Samir Əsədli: “Rusiya sülhməramlılarının daha bir qanunsuz əməli ifşa olunub”

“Silah təxribatı yeganə fakt deyil. Bundan əlavə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının daha bir qanunsuz əməli ifşa olunub”. Bu barədə “Şərq”ə Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi qeyd edilib ki, Rusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçularının “Laçın dəhlizi”ndə qanunsuz söküntü işləri ilə məşğul olduğunu əks etdirən görüntülər yayılmışdı:
“Həmin görüntülərdə rus hərbçilərinin 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qaraqaxa kəndində yerləşən birmərtəbəli yaşayış binasının dam örtüyünü sökmələri əks olunmuşdu. Ən təhlükəli məsələ də ondan ibarətdir ki, hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni silahlı qüvvələrinin tör-töküntüləri var. Onlar ara-sıra bizə problemlər yaradırlar və onlar Rusiya sülhməramlılarının arxasında gizlənərək burada destruktiv fəaliyyətlə məşğuldurlar. Təəssüflər olsun ki, Rusiya sülhməramlıları amilinə arxalanaraq Ermənistanın köhnə siyasi rəhbərliyi destruktiv, pozucu bəyanatlarla çıxış edirlər. Lakin Ermənistanda bilməlidirlər ki, əgər Ermənistanın destruktiv siyasəti davam etsə, biz də müvafiq addımlar atmağa məcbur olacağıq. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Qarabağda silahlı birləşmələr çıxarılmalı və tərkisilah olunmalı idi. Lakin hazırda bunun əksi baş verir. Mülki əhali silahlandırılır və yeni hərbi birləşmə yaradılır. Bütün bu baş verənlər anti-terror əməliyyatını qaçılmaz edir”.