Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil
Ermənistan labirintdədir: Əllər yuxarı...

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü əsas şərtlərdən biri Ermənistanın müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. Ekspertin fikrincə, bu bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar yer alır və Bakı haqlı olaraq bunu sülh müqaviləsinin ruhuna zidd hesab edir:
“Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil. Məhz bu səbəbdən də Paşinyan “Müstəqillik Bəyannaməsi”nin sülhün önündə əngəl olmasını bildirməklə kifayətlənməyib. Ermənistan Konstitusiyası müstəqillik bəyannaməsinə istinad edir. Həmin bəyannamədəki iddialar ləğv olunduğu halda məsələlərin mahiyyəti tamam dəyişir. Çünki bəyannamədə konkret olaraq əsassız olaraq göstərilir ki, Ermənistan keçmiş Dağlıq Qarabağla birləşib. Bu bəyannamə o vaxt Ermənistan parlamenti tərəfindən qəbul edilib. Referendum yolu ilə belə iddialar ora salınmayıb. İndiki halda Ermənistan parlamentində bəyannamənin bu “bəndlərinin” beynəlxalq hüquqa ziddi olduğu əsas gətirilib aradan qaldırıla bilər”.
S.Əsədli vurğulayıb ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün erkən seçkilər və ardınca Konstitusiya dəyişikliyinə dair referendum keçirməyi də nəzərdən keçirir: “Fikrimcə, Paşinyan ölkə daxilində referendum üçün hazırkı vəziyyəti qeyri-məqbul hesab edir. İndi Paşinyan da asan yola qaçır. O, ilk növbədə Ermənistanın müstəqillik bəyannaməsindəki həmin bəndləri aradan qaldırmağa çalışır. Daha sonra referendumla konstitusiyaya ediləcək dəyişikliklər fonunda həmin istinad da aradan qalxmış olacaq”.