Samir Əsədli: “Tehran bilməlidir ki, Azərbaycan artıq güc sahibidir və bununla hesablaşmalıdır”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin birinci kanalına müsahibəsində Azərbaycanla bağlı səsləndirdiyi tezislər ölkəmizdə ciddi etirazla qarşılanıb.
Məsələ ilə bağlı fikirlərini “Şərq”ə açıqlayan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli İranın son davranışlarının diplomatik başıpozuqluq olduğunu bildirib: “İranlı sürücülərin saxlanılması və Bakıdan səslənən rəsmi bəynatlardan sonra Tehran Qarabağa yükdaşıma həyata keçirdiyini təkzib etmədi. Bu isə onun işğal müddətində də Ermənistana aşkar dəstəyinin göstəricisidir. Bu fakt qarşısında ifşa olunan molla rejimi “oğru elə bağırdı ki” prinsipi ilə hərəkət edir. İranın baş diplomatı Vətən müharibəsində regiona terrorçu qrupların gətirildiyi deməklə də Azərbaycana “söz atır”. Halbuki səmimi qonşu dövlət, özünə islam adı verən ölkə erməni terrorizmindən danışmalı idi. İran doğrudan da tərəfsiz və səmimi olsaydı, bildirərdi ki, terrorçular, muzdlular məhz Ermənistan tərəfində döyüşüb. Halbuki, müharibə başlamazdan öncə Ermənistan mətbuatı özü də bunu bəh-bəhlə tirajlayırdı. Muzdluların, terrorçuların Azərbaycan tərəfindən döyüşməsinə dair isə bir dənə də dəlil yoxdur. İsraillə bağlı məqama gəlincə, Azərbaycan ordusunun arsenalında İsrailin ən müasir silahları var. Azərbaycan İsrailə Qarabağdakı layihələrdə iştirak imkanı tanıyıb. Burda qeyri-adi nə var ki? Bakı-Təl-Əviv əlaqələri dərinləşir. Amma Azərbaycan bu münasibətləri öz ərazisindən üçüncü ölkəyə qarşı istifadə edilməsinə yol vermir. Bütün baş verənlər İranın Azərbaycanın Qarabağ zəfərini həzm edə bilmədiyinin göstəricisidir. Amma Tehran bilməlidir ki, regionda Azərbaycan artıq güc sahibidir və bununla hesablaşmalıdır”.
Bütöv yazını göstər
Back to top button
Close