Samir Əsədli: “Artıq Gürcüstan hökumətinə qarşı tənqidlər ən yüksək səviyyədə, Avropa Parlamentində səslənir”

Samir Əsədli: “Gürcüstan da Ukrayna kimi bundan sonra Rusiyaya heç vaxt simpatiya duymayacaq” 
 
“Amma təcrübə Gürcüstanı ehtiyatlı davranmağa məcbur edir”
 
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını Avropaya inteqrasiya siyasəti kursuna dəstək məqsədilə Avropa meydanında aksiya keçirməyə çağırıb. Zurabişvili Avropa İttifaqı ölkələrinin Gürcüstandakı səfirlərini də mitinqdə iştiraka səsləyib: “Gəlin Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək. Əhali, cəmiyyət, mən, siyasi partiyaların nümayəndələri, hakimiyyət – hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”. 
Zurabişvili yarım saatlıq çıxışında Avropaya inteqrasiya yolunda yarana biləcək problemlərdən, o cümlədən Gürcüstanın tərəfdaşlarından təcrid olunmaq təhlükəsindən danışıb. Prezident belə vəziyyətin yaranmasında hakim “Gürcü arzusu” partiyasını günahkar bilib. Onun sözlərinə görə, Brüsselə səfəri zamanı məlum olub ki, “iş bərbaddır” və Gürcüstan “Şərq Tərəfdaşlığı”nın aparıcı ölkələri sırasından ən sona pillələrə enib. O, hakimiyyətin səhvləri arasında 2021-ci ilin yazında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə imzalanmış sazişin yerinə yetirilməməsini göstərib. Hakimlərin saxta yolla təyinatını, müxalif Nika Qvaramiyanın həbsini və Dövlət Müfəttişliyi Xidmətinin ləğvini hökumətin Gürcüstanı gözdən salan qərarı kimi dəyərləndirib.
Zurabişvili hakimiyyəti Avropa ölkələri liderləri ilə işləmək üçün yüksək səviyyəli səfərlər etməməkdə ittiham edib. Prezidentin fikrincə, Avropa Parlamentində partiyalarla iş düzgün aparılmayıb, nəticədə Gürcüstanla bağlı sərt qətnamə qəbul edilib. Onun sözlərinə görə, “Gürcü arzusu”nun liderləri öz ritorikaları ilə Avropa parlamentarilərini narazı salıblar. Həmçinin dost Ukraynaya münasibətdə qəbuledilməz hərəkətlərə yol veriblər. Prezident vurğulayıb ki, Gürcüstanın təcrid olunması real təhlükə yaradır. Xatırladaq ki, Avropa Parlamenti Gürcüstanda demokratik durumu qəti şəkildə pisləyən bəyanatla çıxış edib. Qətnaməyə görə, son illər Gürcüstanda media mühiti pisləşib, jurnalistlərə qarşı çoxsaylı fiziki zorakılıq hallarına yol verilir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Şərq”ə bildirib ki, Gürcüstanda prezident-hökumət qarşıdurması təkcə bunlardan ibarət deyil. Partiya funksioneri deyib ki, hökumət Salome Zurabişvili ilə bağlı hakimiyyət qolları arasında hüquq və səlahiyyətlərin dəqiqləşdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdi: “Konstitusiya Məhkəməsinə müraciətə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrdə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil. Hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham etmiş, daha sonra isə hökumət əlavə etmişdi ki, Prezident bir sıra səfirlərin təyinatına qarşı çıxıb”.
 
S.Əsədli vurğulayıb ki, əslində bütün bunlar məsələnin formal tərəfidir: “Salome Zurabişvilinin qərbyönümlü, hökumətin isə rusyönümlü olduğu, İvanişvilinin nəzarətində olduğu məlumdur. Bu qüvvələrin qarşıdurması əslində Rusiya-Qərb gərginliyinin təzahürüdür. Gürcüstan da Ukrayna kimi bundan sonra Rusiyaya heç vaxt simpatiya duymayacaq. 
Amma təcrübə Gürcüstanı ehtiyatlı davranmağa məcbur edir. Rusiya Ukrayna bataqlığına batdıqca, hesab etmək olar ki, bunun əksini fikirləşənlərin sayı artacaq. Bu arada Avropa Parlamentinin ən zəngin gürcü hesab olunan Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi tələbinin yer aldığı qətnaməsini diqqətdən qaçırmaq olmaz. Keçmiş prezident Mixail Saakaşvilinin həbsi Gürcüstanın hazırkı iqtidarı üçün ciddi problemə çevrilib. “Gürcü arzusu” iqtidarı Moskvanın sifarişini yerinə yetirməkdə, keçmiş prezidentdən intiqam almaqda ittiham olunur. Saakaşvilinin həbsinə görə Gürcüstan hökumətini Qərb siyasətçiləri ilə yanaşı, Ukrayna və Moldova prezidentləri də tənqid edir. Artıq Gürcüstan hökumətinə qarşı tənqidlər ən yüksək səviyyədə, Avropa Parlamentində səslənir. Bidzina İvanişviliyə qarşı sanksiyanın tətbiqi tələbi isə Qərbin “Gürcü arzusu” iqtidarına qarşı sözdən əmələ keçdiyini göstərir. Ukrayna və Moldovadan fərqli olaraq, Avropa Parlamentinin deputatları Gürcüstana namizəd statusunun verilməsinə birbaşa çağırış etməyə çəkiniblər. Bununla belə, qeyd olunub ki, hökumətin avropalı tərəfdaşların tövsiyələrini yerinə yetirməsi şərti ilə ölkə namizəd statusu almalıdır”.
Bütöv yazını göstər
Back to top button
Close