Sabir Rüstəmxanlının Novruz təbriki

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir: “Əziz bacı və qardaşlarım! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram. Azərbaycan xalqının ilkin dünyagörüşünü özündə yaşadan Novruz əski inanclarımızı, təbiətə ilkin baxışlarımızı özündə əks etdirir. Yeni gün olaraq qeyd etdiyimiz bu bayramda ibtidai inancdan tutmuş xalqımızın müxtəlif dövrlərdə müxtəlif dini etiqadlardan yaranan ənənəsi, adətləri toplanıb. Bu bayram həm də təbiətin, torpağın oyanması, xeyirin şər üzərində qələbəsi, soyuğun istiliyə, sülhün savaşa, xoşgörünün şiddətə qarşı olduğunu göstərən bir mərasimdir. Bu bayramda sevgi nifrətə qalib gəlir, küsülülər barışır; süfrənin nemətləri qapını döyən istənilən şəxslə bölüşülür, gələcəyə inam, xoş günlərə güvənc artır. Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.
Bu Novruzun tariximizdə xüsusi yeri var. Dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfədir ki bayramı torpaqlarımızın azad olunduğu bir şəraitdə keçiririk. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalanır. Belə bir sevinci gerçəkləşdirin şəhidlərimizin ruhu qarşısında sayğı ilə baş əyir və bütün xalqımızı Novruz münasibəti ilə təbrik edirəm. Vətənimiz, millətimiz üçün xeyirli-uğurlu illər arzulayıram.
Bütöv yazını göstər
Back to top button
Close