Sabir Rüstəmxanlıdan Seyran Səxavətə yubiley təbriki

Seyran Səxavət-75

Bu gün görkəmli yazıçımız Seyran Səxavətin anadan olmasının 75 illiyidir. Eyni universitetdə oxumuş, eyni yataqxanada yaşamış, eyni poeziya dərnəklərinə getmiş, sözümüzün təsir gücünü bir-birimizin rəyində və eyni görüşlərdə sınamışıq…

O, şərqşünas, daha doğrusu, fars dili mütəxəssisi olduğuna görə xaricdə işləyib Bakıya qayıdandan sonra da, “Ədəbiyyat və inəsənət” qəzetində işə düzəlmiş və bir ara burda da iş yoldaşı olmuşuq. İlk şeir kitabımız da bir ildə “Gənclik” nəşriyyatında buraxılmışdı. Demək istəyirəm ki, tale bizə yaxın sirdaş, dost olmaqdan başqa yol saxlamamışdır və məncə, biz də taleyin verdiyi bu gözəl imkanı sidqi-ürəkdən dəyərləndirmiş, sevincimizi-kədərimizi bölüşmüş, eyni ağrı-acılardan keçmiş, qədərimizə düşən milli faciələrə qarşı ömür boyu eyni səbr və inadla mübarizə aparmışıq…

Qarabağ itkisindən, doğma ocağının düşmən əlində olmasından doğan, dözülməsi çətin olan və minlərlə insanın ömrünü yarımçıq qıran üzüntülər Seyranın da ürəyindən və qələmindən keçmişdir. Yalnız söz ustalarına qismət olan özəlliklər, həssaslıq, tarix yaddaşı da əlavə olunanda qələm dostumun son otuz ildəki mənəvi durumunu və yaradıcılığının hansı həyat yolunun, psixoloji sarsıntıların əks sədası olduğunu təsəvvür etmək çətin deyil.
Seyran ədəbiyyata şeirlə gəlmişdi. Elə ilk şeirlərindən o, səmimiyyətin, canlı həyat havasının, təbiiliyin poeziyasının ən başlıca və həlledici şərtlərindən olduğunu başa düşmüşdü. Səmmiyyət sevgi şeirlərinin ruhudur, sözü canlandırır, ona başqalarının həyatında, yaddaşında yer qazandırır. Seyran Səxavətin içdən gələn sevgi şeirləri gənclər tərəfindən coşqu ilə qarşılanırdı və auditoriyaların zərif kəsiminin ən çox alqışını qazananlardan biri o olurdu.
Füzuli şəhərindəki evlərinə getməyimiz, ata –anacı, bacı-qadaşları ilə, gənclik dostları ilə tanış olmağım Seyranın xarakterinin, ərköyünlük və ərkyanalığının, ürək açıqlığının səbəbini, eyni zamanda, gələcək əsərlərinə ilham verən mənəvi dəyərlərin köklərini ğörməyimə, Qarabağ mühitini duymağıma kömək etmişdi.
Bir sıra hekayələri, memuar və povestləri ,“Daş evlər”, “Nekroloq”, “Palıd toxumu” pomanları, pyesləri çağdaş ədəbiyyatımızın seçilən nümunələri arasında yer almış, Seyran Səxavətə böyük oxucu məhəbbəti qazandırmışdır.
Bu əsərlər haqqında çox yazılmışdır. Mənə xoş gələn Seyranın maraqlı xarakterlər yaratmaq bacarığı, hər əsərində həyatımızın başqa bir tərəfinə işıq salmaqla, İctimai-siyasi və milli dərdlərin həllinə çalışması, öz yazıçı- vətəndaş vəzifəsini ləyaqətlə yerinə yetirməsidir.

Seyranın əsərlərinin düzgün anlaşılmadığı vaxtlar da olub. “Qızıl teşt” pyesinin taleyını xatırlayaq. Cəmiyyətin hər təbəqəsi ona bir cür yanaşdı, ortada tənqid hədəfinə çevrilən müəllif oldu. Əsəri hansısa dəstəni müdafiə edib, başqa dəstəni tənqid etməkdə suçladılar. Halbuki, Seyran elə bu yerlibazlıq azarını tənqid etmişdi.
Görkəmli yazıçımız ədəbi dilimizə Qarabağ ağzının dadını-duzunu, şirinliyini gətirmiş, nəsrimizi ümumxalq dilinin qeyri-adi imkanları ilə zənginləşdirmişir. O, dialoq qurmaq ustasıdır və yaradıcılığının bu keyfiyyətini vaxtilə “Sözün Səxavəti” adlı yazımda geniş təhlil etmişəm.
44 günlük Vətən müharibəsində Qarabağlı dostlarıma , o cümlədən Seyrana tez-tez zəng vururdum, sevincimizi bölüşürdük. Bu qələbəni görmədən dünysını dəyişmiş dostlarımızı rəhmətlə xatırlayırdıq. Füzuli torpağı düşməndən təmizlənib və şükür ki, Seyran ata yurduna qayıda biləcək; həm də bu torpaqların azad olunması yolunda bədii və publisistik sözü ilə yorulmadan mübarizə aparmış ədəbiyyat fədaisi və ustad qələm sahibi kimi!..
Ad günün qutlu olsun, Seyran bəy!
 
Sabir Rüstəmxanlı
Bütöv yazını göstər
Back to top button
Close