Şəhid Surxay Cəfərov anılıb

Bu gün İkinci Qarabağ Savaşı şəhidi Surxay Cəfərovun anım günü keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Göygöl rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

Şəhid Cəfərov Surxay Cümşüd oğlu 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 2004-cü ildən 2005-ci ilədək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə son mənzilə yola salınıb. Ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

VHP Göygöl rayon təşkilatının sədri, İkinci Qarabağ Savaşı veteranı Samil Bağırlı 44 günlük Vətən Savaşından danışıb. O bildirib ki, Azərbaycan xalqı zamanı gələndə gücünü və birliyini ortaya qoymağı bacarıb: “33 il öncə 17 noyabrda istiqlalı üçün Meydanda yumruğa dönən xalqımız Vətən Savaşında da eyni gücü və iradəni göstərdi. Bizə ruh və döyüş əzmi verən xalqımızın birliyi idi. Torpaqlarımız şəhidlərimizin qanı və canı hesabına azad olundu. Döyüşə böyük ruh yüksəkliyi ilə qatılan, qəhrəmancasına döyüşənlərdən biri Surxay Cəfərov idi. Surxay vətənpərvər gənclərimizdən biri idi, vətənini və millətini çox sevirdi. Bu sevgi onu döyüşə apardı. Surxay kimi qəhramanlar heç vaxt unudulmayacaq. Biz qələbəmizi də, istiqlalımızı da şəhidlərə və qazilərə borcluyuq”.

 

Bütöv yazını göstər
Back to top button
Close