Sabir Rüstəmxanlı: “Elə bil, ilham pərisi də karantində idi…” (MÜSAHİBƏ)

Ordumuzun Qarabağda başlayan anti-terror əməliyyatından qabaq xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdan aldığımız müsahibəni döyüşlər səbəbiylə bir az ləngitsək də, əldə etdiyimiz qələbələrimizdən sonra dərc etməyimizdə yəqin ki, bir zərər olmaz. Müsahibədə Sabir bəy deyir:

“Hər tərəfdən dəstəklənən düşmən, bəlli olmayan yerlərdən maliyyələşən layihələr, bizə dəxli olmayan ittihamlar, yalanlar… Hamısı bizi, xalqımızı parçalamaq üçündür. Amma bu millət bunları qəbul etmir. Etməyəcək də. Bu sarıdan nikbinəm”.

Bugünkü qələbələr də xalq şairinin sözlərini təsdiqləyir, vətən qarşı-qarış işğaldan azad edilir…

 

Qaynarinfo həmin müsahibəni təqdim edir:

 

– Sabir bəy, 2020 bir növ bəşəriyyətin həbsiylə başladı. Pandemiya dünyada hökmranlıq etməyə başladı. Fərq qoymadan dövlətlərin, ölkələrin, eləcə də insanların əl-ayağını bir yerə yığdı. Ancaq belə fikirlər də var ki, karantinin mənfi tərəfləri kimi hansısa mənada müsbət tərəfləri də olub.

– Karantin əlbəttə, çətin bir psixoloji sınaqdır. Bütün dünyada insanların əl-ayağını yığışdırdı. Hamıya mənfi təsiri oldu. O cümlədən mənə də. Məsələn, səfərlərin qarşısı alındı, müəyyən işlər dayandı, edə bilmədik. Müsbət cəhəti elə də çox deyil. Ən azından mənim üçün olmadı. Amma nə etmək olar? Məcburuq bu dönəmi adlamağa… Sadəcə, dediyim kimi, bu qədər uzun sürməsi ilə insanlarda psixoloji gərginlik yaratdı, işlərimiz də müəyyən qədər pozuldu. Problem çoxdur. Nə qədər desən danışmaq olar. Virusun özünü də əvvəldən ciddi qəbul etmədik, inanmadıq, ancaq öz yaxınlarımız tutanda hiss elədik ki, bu, həqiqətən də var. Həm insanlar tərəfindən, həm də qaydaları tətbiq edənlər tərəfindən uyğunsuzluq, boşluq oldu. Məsələn, təbiətlə təmas, insanların rayonlara getməsi məhdudlaşdırılmamalı idi. Kimin ağlına gələrdi ki, bu virus bütün dünyanı cənginə alacaq? Ümid edirəm, indən belə hər şey yaxşı olacaq.

 

– Yaradıcılıq həyatınızda faydası oldumu? Yazdığınız hər hansısa bir əsər varmı, istər pandemiya ilə bağlı, istərsə də ümumi.

– Publisistik yazılar yazdım, ancaq karantinlə və xəstəliklə bağlı heç bir bədii əsər yazmadım… Elə bil, ilham pərisi də karantində idi. (Gülür) Yanlız avqustun ortasından sonra nəfəsim açıldı, öz işlərimə, yazılarıma qayıda bildim. İctimai-siyasi məsələlərə, gündəmə münasibət bildirməyimdə fasilə yaranmadı, “Ədəbiyyat qəzeti”ndə “Savaş bitməyib hələ” yazım çıxdı, məqalələrim dərc edildi. Millət vəkili seçildiyim Neftçala rayonuna dəfələrlə baş çəkdim, maraqlandım, insanlara bacardığım qədər yardım elədim. Amma deyim ki, bunlar karantində də, normal vəziyyətdə də gördüyüm işlərdi. Həmişə heç nəyə baxmayaraq, mövqeyimi ortaya qoymuşam, qoyacam da. Digər məsələlər məni elə də maraqlandırmır.

 

Bir şey də deyim. O vaxt Xalq Cəbhəsini qurulurdu. Biz qururduq. Aydın Məmmədov hərdən zarafata deyirdi ki, neynirsən bu təşkilatları? Sən özün ayrıca bir cəbhəsən… İndi, onun sözü olmasın, mən öz yolumu davam etdirirəm. Düşünürəm, özünü ziyalı sayan hər kəsin işi millətinin yolunu aydınlatmaq, işıqlandırmaqdır, haqsızlığa, ədalətsizliyə göz yummamaqdır. Vaxtı ilə biz meydana çıxanda hələ indiki siyasətçilər ortada yox idi. Onda bir şeir yazmışdım:

 

Neçə yazılmamış şeirlərimi

Atdım meydanların izdihamına,

Qatdım millətimin gur ilhamına.

Bircə söz saxladım, “Azadlıq” sözü

Dönüb yumruq olmaq öyrətdim ona.

 

Bəzən deyirlər ki, yazıçının, şairin işi öz ədəbi yaradıcılığıdır, iş yeri masasının arxasıdır. Məncə, bu, düzgün deyil. Məsələn, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”u və digər musiqi əsərlərini yaza-yaza, bütün proseslərin içində olması, mətbuatda ardıcıl çıxış etməsi, milli taleyimizlə bağlı publisist yazılar yazması, sonra Xalq Cümhuriyyətinin “Azərbaycan” qəzetini buraxması, felyetonları və s. onun həm də xarakterindən xəbər verirdi. Hərdən mənə elə gəlir ki, o bunları yazmasa, heç sonradan “Koroğlu”nu da yaza bilməzdi.

 

– Sabir bəy, son dövlər həmkarlarınızın bəziləri cəmiyyəti qıcıqlandıran açıqlamalar verir. Məsələn, deyirlər, millət vəkili olsaq da, siyasətə qarışmırıq. Necə düşünürsüz, belə olmaq lazımdırmı? Məsələn, Zeynəb Xanlarova dedi ki, 35 ildir millət vəkili olsam da, siyasətdən uzaq dururam.

– Zeynəb xanım bizim görkəmli sənətkarımızdır, musiqimizi dünyaya yayırdı. MM-də həmişə xalqın mövqeyindən danışmağa çalışırdı. İstəsə də, siyasətdən kənarda qala bilməzdi. Millət vəkili siyasətdən kənar qala bilməz, o, ilk növbədə siyasətçi olmalıdır. Mən heç millət vəkili olmayanda da millətimin sözünü demişəm, milli siyasətdən kənar olmamışam. Zeynəb Xanlarova da həmişə mədəniyyət siyasətimizin təmsilçisi olub. Öz sözü, səsi, sənəti ilə. Həm də, siyasətçi deyiləndə ancaq partiya lideri nəzərdə tutulmur ki. Fərqli sahələr var. Xalq səni öz vəkili seçibsə, sən 5 il siyasətlə məşğul olacaqsan, olmalısan.

 

– Bir müsahibənizdə demisiniz ki, qəhrəman olmaq bütün dövrlər üçün çətindir. Sizcə, bunu indiki dövrə aid etmək olarmı? Bəlkə yanılmısınız sözünüzdə? Məsələn, indi ən vicdansız adam da hər hansısa bir siyasi çıxışı ilə xalqın qəhrəmanı ola bilir, hətta olur da…

– Bizdə bəzən cəsarətlə qəhrəmanlığı səhv salırlar. Ola bilər ki, sən çıxıb 5 nəfərin içində onların deyə bilmədiyi bir sözü deyərsən. Bu, qəhrəmanlıq deyil. Cəsarət ola bilər ancaq. Yəni, bunları səhv salmaq olmaz. Cəsarət ritorika, danışıqdırsa, qəhrəmanlıq daha çox əməldir, ölümü, sonucu düşünmədən atılan addım, ehkamları, qorxu çərçivələrini qırıb-tökən fırtınadır. Məsələn, 1988-ci ildə SSRİ-nin qılıncının dalı-qabağı kəsən vaxta xalqın meydana çıxması, 18 gün orda baş verənlər qəhrəmanlıq idi və mən o qəhrəmanlıq dramının baş qahrəmanı idim. Çünki ölümün üstünə gedirdik, Cavidin, Müşfiqin taleyini qəbul edərək, boynumuza kəfən taxaraq danışırdıq… SSRİ dağılmasa, zirzəmilərdə çürüyəcəkdik… “Bu kürsüdən düşən kimi tutub aparacaqlar” düşüncəsini boğub, bir imperiyanı mühakimə etmək, xalqın on illər boyu fikrindən belə keçirməyə qorxduğu həqiqətləri dilə gətirmək əsl qəhrəmanlıq idi. 18 gün meydanı Nemətlə birgə idarə etmişdik. Sonra gördülər bizə bir şey olmadı, hamı kürsüyə can atdı. Buna biz yol açmışdıq, cığır salmışdıq. Yaxud, 43 nəfər Azərbaycanın müstəqilliyinə səs vermişdik… Bu adamlar təbii ki, qəhrəmandırlar. Amma bu gün ortaya yalançı qəhrəmanlar atılır.

Bir şey də var. Həmin qəhrəman xalq hələ ki məğlub durumdadır. Əsas bunu unutmaq lazım deyil. Torpaqlarımız işğal altındadır. Bu millət təbiət etibarı ilə qəhrəmandır. Bizi tarixən nə qədər sıxdılar. Hərə bir tərəfdən üstümüzə gəldi, böldülər, nələr oldu, nələr. Amma xalq ayaq üstə qala bildi. Zehnini dəyişsələr belə, bu millət ayaqdadır. Bu, elə-belə iş deyil. Qəhrəmalıq ruhu ölməyib. İndi də bu oyunlar gedir. Hər tərəfdən dəstəklənən düşmən, bəlli olmayan yerlərdən maliyyələşən layihələr, bizə dəxli olmayan ittihamlar, yalanlar… Hamısı bizi, xalqımızı parçalamaq üçündür. Amma bu millət bunları qəbul etmir. Etməyəcək də. Bu sarıdan nikbinəm.

– Sabir bəy, ən başından bəri fəaliyyətiniz hər kəsə məlumdur. Uzun illərdir ki, millət vəkilisiniz, müəyyən dairələrdə çalışmısınız. Mənə maraqlıdır, nə vaxtsa olubmu bezəsiniz? Bir yaradıcı adam kimi uzun illər rəsmiyyətçilik, qalstuk həyatı sizi narahat edibmi?

– Vəzifədən, millət vəkilliyindən asılı olmayaraq, daxilən azad adamam. Ümumiyyətlə, insan azad olmalıdır, xüsusilə də yaradıcı adam. Bunun üçün bir neçə amil var. Təbii ki, hamı belə ola bilmir. Ziyalılıq, yazıçılıq bir az da iqtisadi təminatdan asılıdır. Bir idarədə 300 manata işləyən yazıçı-şair təbii ki, tam azad ola bilməyəcək. Maddı asılılıqdan azad olmalısan ki, sözünü sərbəst deyə biləsən. Buna görə də bu gün dünyanın hər yerində qələm sahibləri, cəmiyyətin barometri sayılan adamlar qorxu içində yaşayırlar… Mən ən gənc yaşlarımdan belə olmuşam, fikrimi çəkinmədən, cəsarətlə deməyə öyrəşmişəm, həmişə də azad olmuşam. Elə indi də.

 

– Həm də xalq şairisiniz. Bəs, bu adlar bizə lazımdırmı? Xalq yazıçısı, xalq şairi… Düşünürmüsünüz ki, artıq bu adlar yığışdırılmalıdır? Onsuz da insanlar tərəfindən sevilən yaradıcı adamları xalq özü belə adlandırır, dəyərləndirir, ziyalı bilir. Məsələn, bir vaxtlar Ramiz Rövşən haqqında hamı belə deyirdi. Amma nədənsə, xalq şairi olandan sonra ona olan münasibət də qismən dəyişdi…

– Sənin onunla bağlı bir yazın var idi, qarşıma çıxmışdı, oxumuşdum. Amma mövqeyin yanlış idi. Yazmışdın, o adı alana qədər müəyyən proseslər olur. Mən də almışam o adı. Heç bir öhdəlik götürməmişəm, mövqe dəyişməmişəm. Xəbərim olmayıb heç. İndi kimsə hakimiyyətin yanındadırsa, imtiyazlar əldə edirsə, bu, o demək deyil ki, buna görə ad alır. Ramiz Rövşən də o ada layiqdir, Musa Yaqub da. İstəyərdim xaricdə yaşayan Məmməd İsmayıla da verilsin bu ad.

 

– Bir şair kimi, yazıçı kimi AYB-nin fəaliyyətinə münasibətiniz necədir? Sizcə, bu qurum ədəbiyyatımızı yetərincə təmsil edirmi? Yoxsa boşluqlar çoxdu? Ümumiyyətlə, Yazıçılar Birliyi olmasa, Azərbaycan ədəbiyyatı nəsə itirərmi?

– Anar haqqında da, AYB haqqında da danışmaq mənim üçün çətindir. Anar mənim dostumdur, xətrini çox istəyirəm. Neçə ildir yanaşı yol gəlirik. Ən əsası ədəbiyyatımızı Azərbaycandan da kənarda ləyaqətlə təmsil edən söz ustası və dəyərli ziyalıdır. Mən Anarı yaxşı başa düşürəm. Anar yazıçı kimi də, dramaturq kimi də, hətta araşdırmaçı kimi də böyük adamdır. Dədə Qorqud araşdırmaları onun hərtərəfli və böyük istedadının göstəricisidir. Anarın AYB ilə bağlı arzuları, istəkləri var. Ədəbiyyat adına işlər görür. Anar kimin əlindən tutub deyir ki, yazma? Doğurdanmı Anar getsə, hamı dünya səviyyəli əsər yazacaq? Və yaxud AYB ləğv olunsa nə olacaq? Anar indi səbəbi bilinməyən bir mövzuya çevrilib. Yaxında qurultay olacaq. Yəqin ki, gedər. O, özü də yazmışdı ki, ədəbiyyat üçün etmək istədiyim şeylər var. Onları edim, gedəcəm. Məncə, AYB-nin sorunu Anar deyil, ondan xəbərsiz nələrsə edənlərdir. Məsələn, problemin biri ora elə kim gəldi, qəbul olunmasıdır. İki mindən çox üzvü var. Bu qədər yazarımız var? Təsəvvür edin, AYB yoxdur. Anar bütün hallarda ədəbiyyat üçün böyük işlər görüb. Düşünürəm, bunu zamanla hamı görəcək. Təbii ki artıq yaşlanıb, həm də yəqin yazacaqları da var. Müvafiq bir qərar qəbul edər. Hazırda yaradıcı ittifaqların qorunması Azərbaycanın uğurudur. İstər AYB olsun, istər Bəstəkarlıq Birliyi və.s. Bu qurumların hesabına ədəbi proses, yaradıcılıq işləri oxuculara çatdırılır, ədəbi qəzet və dərgilər çıxır. Bunlar məhz Birliyin hesabına yaşayır. Mən özüm həmişə onları oxuyuram, yeni yazılar, imzalar da görürəm. Bəlkə də başqa ölkələrdə bu mətbuat orqanları özünü maliyyələşdirə, müstəqil çıxa bilər, bizdə dövlət dəstəyi olmasa, bu, mümkün deyil…

 

– Qurucusu olduğunuz Vətəndaş Həmrəyliyi Partiyasının 28 yaşını qeyd etdiniz. Uzun ömürlü partiyadır və arzu edirik ki, belə də olsun. Necə düşünürsünüz, partiya olaraq qarşıya qoyduğunuz bütün məqsədlərə çatmısınızmı? Təbii ki, işlər göz qabağındadır, amma bu illər ərzində partiya olaraq yarımçıq qalan, etmək istəyib də edə bilmədiyiniz işlər varmı?

– Təşəkkür edirəm. Bəli, uzun ömürlü partiyadır. Amma təbii ki, hər şeyə nail olmamışıq. Görə bilmədiyimiz çox iş var. Mən o vaxt müharibə olduğuna görə heç bir siyasi partiya yaratmaq istəmirdim. İstəyirdim bir olaq. Amma sonra ortaya başqa partiyalar atıldı, separatçılıq oldu və iş elə gətirdi ki, bu partiyanı qurdum, birlik arzusu ilə yaratdım. Təbii ki, onu da bilirdim, bilirdim ki, bütün insanlar ətrafımıza toplanmayacaqlar. Mən birlik, həmrəylik xəttinin üzərində dayandım.

 

Bir şey də deyim. Bizim öz yolumuz var, bu yola sadiqik və bu yol, amal uğrunda çalışırıq. 28 ildir ki, vətənimiz, millətimiz üçün işlər görürük və görəcəyik də. 1986-ci ildə Litvaya dəvət eləmişdilər. Qurultaya. Gördüm, orda SSRİ-nin dağılmasından danışırlar. Ondan öncə Polşaya getmişdim. Adam Mitskieviçin tərcüməçisi kimi mənə özəl bir sayqı vardı. Yeri gəlmişkən, deyim ki, onlar da mənə ad verib, Polşanın əməkdar mədəniyyət xadimiyəm. Moskvadan iki yoldaşım da vardı. Ancaq polyaklar rusları danışmağa qoymurdular. Orda Solidarnost Hərəkatı ilə tanış oldum. Həmrəylik hərəkatı idi. Həm o xatirələrlə, həm də Azərbaycanın durumunu görüb yaratdım bu partiyanı. O vaxta kimi bu söz bizim leksikonumuzda yox idi. İndi sevinirəm ki, hamı həmrəylikdən danışır… Bir sözlə, bizim məqsədimiz birlikdir. Millətin birliyi. O vaxt da elə idi, indi də belədir, belə də olacaq.

 

– Sabir bəy, bu partiya Milli Məclisdə təmsil olunan digər partiyalardan nə ilə fərqlənir?

– Partiyamızın rəhbərliyində həmişə ziyalılar çoxluq təşkil edib. Bu da bizim parlamentə düşməyimizə kömək olub. Məqsədimiz daim milli birlik olub, görülən işlər birlik uğrunda olub. Düşmənçilikdən, kor-koranə, aşırı radikalizmdən, mənasız ittihamlardan uzaq olmuşuq. Düşünürəm, digər partiyalardan həm də bunlara görə fərqlənirik.

– Yazıçı olmaq, yoxsa siyasətçi yazıçı?

– Mən siyasətçi yazıçı deyərdim. Yəni, özüm həm siyasətçiyəm, həm də yazıçı. Düşünmürəm ki, burda uyğun olmayan nəsə var. Mən belə düşünmürəm, siyasətlə ədəbiyyat arasında Çin səddi çəkilməsinin tərəfdarı deyiləm.

Xalqın ağır günündə, çətin vəziyyətində məhz ilk növbədə yazıçı-şairlər qabağa atılmalıdır. Mən öz adıma deyirəm, daim belə olmuşam və nə etmişəmsə də göz qabağındadır.

– Hazırda mütaliə edirsinizmi? Bəzi məmurlara sual verdikdə vaxt azlığını bəhanə edirlər. Amma məncə, bu, o qədər də mane olmaz. Təbii ki, oxumaq istəyən adam üçün. Sizdə necədir vəziyyət? Hər gün mütaliə edirsiniz, yoxsa vaxt olduqca?

– Vaxt məsələsi doğrudur, amma əsas deyil. Özümə gəldikdə isə bəli, hər gün oxuyuram. Vaxt az olsa da, on səhifə də olsa, mütləq oxuyuram. Kitablar daim evdə stolumun, işdə də gördüyün kimi, masamın üzərindədir.

 

– Hazırda hansı əsəri oxuyursunuz?

– Son iki-üç ayda oxuduğum kitabları deyim: Nəcib Məhfuz. “Məhəlləmizin hekayələri”, Daron Əcəmoğlu, Ceyms A. Robinson “Millətlər niyə tənəzzül edir”; Ece Günər Toprak “Ölkəm üçün çarə”; Yuval Noah Harari “XXI əsr üçün 21 dərs”; Karl Vaspers “Tarixin mənası və təyinatı”; Qurban Səid “Son peyğəmbər”; Salman Rüşdü “Şərq, Qərb”; Halil İnancık “Osmanlılar və xaçlılar”. İndi Milan Kunderanı oxuyuram. Yəni yalnız bədii əsərlər deyil oxuduqlarım…

– Gənc yazarları necə, oxuyursunuzmu? Daimi oxuduğunuz, bəyəndiyiniz kimlərinsə adını çəkə bilərsiniz?

– Hazırda özünün də masamın üzərində gördüyün kitab Şəhriyar Del Geraninindir. Özü gətirib hədiyyə verib. Bəli, oxuyuram. Həm sosial şəbəkələrdə, həm də qəzet və jurnallarda. “Azərbaycan” jurnalında maraqlı imzalar görürəm, “Ulduz” jurnalında da, “Ədəbiyyat” qəzetində də. Kimin kitabı əlimə keçirsə, gözdən keçirirəm. Kitabı da sağ olsunlar, özləri hədiyyə verirlər. Axtarmağa vaxt yoxdur, daha çox hədiyyə verilənləri oxuyuram (gülür).

Gözlə, öz kitabımdan bir şey göstərəcəm. (Kitabı gətirir). “Gəncliyə biganə yanaşmaq olmaz” adlı yazım var burda. Çoxdan yazılıb. Adlar yazmışam, oxuduğum müəlliflərfir: Salam Sarvan, Aqşin Yenisey, Faiq Balabəyli, Qəşəm Nəcəfzadə, Rasim Qaraca, Kənan Hacı, Pərviz Cəbrayıl, Orxan Fikrətoğlu, Nərmin Kamal, Fəxri Uğurlu, Zahir Əzəmət, Murad Köhnəqala, Sevinc Pərvanə, Fərqanə Mehdiyeva, Kəramət Böyükçöl, Emin Piri, Mina Rəşid, Əlirza Həsrət, Tərlan Əbilov, Mirmehdi Ağaoğlu və.s və ilaxır. Bunların içində sizə görə yaşlıları, mənə görə gənc olanları var. Bəziləri orta yaşlıdır. Adını çəkdiyim və çəkmədiklərim var. Hamısını oxumuşam, bəzilərinin kitabına da ön söz yazmışam. Şahanə Müşfiqin, Aysel Xanlar qızı Səfərlinin kitablarına ön söz yazmışam. İstedadlı gənclər çoxdur, oxumaq lazımdır.

 

– Bizə 3 ən sevdiyiniz yerli əsər adı deyin.

– Daimi oxuduğum kitab “Dədə-Qorqud”dur. Mirzə Ələkbər Sabirin “Hoppopnaməsi” də o cümlədən. Mirzə Cəlil də tez-tez müraciət elədiyim müəlliflərdəndir. Sonrakı dövr ədəbiyyatımızdan Mirzə İbrahimovun “Gələcək gün” romanının adını çəkə bilərəm, sevdiyim əsəridir. Sonra Sabir Əhmədli. Dünya ədəbiyyatından da xeyli tez-tez müraciət etdiyim əsərin adını çəkə bilərəm. Ancaq sayı üç kitaba endirmək çətindir.

 

– Özünüzün ən çox bəyəndiyiniz əsəriniz hansıdır ki, məsələn, iddia edəsiniz: bu əsər dünya səviyyəli əsərdir və bunu hər kəs oxumalıdır?

– Poeziyada “Qan yaddaşı” və ” Əbədi sevda”, publisistikada “Ömür kitabı”. Bir növ “pasport” kimi. Nəsrdə “Difai Fədailəri” və “Akademikin son əsəri”.

 

– Özünüzü bir cümlə, bir sözlə ifadə eləsəniz, bu cümlə, söz nə olardı?

– Bir bənd şeir deyəcəm, yəqin ki, anlaşılacaq.

“Kainat boydadır hər qum dənəsi

Suyun hər damlası okean kimi

Tarix ölçüsündə bir andır ömrün

Tarixlər ömrümdən keçdi an kimi”.

 

– Müsahibəni oxuyanlara nə demək istərdiniz?

– Demək istəyərdim ki, özümüzü sevək, ədəbiyyatımızı sevək, yaşlı və cavan fərq qoymadan öz ədəbiyyatımıza, dilimizə diqqətli olaq. Tarixinə, dilinə sayğı göstərməmək ən böyük mədəniyyətsizlikdir. Hər şey sevgidən başlayır. Özümüzü yenidən kəşf edək. Biz hələ də kəşf olunmamışıq. Nikbin olaq, həmrəy olaq, bir olaq…

Orxan Saffari

Bütöv yazını göstər
Back to top button
Close