Sabir Rüstəmxanlı: “Bu, siyasi partiyalar üçün sınaq oldu”
““Siyasi partiyalar haqqında” qanun xeyli müzakirə olundu. “Partiyaları sıxışdırırlar”, “bağlayırlar” kimi fikirlər səsləndi. Ədliyyə Nazirliyi isə prosesə diqqətli yanaşdı. Siyahılar adbaad yoxlandı”.
Bu fikirləri Musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, partiyanın 9200-dən artıq üzvü vardı: “Dəqiqləşmədən sonra 8800-dən çox üzvlə qeydiyyatdan keçdik. Hesab edirəm ki, yenidən qeydiyyat partiyamızın fəaliyyətinə müsbət təsir göstərdi. Bu, siyasi partiyalar üçün yaxşı mənada sınaq oldu. Müxalifət düşərgəsində reyestrdən keçmə haqqında məktubu alan ilk partiya Vətəndaş Həmrəyliyi Partiyası oldu. Növbəti mərhələdə partiyanın nizamnaməsini Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Nizamnamə öncədən yaxşı hazırlanıb, ciddi dəyişikliklər olmayacaq. Proqramımız ölkəmizin inkişafı ilə bağlıdır”.
Sabir Rüstəmxanlı hesab edir ki, bu proses siyasi mühitdə canlanma yaradır: “Bəzi partiyalar narazılıq edəcəklər. 4500 üzv yığa bilməyən, yaxud qeyri-dəqiq siyahı təqdim edən partiyalar kənarda qalacaqlar. Buna təəssüflənmək lazım deyil. Proses siyasi partiyaların özlərini yoxlaması üçün fürsət oldu. Bu, fəaliyyətdə müəyyən canlanma yaratdı”.
Nigar HƏSƏNLİ,
Musavat.com