Sabir Rüstəmxanlı: “Bu yaxınlaşmalar iki dövlətdə yaşayan bir millətin tale, gələcək məsələsidir”.

Azərbaycanla Türkiyə münasibətlərində tarixdə heç vaxt olmadığı qədər bir yaxınlaşma, bütün istiqamətlər üzrə sıx müttəfiqlik prosesi müşahidə olunur. “Yeni Müsavat” xəbər verir ki, Tovuz döyüşlərində Azərbaycana verdiyi hərtərəfli siyasi dəstəklə sürətlənən bu əlaqələr indi yeni mərhələyə daxil olur.

Bəs informasiya siyasətində belə bir ciddi uzlaşma bizə nə verəcək, onun siyasi anlamı, töhfəsi nədən ibarətdir?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə yaxınlaşmalar, atılan addımlar, bağlanan sazişlər alqışlanmalıdır. Onun sözlərinə görə, təhsildən iqtisadi münasibətlərə, elmi-mədəni əlaqələrə qədər, bir sözlə, həyatın bütün sahələrini əhatə edən yaxınlaşmalar olmalıdır: “Çünki bu yaxınlaşmalar iki dövlətdə yaşayan bir millətin tale, gələcək məsələsidir. Ona görə media sahəsində ümumi platformanın yaradılması irəliyə doğru bir addımdır. Müstəqillikdən sonra bir çox sahələrdə ikitərəfli münasibətlərdə xeyli işlər görülsə də, həm Azərbaycan, həm Türkiyə bir-birinin televiziyalarına baxsa da, mətbuat, sosial şəbəkə seqmentində bu işlər qurulmayıb. Bu gün Moskva qəzetləri ala bilərik, amma Türkiyə qəzetləri əldə etmək mümkün deyil. Məsələn, rus kitab evi var, türk kitab evi də olmalıdır. Arxayınıq ki, bizi Türkiyədə yaxşı tanıyırlar, amma qardaş ölkədə Azərbaycan ədəbiyyatı kifayət qədər tanınmır, mətbuatımızda gedən proseslər dərindən izlənmir. Ona görə bu işlər yüksək səviyyədə qurulmalıdır”.

Onun sözlərinə görə, düşmənlərimiz ortaqdır, tariximizi saxtalaşdırmağa, bugünkü həyatımıza kölgə salmağa çalışırlar: “Bütün bunlara qarşı ictimai fikrin paralel aparılması lazımdır və yeni Media Platforması bu imkanı yaradır. Çünki erməni mətbuatı təkcə Azərbaycanı yox, Türkiyə tarixini də saxtalaşdırır, uydurma soyqırımı hər yerdə təbliğ edir, qondarma genosidi tanıtmağa çalışır və Türkiyəyə dünyada problemlər yaradır. Bu baxımdan bizə bir hədəf kimi baxırlar və iki qardaş ölkə informasiya siyasətində də birgə addımlar atmalıdır”.

Bütöv yazını göstər
Back to top button
Close