Samir Əsədli: “ Paşinyan reallıqlarla barışmaq zorundadır“

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətinin iclasında deyib ki, sərhədlərin dəqiqləşdirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün lazımdır. Paşinyan bildirib ki, bölgənin sabitləşməsi onlar üçün vacibdir: “Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün olduğu qədər Ermənistan üçün də lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi, müəyyən edilməsi, hansısa bir mərhələdə demarkasiya və delimitasiya təhlükəsizliyin vacib zəmanətidir. Bu, asan proses deyil. Bölgəmizdə bu prosesi tamamlayan ölkə yoxdur”.
Mövzu ilə bağlı “Şərq”ə açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri, politoloq Samir Əsədli deyib ki, Ermənistan hazırda çıxılmaz durumdadır. Partiya rəsmisi vurğulayıb ki, artıq Paşinyan reallıqla barışmaq zorundadır:

“Qarabağ savaşının zəfəri və Azərbaycanın bütün sahələr üzrə haqqını bərpa etmək inadı Ermənistan hökumətini çıxılmaz duruma salıb. Hazırda Paşinyan qarşıdan gələn seçki faktorunu da nəzərə alıb saman çöpündən belə yapışır. Rusiya, Fransa, İran tərəfindən göstərilən cəhdlər ağlayan uşağın başını aldatmaqdan başqa bir şey deyil. Onlar Ermənistanı və Paşinyanı incik salmamaq üçün heç bir əhəmiyyəti və nəticəsi olmayan addımlar atırlar. Təbii ki, Paşinyan da bunun fərqindədir. O yaxşı bilir ki, artıq pafoslu bəyanatlardan əl çəkib reallıqla barışmaq zorundadır. Hesab edirəm ki, sərhədlərin dəqiqləşdirilməsinin vacibliyinin dilə gətirilməsi də məhz bundan irəli gəlir”.
Bütöv yazını göstər
Back to top button
Close