Sabir Rüstəmxanlı:“25 ilin şeiri Vətən müharibəsində marşa çevrildi”

Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun qalib hərbçilərinin dağlıq ərazidə istirahət etdikləri anın video-görüntüləri yayılıb.

Video görüntülərdən məlum olur ki, həmin anlar ağır döyüşdən sonra lentə alınıb, əsgərlərimiz yorğundurlar və şəraitsiz şəraitdə iri daşları balış əvəzi istifadə edərək, dincəlirlər. Bu görüntlərin fonunda “Millətəm” adlı mahnı səsləndirilir və video qədər, həmin mahnı haqqında da sosial şəbəkələrdə müzakirələr edilir.

Peşəkarlıqla yazılan sözləri, mövcud ab-havaya uyğun bəstəsi ilə diqqət çəkən mahnının müəllifləri kimlərdir? Bu mahnı necə ərsəyə gəlib?

Musavat.com xəbər verir ki, “Millətəm” marşının sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi bəstəkar-müğənni Elçin Cəfərova, aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Layihənin prodüseri Vüqar Şəfiyev, rejissoru Orxan Əliyev, montajçısı isə Nemət Uğurdur. Marşı müğənnilər Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov, Ramal İsrafilov, Samir Piriyev, Emil Bədəlov, Elçin Cəfərov və Elton Hüseynəliyev ifa edib. Şeir hissəsini isə aparıcı Xəzər Süleymanlı səsləndirib. Layihə Qarabağ uğrunda savaşan əsgərlərə dəstək məqsədilə ərsəyə gətirilib. Oktyabrın 2-si təqdim olunan bəstə və klip sosial şəbəkədə paylaşılan gündən diqqət çəkib.

Musavat.com olaraq “Millətəm”in yaranış tarixçəsini daha ətraflı öyrənmək üçün müəllifləri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və onun kürəkəni, müğənni Elçin Cəfərovla əlaqə saxladıq.

Şeirin tarixçəsi barədə Musavat.com-a danışan Sabir Rüstəmxanlı bildirib ki, “Millətəm” marşı onun üç şeirindən götürülərək, bəstələnib: “ “Millətəm” şeiri 1995-1996-cı illərdə yazılıb, 24-25 ilin şeiridir. Bir çox şeir kitabımda çap olunub. Elçin Cəfərov şeirlərimi oxuyanda o şeirə mahnı bəstələməyə qərar verib. “Millətəm” marşı üç şeirimin birləşməsidir. Biri “Millətəm” şeiridir. Biri 1992-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın himni üçün yazdığım şeirdən parçadır. Digər hissə isə başqa şeirimdəndir”.

S Rüstəmxanlı marşı ilk dinləyənlərdən olduğunu deyib:
“ “Millətəm”i dinlədim, çox bəyəndim. Elçin gözəl bəstələyib, müğənnilərimiz gözəl oxuyublar. Hazırda Elçin “Qələbə” adlı şeirimə bəstələdiyi mahnı üzərində çalışır. Yaxın günlərdə bəstə təqdim olunacaq. İnşallah, o mahnı da uğurlu olar”.

Müğənni Elçin Cəfərov isə saytımıza açıqlamasında bildirib ki, “Millətəm” marşının sevildiyini görəndə qürur hissi keçirir:
“Sabir bəyin oxucularından biri də mənəm. “Millətəm” şeiri hisslərimə toxundu, musiqi bəstələdim. Bir günün içində ifa etdik, bir günün içində klip çəkdik. Mənimlə yanaşı marşı sənət dostlarım da ifa ediblər. İfa edəcək müğənniləri özüm seçdim. Bəstəmin əsgərlərin videoları ilə birlikdə təqdim olunması mənə qürur hissi verir. Bundan gözəl hiss ola bilməz.
Hazırda sözləri Sabir Rüstəmxanlıya aid olan “Qələbə” adlı mahnı üzərində çalışıram. Bu həftə mahnını təqdim edəcəyik”.

Könül İbrahim
Musavat.com

Bütöv yazını göstər
Back to top button
Close