Sabir Rüstəmxanlı Beynəlxalq Ana dili Günü ilə bağlı Hədəf liseyinin tədbirinə qatıldı
Bu gün “Hədəf” Liseyində 21 fevral – Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə “Hədəf” Şirkətlər Qurupunun qurucusu, dosent Şəmil Sadiq açaraq qonaqları salamladı. Daha sonra Liseyin şagirdlərinin ifasında Azərbaycan mətbuat tarixi və ana dilimizin inkişafı ilə bağlı səhnəciklər göstərilib, Azərbaycan dilinin tarixi, keçdiyi yol və zənginliyi haqda məlumat verilib.
Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin dəvət olunduğu tədbirdə millət vəkili, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı , şair Rüstəm Behrudi çıxış ediblər.
Tədbirin yüksək səviyyədə və ruh yüksəkliyi ilə hazırlandığını xüsusi vurğulayan Sabir bəy bildirib ki, ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür: “Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm. Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb, qurbanlar verib, fədakarlıqlar göstərilib. Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan qurtarıb. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir və dövlət səviyyəsində qorunur”.
Şair Rüstəm Behrudi Azərbaycan türkcəsinin qorunması və latın qrafikasına keçid işində Sabir Rüstəmxanlı ilə birgə çalışdıqları “Azərbaycan” qəzetinin rolundan danışdı.
Sonda qonaqlar ana dili ilə bağlı şerlərini oxudular.