Sabir Rüstəmxanlı: “Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi”

İyunun 24-də mərhum prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.

Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.

İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Elçibəylə bağlı tarixi günlərin hər birində bir sıra ənənəvi müzakirələr hər zaman gedir. Onlardan biri budur ki, vaxtilə Bakı Dövlət Universitetində dərs deyən bir ali məktəb müəllimi bir anda xalq hərəkatının liderinə necə çevrildi? O zaman meydanda, tribunada olduqca populyar və sevilən simalar var idi. Amma onların heç biri liderlik mərtəbəsinə qalxa bilmədi.

Elçibəyi sevdirən, lider edən keyfiyyətləri nə idi?

Azərbaycan milli azadlıq hərəkatının öncül isimlərindən olan, xalq şairi, VHP sədri, deputat Sabir Rüstəmxanlı bunları dedi: “Elçibəy xalq hərəkatından öncə də çıxışlar edirdi. Bizim ən müxtəlif yerlərdə yığıncaqlarımız, iclaslarımız olurdu. ”Çənlibel” dərnəyini misal çəkə bilərəm. Bizim yaratdığımız “Varlıq” birliyi var idi. Cəmi 15 nəfər birlikdə təmsil olunurdu. Elçibəy də orada idi. Tez-tez məsləhətləşirdik. Onun universitetdə dərs deyərkən milli mövqedən çıxış etməsi, ölkənin gələcəyi ilə bağlı fikirlərini cəsarətlə çatdırması gənclər arasında ona çox hörmət gətirmişdi. Bunu inkar etmək olmaz. Xalq hərəkatı vaxtı yaradılan komitələrin, birliklərin üzvü idi. Amma meydanda görünmədi. Səhv etmirəmsə, cəmi bir dəfə çıxış etdi. O, gəncliyin etimad göstərdiyi, həbsdə yatan bir şəxs kimi sayğı və hörmət qazanmışdı. Meydan böyük bir hərəkat, qüvvə idi. O qüvvənin təşkilata çevrilmə prosesi bir az ayrı idi. Orada artıq müxtəlif adamlar yığışmışdı. Burada subyektiv amillər də mühüm rol oynayırdı. Liderlik məsələsindən əvvəl Nemətlə məni az qala üz-üzə qoymuşdular. Haqqımızda müxtəlif şayiələr gəzdirirdilər. Bunun kim tərəfindən idarə olunduğu barədə bir söz deyə bilmərəm.

Amma belə bir proses cərəyan edirdi. Xalq Cəbhəsi yaradılanda birbaşa meydan liderləri yox, ilk konfransda iştirak edən adamların seçdiyi adamların seçkisi olmuşdu. Yusif Səmədoğlu və Əbülfəz Elçibəyin namizədliyi irəli sürülmüşdü. Sonda Elçibəyin üstündə dayanmışdılar. O, Xalq Cəbhəsinin ilk sədri oldu. Bu da onu milli azadlıq hərəkatının liderinə çevirdi. Belə bir fikir yaranmışdı ki, bu işi, prosesi elə əvvəldən Elçibəy başlayıb və sonradan onun məhz lideri kimi fəaliyyət göstərir. Elçibəyin orada olan xidmətini heç cür danmaq olmaz. Amma etiraf edək ki, bu hərəkatın təməlində, proseslərin mərkəzində bir adam dayanmırdı. Tələbələrin, alimlərin kütləvi bir hərəkatı idi. Bu, Qarabağda ermənilərin başlatdığı proseslərə qarşı başladılmışdı. Öz torpağını qoruma hərəkatı idi. Sadəcə, sonradan təşkilatlanma oldu və seçki yolu ilə Elçibəy sədr seçildi. Onu da deyim ki, həmin proseslərin əsas xarakteri milli hərəkat olması idi. Elçibəydə də milli təəssübkeşlik, milli mənafelərlə bağlı mövqe qəti idi. Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi. Onun haqqında fikirlərimi “Elçibəyin xəstəliyi” haqqında yazımda yazmışam”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütöv yazını göstər
Back to top button
Close