Samir Əsədli: “Ermənistandakı iqtisadi böhranın dərinləşməsi siyasi böhranı da pik vəziyyətinə gətirib”

Erməni müxalifətinin parçalanması indiki hakimiyyətin işinə yarayır
Ermənistanda ehtiyatda olan zabitlər, polis, hərbi polis, penitensiar xidmət və digər hüquq-mühafizə orqanlarının 80-ə yaxın əməkdaşı sabiq prezident Robert Koçaryana dəstək bəyanatı ilə çıxış ediblər. Onların bəyanatı erməni mediasında dərc edilib. Bəyanatda ehtiyatda olan zabitlər, o cümlədən bir çox keçmiş polis, hərbi polis, penitensiar xidmət, ibtidai istintaq orqanları, prokurorluq, məhkəmə orqanları əməkdaşları Ermənistan və Qarabağdakı hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər. Bildiriblər ki, mövcud hakimiyyətin səriştəsiz siyasəti nəticəsində ölkə böhran həddindədir. 2018-ci ildən bəri böyük və unudulmaz xidmətləri olan generalları əsassız cinayət təqiblərinə məruz qoyan hakimiyyət ordunu nüfuzdan salaraq dağıdıb: “Dövlət hakimiyyətini qəsb edən kapitulyator özünün cinayətkar qrupu ilə birlikdə erməni dilini və ədəbiyyatını, tarixini, kilsəsini və erməni ailəsini məhv edir. Onlar əbədi düşmənimiz olan türklərə qarşı vətənpərvərlik siyasətini davam etdirir.
Ermənistan Respublikasının ehtiyatda olan generalları və zabitləri vətənin qurtuluşuna layiqli töhfə verməyin lazım olduğunu başa düşərək “Ehtiyatda olan zabitlər” hərəkatını yaratmağa qərar verdilər. “Ehtiyatda olan zabitlər” hərəkatı Ermənistanın ikinci prezidenti Robert Koçaryana dəstəyini ifadə edir”.
Mövzu ilə bağlı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  “Şərq”ə açıqlamasında vurğulayıb ki, hazırda Ermənistanda erkən seçkilərə son sürətlə hazırlıq gedir. Politoloq qeyd edib ki, 20 iyunda baş tutması gözlənilən növbədənkənar seçkilərdə siyasi qüvvələr bir-birini parçalamağa müntəzir dayanıb:
“Belə bir durumun yaranmasının əsasında bir neçə amil dayanır. Birincisi, uzun illər Ermənistan hakimiyyəti öz xalqını Qarabağdakı işğalı ilə aldadaraq dövləti talan edib. 28 il Ermənistanda hakimiyyət başında dayananlar məğlubedilməz ordu yaratmaq adı altında büdcəni talayaraq ölkəni müflisləşdirib. İkinci amil isə 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük qələbəsi və Ermənistan ordusunun məhv edilməsidir. Üçüncü amil isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq layihələrdən təcrid olunması və bunun nəticəsində Ermənistan iqtisadiyyatının məhv olmasıdır”.
S.Əsədli əlavə edib ki, müharibədə düçar olduqları məğlubiyyət Ermənistanda iqtisadi tənəzzülü daha da dərinləşdirib:
“Əgər müharibəyə qədər əsas gəlir mənbələri işğal olunmuş Azərbaycan torpaqlarından idisə, bu gün həmin əraziləri Azərbaycan döyüş meydanında geri alıb. 44 günlük müharibədə əsgər ölümlərinin yüksək olması, müharibədə itkin düşmüş minlərlə hərbçi ailəsinin hakimiyyətdən narazılıqları günü-gündən böyüməkdədir.
Həm də müharibədə sağlamlıqlarını itirmiş şəxslərə və ölmüş şəxslərin ailələrinə hər hansı bir hüquqi status verilmir. Ona görə verilmir ki, veriləcək status maliyyə tələb edir. Bu gün isə Ermənistanın belə bir maliyyə imkanları yoxdur. Müharibədə sağlamlıqlarını itirmiş şəxslərə tibbi xidmətlər göstərilmir. Ölkədə iqtisadi böhranın dərinləşməsi siyasi böhranı da pik vəziyyətinə gətirib. Buna görə də seçki günü yaxınlaşdıqca gərginlik də artacaq. Seçki öncəsi namizədlərdən heç birinin kompromisə getmək niyyətində olmadığı görünür.
Eyni havanı çalıb, eyni gücə arxalanan tərəflər belə ortaq maraqları heçə sayaraq qeyri-rasional düşünməyə davam edirlər. Xüsusilə də bu sözləri keçmiş Ermənistan prezidentləri və minlərlə günahsız insanın qatilləri olan Serj Sarkisyan və Robert Koçaryana aid etmək daha doğru olar. Hazırda gündəmdə qalmağa çalışan digər aktor isə Levon Ter-Petrosyandır. Paşinyanın mənəvi dəstəkçisi hesab olunan Ermənistanın birinci prezidentinin hansı istiqamətdə hərəkət edəcəyi bəlli deyil. Qarabağ məğlubiyyətinin ardından Paşinyanın istefasını tələb edən Ter-Petrosyan, gah da Paşinyanın etməyə çalışdığı kimi Azərbaycanla iqtisadi əlaqələrin çoxdan bərpasının vacib olduğunu bildirir. Gah da öz xələflərinə birləşərək Paşinyana qarşı birgə mübarizə aparmağın lazım olduğunu səsləndirir. Müxalifət cəbhəsindəki bu parçalanma seçkiqabağı istefaya gedən Baş nazir Nikol Paşinyanın işinə yaramaqdadır. “Siz savaşa, mən tamaşa” düşüncəsi ilə hərəkət edən baş nazir üçün vəziyyətin bu cür davam etməsi tam məqsədəuyğundur. Erməni müxalifətinin bu cür parçalanması və keçmiş üç prezidentin dil tapa bilməməsi isə Paşinyanın işinə yarayır. Səslər nə qədər çox parçalansa, seçkilər, az da olsa güclü görünən, Paşinyan tərəfdarlarının qələbəsi ilə sonuclana bilər”.
Aynurə Pənahqızı
Şərq qəzeti
Bütöv yazını göstər
Back to top button
Close