Sabir Rüstəmxanlının 28 may təbriki

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının 28 may Cümhiriyyət günü ilə bağlı təbriki.

Təbrikdə deyilir:
“Əziz bacılar və qardaşlar!
Dəyərli soydaşlarımız!
Sizin hər birinizi 28 May Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir. Məhz 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə Türk-İslam dünyasında, Şərqdə ilk dəfə olaraq demokratik respublika – Xalq Cümhuriyyəti elan edilib! Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyuk nəaliyyətlər və qalibiyyətlər əldə etdi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində başda M.Ə.Rəsulzadə olmaqla Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoylunun, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki, XX əsrin sonlarında Azərbaycan xalqı öz istiqlal mücadiləsinə başlayanda da məhz Xalq Cumhuriyyətinin ideyaları ilə silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı. Əsrin sonlarında Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı öz təsdiqini tapdı və xalqımız yenidən müstəqilliyə qovuşdu. 1991-ci ilin oktyabrında Dövləq Müstəqilliyinin bərpa olunması ilə Xalq Cümhuriyyətinin yarımçıq qalmış idealları da gerçəkləşdirməyə başladı. Dövlət Müstəqilliyimizi qazansaq da ərazimiz işğal olundu, yüz minlərlə soydaşımız didərgin düşdü, on minlərlə övladımız şəhid oldu. 30 ildən sonra Qələbə, Zəfər işığına bürünən Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi Respublika Gününü qeyd edir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli müqəddəs bayrağımız bu gün daha əzəmətlə dalğalanır.
Bayramın mübarək, Azərbaycan! Tanrı
Zəfərimizi əbədi, Qələbəmiz bol etsin!”.

Bütöv yazını göstər
Back to top button
Close