Samir Əsədli: “Rusiya müharibədən ciddi zərbə alacaq”

Artan sanksiyalar Rusiya iqtisadiyyatına və əhalinin gəlirlərinə ciddi təsir etməkdədir
 
  Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Ukrayna ilə danışıqların nəticələri barədə hansısa qiymətləndirmə aparmağın hələ tez olduğunu söyləyib: 
 
“Əlbəttə, prezidentə məlumat verilib. Danışıqlara hər hansı bir qiymət vermək hələ tezdir, biz bunu vaxtından əvvəl etmək istəməzdik. Biz onları təhlil etməli və sonra perspektivlər haqqında düşünməliyik”. 
 
Məlumat üçün bildirək ki, fevralın 28-də Belarusda Rusiya-Ukrayna danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətini keçmiş mədəniyyət naziri Vladimir Medinski, Ukrayna tərəfini isə deputat David Araxamiya təmsil edib. Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakirə olunub. Ukrayna nümayəndə heyəti Belarusda Rusiya tərəfi ilə danışıqlar zamanı bütün rus qoşunlarının çıxarılmasını tələb edib. Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun martın 2-də baş tutacağı deyilir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında qeyd edib ki, danışıqların nəticəsiz bitəcəyi əvvəlcədən gözlənilirdi. Partiya rəsmisinin sözlərinə görə, Ukraynanın itirəcəyi heç nə yoxdur: 
“Rusiya isə hər hansı bir güzəştin onun imperiya nüfuzunu tamam məhv edəcəyinin fərqindədir. Faktiki olaraq bu gün Ukrayna qalib kimi görünür. Rusiya isə 40 milyonluq əhalisi olan ölkəni məğlub etməyə nə qədər çox vaxt sərf etsə, qarşısına o qədər çox problem çıxacaq. Moskva bu müharibə ilə çox ciddi zərbə almış olacaq.
Artan sanksiyalar Rusiya iqtisadiyyatına və əhalinin gəlirlərinə ciddi təsir etməkdədir. Moskvanın ikinci “soyuq müharibə”yə cəlb olunması və qlobal təcridə məruz qalması prosesi başlaya bilər ki, bu da Rusiya üçün ağır nəticələrə gətirə bilər. Bütün bunları Kiyev də hesablayır və ona görə danışıqlar masasına Krım və Donetskin belə azad edilməsi, ərazi bütövlüyünün tam bərpası şərti ilə oturur.
 
Məncə, münaqişə Ukraynanın müqaviməti və Rusiyanın heydən düşməsi fonunda əldə edilən anlaşma ilə bitəcək”.
Bütöv yazını göstər
Back to top button
Close