Sabir Rüstəmxanlı: “Cəbrayılda heç vaxt erməni kilsəsi olmayıb”

“Ermənilərin tarixləri, iddiaları, bir sözlə hər şeyləri saxtadır, indi də Cəbrayılda saxta kilsə araşdırırlar. Cəfəngiyyatdır! Cəbrayılda heç vaxt erməni kilsəsi olmayıb”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, köhnə səlib, xaçpərəstlik havası hələ də Qərbin başının üstündə dolaşdığı üçün kilsə onların yaralı yeridir: “Bu səbəbdən, “kilsə” sözü gələn kimi Qərb haqqı-nahaqqı unudur və heç bir araşdırma aparmadan erməniləri müdafiə etməyə başlayır. Cəbrayıl şəhərini çox yaxşı tanıyıram, oranın fəxri vətəndaşıyam.  Ermənilərin Cəbrayılda heç vaxt heç bir tarixi abidəsi olmayıb. Torpaqlarımız işğal altında olduğu dövrdə inşa etdikləri hansısa qondarma kilsə tarixi abidə sayıla bilməz. Bu abidə heç bir dəyəri və qiyməti olamayan bir şeydir. Yəni ermənilərin hay-küy salmasına heç bir əsas yoxdur. Onlar belə məsələlərdə, adətən, bizi qabaqlayırlar. Özləri bizim yüzlərlə abidəmizi dağıdıblar, amma bütün dünyaya qışqırırlar ki, Azərbaycan kilsəmizi “yox edib”. Ordumuz torpaqlarımızı azad edib. Ermənistan da bilməlidir ki, həmin ərazilər hüquqi cəhətdən Azərbaycan torpaqlarıdır və bizim torpaqlarda saysız-hesabsız qanunsuzluqlar törədiblər. Belə çıxır ki, torpaqdan əllərini üzdülər, indi də başlayıblar ki, erməni kilsələri “dağıdılır””.

S.Rüstəmxanlı əlavə edib ki, Qarabağdakı kilsələrin ermənilərə aiddiyatı yoxdur: “Ermənilərin təktük tikililəri var, onları da bilirik, tanıyırıq. Qalanları isə hamısı alban kilsələridir. Tarixi saxtalaşdırmaq olmaz. Ermənilərin bütün tarixləri, iddiaları, bir sözlə hər şeyləri saxtadır, indi də Cəbrayılda saxta kilsə araşdırırlar. Cəfəngiyyatdır! Fikrimcə, bu məsələyə ciddi yanaşmaq lazım deyil”.

Qeyd: Martın 25-də BBC News Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yayıb. Azərbaycan XİN YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edir.

Nəzrin Cavid  

Bütöv yazını göstər
Back to top button
Close