Sabir Rüstəmxanlı: “Azərbaycan İsraildə səfirliyini açmalıdır”

“İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”.
“VHP.az” xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu müsəlman ölkəsi dayanmadan Ermənistana köməklik edir:
“Bu, İranın şüuru və bizə yanaşmasıdır. Azərbaycanın döyüşü dayandırmağını, çəkilməyini istəyirlər. Halbuki onların tələb etmək haqqları yoxdur. İran illərdir bu siyasəti yürüdür. Ən böyük diaspora təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın baş verənlərə münasibətlərini yaxından izləyirəm. Onların da fikri eynidir: İranın bu hərəkətini qətiyyətlə pisləyir və lənətləyirik.
Eyni zamanda, dünyada yaşayan bütün soydaşlarımıza müraciət edirik ki, İrana nə düşündüklərini bildirsinlər. Fikirlərini, münasibətlərini İranın xarici ölkələrdəki səfirliklərinə çatdırsınlar. Özünü dünyada İslamın əsas mühafizəkarı kimi göstərən bir ölkə müsəlman-xristian qarşıdurmasının getdiyi bir vaxtda terrorçu xristian ölkəsi olan Ermənistanı dəstəkləyir. İranın Azərbaycanın haqq mübarizəsinə mane olmaq cəhdi İslam dünyasına böyük bir zərbədir. Bütün bunlar sübut edir ki, İran anti-islam, anti-din xarakterlidir. İslam dinindən danışması isə şovinist dini diktaturanın olduğunu üzə çıxarır. Və İslam dünyasına ciddi zərər vurur.
Həmçinin təklif edirəm ki, biz növbəti səfirliyimizi İsraildə açaq”.
Bütöv yazını göstər
Back to top button
Close