Sabir Rüstəmxanlı: “Yaşım imkan versəydi, silah da götürərdim”
“Düzünü deyək” rubrikamızın qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır.
Bakıvaxtı.az söhbəti təqdim edir.
Dövlət idarəçilik sistemində müəyyən islahatlar aparıla bilər
– Sabir bəy, Azərbaycanda Prezident seçkisi başa çatdı. Ölkə başçısı İlham Əliyev yüksək səs faizi ilə yenidən Prezident seçildi. Bütün seçkilərdən sonra bir dəyişiklik, yenilənmə gözlənilir. Sizcə, bu dəfə ölkəmiz, cəmiyyətimiz nə kimi dəyişiklik və yenilənmənin şahidi olacaq?
– Azərbaycanın həyatında yeni bir dövr başlayır. Şübhəsiz ki, yeni era dedikdə ordunun güclənməsi nəzərdə tutulur. Bundan başa, sərhədlərimizin təhlükəsizliyi daha möhkəm qorunacaq.
Qarabağda, elə bil, yenidən bir dövlət qurulur. Hər şey sıfırdan başlanıb. Orada böyük işlər həyata keçirilir. Şəhərlərimiz, kəndlərimiz bərpa olunur. Bu, az qala 50 illik bir proqramdır. Çox böyük işlər görülür və görülməkdə davam edəcək. Mövcud proseslərin hamısını başa çatdırmaq həm böyük vəsait, həm güc, həm də zaman istəyir. Bununla yanaşı, Azərbaycanın digər rayonlarında da abadlıq və quruculuq işləri aparılır.
– İnsanların sosial şəraitinin yaxşılaşdırılacağına dair də gözləntilər var…
– Bəli, ən başlıcası əhalinin işlə təmin olunması, rayonlarda iş yerlərinin açılması, torpaqların bərpa olunması, şoranlaşmanın qarşısının alınması, ölkənin su ilə təchiz olunması, Azərbaycanın neft və qaz asılılığından xilas olunmasıdır. Bütün bunların hamısı böyük işlərdir və görülməlidir. Dövlət idarəçilik sistemində, məxsusi olaraq, bölgələrin idarə olunmasında müəyyən islahatlar aparıla bilər. Bunların hamısı zaman tələb edən məsələlərdir. Düzdür, sözügedən istiqamətlərdə zaman-zaman müəyyən işlər görülür, amma görünür, sürət daha da artmalıdır.
Türk dünyasının Aİ-yə bənzər vahid birliyə çevrilməsi yönündə işlər görməliyik
– 44 günlük Vətən savaşındakı qələbədən sonra ölkəmizə qarşı beynəlxalq təzyiqlər də gücləndi. Səbəb nədir və nə etməliyik?
– Doğrudur, Qarabağ zəfərindən sonra “üstümüzə gələnlər” çoxdur. Azərbaycanın öz torpaq bütövlüyünü təmin etməsi, ermənilərin özlərinin ərazilərimizdən köçüb getməsindən sonra bir sıra ölkələrin Azərbaycana münasibəti dəyişilib. Bizə qarşı qəzəblidirlər. Beynəlxalq hüquqa, ölkələrin öz torpaqlarına sahiblənmək hüququna sayğısızlıq var. Bunu nəzərə almırlar. Azərbaycan bütün bunların qarşısında dayanmalıdır. Bunun üçün ölkədə milli birlik, vətəndaş birliyi, ordu, iqtisadiyyat güclü olmalıdır.
– Beynəlxalq əlaqələrin möhkəmlənməsi istiqamətində hansı addımlar atılmalıdır?
– Kənar təzyiqlərə baxmayaraq, biz onlardan qaça bilmərik. Beynəlxalq əlaqələrimiz kəsilə bilməz. Demokratiya və insan haqları istiqamətində müəyyən addımlar atmaqla əslində bu münasibətləri yumşaltmalıyıq və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu qoruyub saxlamalıyıq.
– Yeni erada Türk dünyası ilə bağlı nə kimi işlər görülməlidir?
– Türk dünyası ilə əlaqələri genişləndirməliyik. Özəlliklə Türkiyə ilə münasibətlərimizi daha da möhkəmləndirməliyik. Türk dünyasının Avropa İttifaqına bənzər vahid birliyə çevrilməsi yönündə ciddi işlər görməliyik.
Ermənistan getdikcə anlayacaq ki, sülh müqaviləsindən başqa yolları qalmayıb
– Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı da düşüncələriniz maraqlıdır. Bir tərəfdən sülh danışlarından bəhs olunur, digər tərəfdən Zəngilan istiqamətindən əsgərlərimizə atəş açılır…
– Bu, ağır prosesdir, hələ belə güllələr açılacaq. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması istiqamətində yubatmalar olacaq. Ermənistanın daxilindəki “Qarabağ klanı”nın adamları daim Ermənistan və Azərbaycanın yaxınlaşmağına mane olacaq. Bütün bunlar məlumdur, amma sülh prosesinin qarşısını almaq mümkün olmayacaq. Müharibə bitib, hər kəs torpağında oturub, öz dövlətinin gələcəyini düşünür. Bu gələcək də qonşularla normal münasibətlərdən asılıdır. Rəsmi İrəvan bunu dərk edəcək. Sülh Azərbaycana da, Ermənistana da lazımdır. Buna rəğmən Ermənistan gələcək taleyini İrana, Fransanın ona olan himayədarlığına bağlayır. Ancaq onun ətrfaında Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan var. Rəsmi İrəvan bu ölkələrlə də əlaqələrini qurmalıdır ki, dövlətini inkişaf etdirsin. Onlar getdikdə bunu daha yaxşı dərk edəcəklər. Anlayacaqlar ki, sülh müqaviləsindən başqa yolları qalmayıb.
– Fransanın adını çəkdiniz, bilirik ki, bu ölkənin “canfəşanlığı” nəticəsində Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dondurdu. Rəsmi Paris niyə və nədən narahatdır?
– Fransada əleyhimizə danışanların əksəriyyəti oradakı ermənilərin qohumları, yaxınlarıdır. Orada erməni lobbisi və diasporu güclüdür. Onların pulu ilə danışan lobbi təşkilatları var. Ermənistan və Fransanın ənənəvi, köhnədən mövcud olan əlaqələri var. Üstəgəl, Fransa Avropada öz nüfuzunu gücləndirməyə çalışır. Böyük Britaniya Avropa Birliyindən çıxandan sonra Fransa özünü əsas söz sahibi kimi aparmaq istəyir. Ona görə də nə zaman ki Azərbaycanla Ermənistan rəsmiləri arasında Brüsseldə danışıqlar baş tutur, dərhal Fransa özünü ora pərçimləməyə çalışır.
Fransanın çox ciddi liderləri olub, indiki prezidenti Emmanuel Makron onların yanında təcrübəsiz uşağa bənzəyir. Bilmədiyi məsələ və proseslərdən danışır. Azərbaycan öz torpaqlarını separatçılardan təmizləyəndə, işğalçıları torpaqlarımızdan qovanda, Makron bəyanat verirdi ki, Azərbaycan işğaldan əl çəkməlidir. Çoğrafiyadan xəbəri yox, tarixdən xəbəri yox… Parisdə oturub, elə bilir ki, dünya Fransadan ibarətdir. Onun yanlış siyasəti Qafqazdakı münasibətləri gərginləşdirir. Makronun addımları sülhyaratma işinə deyil, gərginliyə xidmət edir və Fransanın nüfuzdan düşməyinə səbəb olur. Ona görə də Fransanı yavaş-yavaş Afrikadan qovurlar və addım-addım geri çəkilir. Dünya elə bir nöqtəyə gəlib çıxıb ki… Müstəmləkəçilik siyasəti yürüdənlərin sonu başlayır. Bu gün heç bir xalqı zorla əsarət altında saxlamaq olmaz. Belə bir müddətdə Fransa Ermənistanın deyil, özünün qayğısına qalmalıdır.
Ədəbiyyatı AYB deyil, konkret şəxslər yaradır
– İkinci Qarabağ savaşından sonra qeyd olunurdu ki, qələbəmizlə bağlı sanballı nəsr və nəzm əsərləri yaradılmır. Hətta Azərbaycan Yazıçılar Birliyi (AYB) də qınanılırdı ki, istedadsız adamları ora toplayıblar, ancaq ortada nə “fal var, nə də yumurta”. Bu iradlarla razılaşırsınızmı?
– Əvvəla, ədəbiyyatı AYB deyil, konkret şəxslər yaradır. AYB ədəbiyyat adamlarının nümayəndələrinin bir araya gəldiyi məkandır. Bütün bu məsələlərin günahını AYB-də görmək cahillikdir, bu təşkilatın işindən xəbərsizlikdir. Hesab edirəm ki, belə bədgümanlıq doğru deyil. Ədəbiyyatımız bütün məsələlərə həmişə cavab verib. Həyatımızın elə bir sahəsi yoxdur ki, ədəbiyyatımızın iri gözlərindən kənarda qalsın. Zəfərimizlə bağlı şeirlər, oçerklər, poemalar yazılır. Müxtəlif kitablar çap olunur, bunları görməmək olmaz.
-Siz özünüz nələri qələmə almısınız?
– 2020-ci ildə, müharibə qurtarandan sonra “Qarabağa dönüş” adlı iri həcmli poema yazdım və bunu Qarabağ qələbəsinin ilk iri həcminli dastanı adlandırırlar. Böyük bir poemadır, onu kitab kimi buraxdım. Kitabın özündə də rəylər var və sonra da bu poema haqqında yazılar yazıldı. Dəfələrlə nəşr olunsa da, əlimdə heç biri qalmayıb.
Qazilərlə bağlı şeirim var. Ağdama ilk gedişimdə böyük bir publisistik yazı yazdım.
Bundan başqa, Füzuli və Şuşa ilə bağlı qeydlərimi yazmışam.
Hərə öz ruhundan çıxış edib, Qarabağ zəfərimizə münasibət bildirib. Savaş zamanı əsgərlərin dilində ən çox populyar olan “Çəkil torpağımdan, ey yağı düşmən!” marşı mənim sözlərimə yazılıb, sonuncu Zəfər marşının da sözləri mənə məxsusdur. Bir şair müharibədə bu cür iştirak edə bilər. Yaşımız imkan versəydi, silah da götürərdik, təəssüf ki, buna imkan yoxdur.
Ayyət Əhməd