“Qeydiyyata alınacağımıza şübhəm yoxdur” – VHP-yə hansı iradlar tutulub?

“Ədliyyə Nazirliyinin yaydığı məlumatdan da görünür ki, Vətəndaş Həmrəyliyi Partiyası yanlışlıqları düzəldən sonra qeydiyyatdan keçəcək. Bizim 5 min üzvümüz var və artıq özümüzü qeydiyyatdan keçmiş sayırıq”.

Bu sözləri Yenisabah.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclis üzvü Sabir Rüstəmxanlı deyib.

O, “Siyasi partiyalar haqqında” yeni qanunun tələbi ilə əlaqədar olaraq Ədliyyə Nazirliyin VHP-nin təqdim etdiyi sənədlərə iradından söz açıb:

“Nazirliyin dediyi adamları kənara qoysaq, buna nail ola bilərik. Bildiriblər ki, 1700 nəfərin sənədində dolaşıqlıq var. Onu həll etsəniz, məsələ qurtarar. Digər qeyri-dəqiqliklər də var. Amma bütün mübahisəli görünən məsələləri kənara qoysaq, VHP-nin yoxlanılmış üzvlərinin sayı təxminən 4990 nəfərdir. Bir neçə günə uyğunsuzluqları dəqiqləşdirib sənədləri yenidən nazirliyə təqdim edəcəyik. Qeydiyyata alınacağımıza dair heç bir şübhəmiz yoxdur.

Fikrimcə, rədd cavabı gələn partiyaların bir çoxu illər uzunu fəaliyyət göstərən və üzvlərinin sayı bəlli olan partiyalardır. Mənə elə gəlir ki, onlar da sənədlərini bir daha gözdən keçirib yenidən Ədliyyə Nazirliyinə müraciət edəcəklər. Məncə, nazirliyin rədd etmək imkanı olmayacaq”.

Xatırladaq ki, Ədliyyə Nazirliyi ReAl, AXCP, Müsavat, Ağ Partiya, Vəhdət Partiyası, VHP və digər partiyalar da daxil olmaqla, 19-a yaxın partiyaya sənədlərin dəqiqləşdirilməsi üçün 30 gün vaxt verib.

Rafi MÜSLÜMOV

 

 

Bütöv yazını göstər
Back to top button
Close