Sabir Rüstəmxanlı: “Putin o siyasətçilərdən deyil ki, yolun yarısında…”
“Əslində Rusiyanın mövqeyi Vladimir Solovyov və ya digər tok-şoularda səslənən fikir deyil. Rusiyanın mövqeyi cənab Vladimir Putinin mövqeyidir. Putin də son dərəcədə realist və vəziyyəti düzgün qiymətləndirən, habelə Azərbaycanın haqlı olduğunu görən mövqe ifadə edib. O mənadakı savaş Azərbaycan ərazisində gedir, nə vaxtsa müharibə Ermənistan ərazisinə keçərsə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu barədə düşünər”.
Bunu Reyting.az-a VHP sədri, deputat Sabir Rüstəmxanlı Rusiyanın Qarabağ münaqişəsi və hazırda davam edən müharibəyə münasibət bildirərkən deyib.
S. Rüstəmxanlının sözlərinə görə, Putin açıq deyir ki, Azərbaycan torpaqlarının işğalı 30 ildən artıq sürə bilməz, bu rayonlar azad edilməlidir.
Deputat əlavə edib ki, Minsk qrupu da Qarabağ problemini 28 il müddətində həll edə bilməyib və başqa ölkələr də bunu bacarmayıb: “İndi bunu Azərbaycan Ordusu edir. Özü də dünyanın gözü qarşısında!”
VHP sədri Rusiyadan Ermənistana ötürülən silahlar məsələsinə də toxunub: “Vladimir Putinin çevrəsi ermənilərlə doludur. Kremldə, Rusiya prokurorluğunda, hüquq-mühafizə orqanlarında kifayət qədər erməni var və onların da əlləri hər yerə çatır. Dövlətin mövqeyi olmasa da, onlar Ermənistana silah göndərə bilərlər.
İkincisi, Ermənistanın xeyli iş adamı, Rusiyada milyarder ermənilər var ki, onların da öz vəsaitləri ilə silah alıb Ermənistana göndərməsi mümkündür. Mən məsələyə bu cür baxıram.
O da mümkündür ki, Rusiya üzdə Ermənistana dəstək vermir, amma Ermənistanda Rusiyanın hərbi bazası var və ilboyu ora silahlar gətirilir. Bura Rusiyanın hərbi bazası olsa da, işçilərin çoxu ermənidir. Onların əli ilə silahlar çıxarılaraq Qarabağa göndərilə bilər. İntəhası bu silahlar Qarabağa gətirilsə də, Azərbaycan Ordusu tərəfindən məhv edilir”.
S. Rüstəmxanlı əmindir ki, Rusiya rəhbərliyi sona qədər bu məsələdə bitərəfliyini qoruyacaq: “Rusiyanın prosesə müdaxilə mərhələsi keçib. Vladimir Putin də o siyasətçilərdən deyil ki, yolun yarısında mövqeyini dəyişsin”.
Reyting.az