Sabir Rüstəmxanlı: “Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi”

“Əgər, ölkə rəhbərliyi səviyyəsində bu xəstəliklə ( koronavirus pandemiyası-red) bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri nəzərə alınıbsa, hər bir ailə, hər kəs öz adından, sanından, şöhrətindən asılı olmayaraq qanun tələblərinə uymalıdır”
Bunu, “Turan” Agentliyinə açıqlamasında Millət vəkili Sabir Rüstəmxanlı deyib. O, karantin rejimi zamanı, avqustun 18-də Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızına toy keçirməsini dəyərləndirərkən həmin sözləri söyləyib.
“Ona görə də hər kəs qanuna uymalıdır. Biri güclüdür, ya da birinin imkanı var, qabağa düşürsə və heç nəyi nəzərə almırsa, mən buna normal baxmıram”.
S.Rüstəmxanlı Abşeron Rayon Məhkəməsinin İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs edilməsi ilə bağlı qərarına gəldikdə isə bildirib ki, hazırda belə hərəkətlər edən şəxslər buna hazır olmalıdır:
“Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi. 5 sutka və ya 15 sutka fərqi yoxdur. Bu cəzadır və cəza mütləq olmalı idi. O cəza yerdə qalan vətəndaşlara da bir işarədir ki, burada kimin qohumu və ya yaxını olursan ol, heç kəsə güzəşt olmayacaq”.