarşısında o qədər də çətin seçim yoxdur. Bir tərəfdə hər çətinlikdə Tiflisin yanında yer alan, siyasi-maddi dəstəyini əsirgəməyən Azərbaycan, digər tərəfdə isə hər fürsətdə Gürcüstana ərazi iddiası irəli sürən, yaşadığı ölkədə qarışıqlıq yaratmağa çalışan ermənilər var.
VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Azərbaycanın bütün qonşularla dinc və qarşılıqlı əməkdaşlıq üzərində münasibət qurmaqda maraqlı olduğu hər kəsə bəllidir. Siyasi şərhçinin sözlərinə görə, ölkəmiz hətta işğalçı Ermənistana qarşı da sərsəm iddialarından əl çəkəcəyi təqdirdə eyni münasibəti göstərməyə hazır olduğunu bildirib:
“Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük. Gürcüstan DTX-nin məlum hesabatında konkret hansı olayların nəzərdə tutulduğunu dəqiq deyə bilmərəm. Amma Azərbaycanın iqtisadi potensialından kifayət qədər fayda götürən, ölkəmizdən heç zaman zərbə almayan Gürcüstan bizimlə münasibətlərdə dəfələrlə qeyri-səmimiliyə yol verib. Məlum Keşikçidağ olayları, Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulması, bir neçə il öncə Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz açılması və digər olaylar buna misaldır. Ona görə də Gürcüstan hökuməti təxribatçı qruplardan ehtiyat etməklə yanaşı, öz siyasətində də konkretləşdirici korrektələr etməlidir”.
S.Əsədli vurğulayıb ki, həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verir:
“Gürcüstan iqtisadiyyatının çökməməsində Azərbaycanın çox böyük rolu olub və bu gün var. Ən çətin vaxtlarında Gürcüstana ilk əl uzadan Azərbaycandır. İndi də çox ciddi dəstək verilir və Azərbaycan enerji daşıyıcılarını Gürcüstana güzəştli şərtlərlə satır. Gürcüstanda 500 mindən yuxarı azərbaycanlı yaşayır və onlar orada ən qədim aboregen xalqdır. Rəsmi Tiflis Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlayan və hələ də düşmənçilik eləyən Ermənistanla münasibətlərdə bütün bunları nəzərə almalıdır”.
İsmayıl Qocayev
Bütöv yazını göstər
Back to top button
Close