Sabir Rüstəmxanlı 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.
VHP mətbuat xidmətinin məlumatına görə, təbrikdə deyilir:
Əziz xanımlar!
Sizi 8 Mart Beynəlxaq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə xoşbəxtlik arzulayıram.
Yaşı yüz ildən də artıq olan bu bayramın qeyd edilməsində məqsəd qadınların ailədə və cəmiyyətdə hüquqlarının tanınması, onların layiq olduğu qiymətin verilməsidir. Ancaq türk təfəkküründə qadın hüququnun tanınması deyilən bir anlayış olmayıb. Çünki xanımlarımız öz ərləri, həyat yoldaşları ilə bərabər ailənin məsuliyyətini daşıyıb, Xaqanın xanımları – xatunlar isə dövlətlərin, imperiyaların idarə edilməsində, taleyüklü qərarların verilməsində önəmli rol oynayıblar. Tarixən türklər ananı müqəddəs sayıb, “Ana haqqı Tanrı haqqı” deyib və xanımın cəmiyyətdəki mövqeyini qoruyublar.
Yalnız Ərəb xilafəti zamanında xanımlarımızın hüquqları qismən əlindən alınıb, amma mərkəzi idarəetmənin zəif olduğu türk elatlarında, ucqarlarda əski ənənə yenə də qorunub, eyibsiz türk xanımları çadra geyinməyib, tərəkəmə ənənəsini qoruyublar.
Təsadüfü deyil ki, ötən əsrin əvvəlində müstəqilliyini əldə edən kimi Azərbaycan Şərqdə ilk dəfə olaraq qadınların hüquqlarının bərpası istiqamətində addımlar atdı, onların seçib-seçilmək haqqını tanıdı. Çünki bu, türk əxlaqından, milli ənənədən gələn bir sifariş idi.
Hazırda xanımlarımızın dövlət idarəetməsində iştirakı, parlamentdə təmsilçiliyi də genişlənməkdədir və bunu cəmiyyətin normal qəbul etməsi də ənənələrə bağlıdır.
Əlbəttə, xanımların ictimai statusu ilə bərabər, övlad tərbiyəsindəki misilsiz xidmətini də unutmaq olmaz. Cəmiyyətin adət-ənənəni yaşatması, milli ruhun qorunması hər şeydən öncə ailədən, ana tərbiyəsindən başlayır və minillərin sınağından keçən bu böyük mədəniyyəti, dili, əxlaqı, milli kimliyi də yaşadan, övladlarına ötürən analarımız olmuşdur.
Hər bir kişinin arxasında qadın dayandığı kimi, cəmiyyətdə sayılıb-seçilən hər bir xanımın da arxasında ər dəstəyi dayanır və dayanmalıdır. Əlbəttə, bu güvənc ailədən başlayır və cəmiyyətə müsbət mənada böyük impulslar verir.
Əziz xanımlar!
Bir daha sizləri təbrik edir, ailə səadəti, xoşbəxtlik arzulayır, əmin-aman cəmiyyətdə yaşamağınızı diləyirəm.