Sabir Rüstəmxanlıdan Kamil Vəliyə cavab: “Millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm”

“Erməni qədər bizə çox yaxın (mədəniyyət, məişət, zövq…) ikinci bir millət yoxdur”. Bu fikirləri Azərbaycan-Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, professor Kamil Vəli Nərimanoğlu bildirib.

Azərbaycanlı alim daha sonra qeyd edib: “Bir əsas fərqlə. Biz ailəmizin vurğunuyuq, ermənilər öz millətini sevirlər, ona fəda olurlar… Biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini müqəddəs bilirik, erməni vətən qeyrətini müqəddəs bilir”.

Azərbaycanlı alimin fikirləri birmənalı qarşılanmayıb. Cənubi Qafqazın “qarayara”sına çevrilən, demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən, Azərbaycan torpaqlarında böyük güclərin dəstəyi ilə dövlət quran və bununla kifayətlənməyərək, digər ərazilərimizə də sahiblənməyə cəhdlər göstərən ermənilərin üstün keyfiyyətlər sahibi, üstəlik, bizə yaxın toplum kimi təqdim olunması tənqidi reaksiyalara səbəb olub.

Deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında Kamil Vəli Nərimanoğlunun fikirləri ilə tanış olduğunu bildirdi: “Bunu Mirzə Cəlil də yazıb, Mirzə Fətəli Axundzadə də. Nəsimədən üzü bəri ermənilərlə bağlı yazılıb. ”Əsli və Kərəm”-filan. Ermənilərlə bizim münasibətlərimizin yaxşı vaxtlarında yazıblar. Tarix boyu normal münasibətlər olub. Ermənilərlə bizim aramızda ziddiyyətlər və düşmənçilik, türkə erməni düşmənçiliyi əslində gizlin şəkildə kilsənin apardığı siyasətdə var idi. Amma bu, daha çox 18-ci yüzildən başlayıb – Rusiyanın cənuba doğru genişlənmək siyasəti və burada özünə həmfikir, ona yardım edən qüvvələr axtarmağa başlamasından. Bu zaman da daha çox xristianlıq amili əsas götürülüb, onunla eyni dindən olan gürcülərə və ermənilərə bel bağlayıb, onlarla əməkdaşlıq edib, müdafiə edib, türklərə və İslam dünyasına qarşı bəsləyib. 19-cu yüzildə Türkiyədə, Anadoluda açılan amerikan məktəbləri və Avropadan buraya gələn missioner təşkilatlar həm yunanlar, həm ermənilər arasında iş aparıb. Onlar ermənilər üçün xüsusi məktəblər açırdılar və o məktəblərdə türk düşmənçiliyini, ermənilər üçün uydurma tarix, uydurma ideallar, “üç göl arasında Böyük Ermənistan” xülyaları təbliğ edirdilər. Bunlar təbii ki, əsası olmayan tarix əsasında qurulmuş yalanlar idi və bütün bir xalqı illər uzunu bu yalanlara öyrətdilər. Yekunda dünyada bir “erməni məsələsi” ortaya atıldı. Guya ermənilərin burada problemləri var, o olmayan yerdə onun üçün dövlət yaratmaq lazımdır. Ermənilərlə düşmənçilik o dövrdən gəlir. Onlardan istifadə edərək müsəlmanın və türkün düşməninə çeviriblər”.

S.Rüstəmxanlı qeyd etdi ki, ermənilərlə düşmənçilik getdikcə gücləndiyi üçün Kamil Vəlinin dediyi “biz ermənilərlə yaxınıq” yanaşması artıq çox uzaq keçmişdə qalıb: “Bu gün ermənilərlə bizim yaxınlığımızın izləri, əlamətləri silinməkdədir. Çünki hər bir erməni uşağını türk düşməni kimi böyüdürlər, türk düşmənçiliyi təbliğ olunur. Musiqi, məişət yaxınlığımız var idi, onun hamısını ermənilər yer üzündən silib atmaqdadırlar. Çox vaxt ortaq şeyləri də öz adlarına çıxmağa çalışırlar. Ona görə də artıq yaxınlıqdan danışmaq çox çətindir. Mirzə Cəlil öz felyetonunda yazıb ki, erməni kilsəsinin həyətindən ”Vətən, vətən, vətən” sədası gəlir, Azərbaycan məscidində dəxli olmayan məsələlərdən söhbət gedir. Yəni bu müqayisələr həmişə gedib. Amma mən millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm. Azərbaycan xalqının da içərisində istənilən qədər taleyini, həyatını vətənə sərf eləmiş insanlar var, vətən sevgisi bizim cəmiyyətimizdə həmişə üstün dəyər sayılıb. Kilsə ilə bağlı məsələ var ki, erməni kilsəsi əlahiddə özünü xristian kilsəsindən ayırıb və erməni patriotizmini təbliğ edə-edə “vətənpərvərlik təbliğatı mərkəzinə” çevrilib. İslam aləmində bu yoxdur və buna ehtiyac duymayıblar. İslam aləmi insan sevgisini, qardaşlığı, yer üzündəki insanların bərabərliyini təbliğ edir, başqa millətə düşmənçiliyi təbliğ etmir. “Erməni vətənpərvərliyi”nin arxasında türkə düşmənçilik fikrini, bizim vətən sevgisini qabartmamağımızın arxasında böyük insan sevgisi və böyük humanizm dayanır. Fərq burdadır və bunu kim necə istəyir, o cür yoza bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bütöv yazını göstər
Back to top button
Close