Sabir Rüstəmxanlı: “Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir”
Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada parlamentdə təmsil olunan siyasi partiya sədrləri, Milli Məclisin komitə sədrləri və deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.
YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılması, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə milli həmrəylik amilinin müstəsna rolu olub: “İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz həmrəyliyini bütün dünyaya göstərdi”. VHP sədri Sabir Rüstəmxanlı “Siyasi dialoq və həmrəylik”, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Vətən Müharibəsi: xalqımızın haqq və şərəf işi”, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Müqəddəs savaş: cəsurluğun, şücaətin və vətənpərvərliyin təntənəsi”, YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu “Paralel baxış: Vətən müharibəsi və İnformasiya savaşı”, politoloq Eldar Namazov “Vətən müharibəsi və yekun tarixi reallıqlar” mövzusunda məruzələrlə çıxış edib.
Daha sonra Vətən müharibəsində qazanılan qələbədən çıxan nəticələr barədə çıxışlar olub, təkliflər səsləndirilib. Qeyd edək ki, təşkil olunan tədbirin adına və mövzusuna irad ola bilməz. Ancaq biz görürük ki, bu cür tədbirlərin ölkədəki dialoq mühitinə heç bir ciddi təsiri olmur. Yalnız deklarativ xarakter daşıyır. Bir çox hallarda bu cür tədbirlərə heç də bütün partiyalar dəvət edilmir, dəvət olunanların da heç də hamısı iştirak etmir. Parlamentdə təmsil olunan konstruktiv müxalifətin isə bütün müxalif cameənin adından danışması, təmsilçilik etməsi birmənalı qarşılanmır.
Elə sözügedən tədbirdə iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da çıxışında bu məqama toxunub. O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır: “Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti”ndə oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.