Samir Əsədli: “Bizim ideyamız vətəndaş həmrəyliyidir”

Azərbaycan həmişə “ideologiyalar qəbiristanlığı” olub. Ölkədə heç vaxt partiyalar ideoloji təmayüllərinə görə fəaliyyət göstərməyiblər. Onları ya fiqurlar, ya da opponentinə qarşı mübarizə birləşdirib. O nöqteyi-nəzərdən, Azərbaycanda solçu, yaxud sağçı və liberal yönümlü siyasi təşkilatlar deyil, sədrlərinə büt kimi baxan, nicatı Qərbdə və ya Amerikada görən partiyalar olub. Türkiyədən fərqli olaraq, bizdə sosial-demokratlar, millətçilər, mühafizəkarlar, liberallar, islamçılar ideoloji baxışlarına bölünməyiblər.

“Yeni Müsavat” xəbər verir ki, REAL-ın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də bu məsələni gündəmə gətirib. O, iddia edir ki, ölkədə ideoloji partiyalar yaranmayıb, şəxslərə bağlı, ölkələrə “azarkeşlik” edən qruplar formalaşıb. “Bu gün ərazimizdə rus əsgərinin olması o ”azarkeş” kütləsinin bir hissəsini hərəkətə keçirir, Moskvaya bağlı qüvvəyə güc verir. Sabah cənub qonşumuz da siyasi səhnəyə öz “aktyorlarını” çıxara bilər, buna cəhdlər edəcək. Bizdə dəyərləri deyil, bayraq rənglərini dəstəkləyən təşkilatlar var. İllərdir dediyimiz bir məsələnin zamanı yetişib: ölkədə yeni reallığa uyğun siyasi oyun qaydalarına keçilməli, proporsional seçki sistemi bərqərar olmalıdır ki, ideoloji rəqabət sayəsində ümumbəşəri dəyərlərə bağlı güclü siyasi partiyalar da formalaşsın”, – deyə REAL-çı bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, N.Cəfərli maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, həqiqətən siyasi partiyalar ideoloji əsaslarla formalaşmayıblar: “Sovet vaxtı bir partiya olub, hamı ona üzv idi. Müstəqillik vaxtı partiyalaşma başladı, Xalq Cəbhəsi parçalandı, təşkilatlar yarandı. İnsanlar bir-birinə yaxınlığı əsasında siyasi təşkilatlar təsis edirdilər. Amma hər bir partiyanın öz xətti olmalıdır. Məsələn, bizim ideyamız vətəndaş həmrəyliyidir. Bu istiqaməti gözləməyə çalışırıq. Amma tam ideoloji baza üzərində qurulmayıb”.
S.Əsədli qeyd etdi ki, partiyada solçusu, liberalı, millətçisi var: “Bu da partiyaların formalaşmaması ilə bağlıdır. Partiya var ki, sədri millətçidir, yönü tamamilə başqadır. Bunlar zamanla həllini tapmalıdır. Biz çalışırıq ki, bu ölkənin vətəndaşıdırsa, millətinə, etnik mənsubiyyətinə, dini baxışına fərq qoymadan üzv edirik, irəli çəkirik. Bizim gürcü, talış, tat, kürd təşkilat sədrlərimiz var, bir rus Məclisə seçilib, yəni partiyanın adına uyğun olaraq Azərbaycan vətəndaşı olan insanları təşkilata cəlb edirik. Əslində VHP sağ-mərkəzçi partiya kimi görünür, lideri Sabir Rüstəmxanlı özü millətçidir, bununla belə, Sabir bəy heç vaxt milli kimliyə fərq qoymur, ayrı-seçkilik yoxdur”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərdə partiyalar sədrə simpatiya üzərinə qurulmur: “Azərbaycanda bunun üçün bir dəfə azad seçki keçirilməlidir, seçki sistemi düzəlməlidir. Ondan sonra partiyalarda bu məsələ inkişafını tapacaq. Ölkədə proprosional seçki sistemi tətbiq olunsa, partiyalarda ideoloji və demokratik açılım olacaq”. X.Teyyublunun fikrincə, proporsional seçki sistemi olmadığı üçün sədr uzun müddət partiyaya rəhbərlik və nüfuz edə bilir, öz avtoritarlığını ortaya qoyur. KXCP funksioneri düşünür ki, partiyaların ideoloji bağlılığı var, amma ölkədə ideoloji mübarizə, fikir toqquşması yoxdur.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bütöv yazını göstər
Back to top button
Close