Neftçalada şəhid Elçin Əliyev anılıb

Bu gün İkinci Qarabağ Savaşı şəhidi Elçin Ələkbər oğlu Əliyevin anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

Elçin Əliyev 15 yanvar 1997-ci ildə Neftçala rayonunun Mikayıllı kəndində anadan olub. 2002-ci ildə Neftçala rayonu Mikayıllı kənd məktəbində 1-ci sinfə daxil olmuş və həmin məktəbin məzunu olmuşdur. 2015-ci il tarixində hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Tərtər rayonunda etmişdir. 2016-ci ildə baş vermiş Aprel döyüşlərində iştirak etmişdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elçin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşə qatılır. O, Füzuli, Qubadlı və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Əliyev oktyabrın 21-də Qubadlının Sınıq körpü adlı ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. O, oktyabrın 23-də doğulduğu Neftçala rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Əliyev “Vətən uğrunda” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Şəhidin məzarı başında VHP Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov İkinci Qarabağ savaşı, Ordumuzun 44 gün ərzində göstərdiyi fədakarlıq və Qarabağ savaşı zamanı yazılan şanlı və qürur tarixindən danışıb. Bildirib ki, xalqımızın igid oğulları 44 gün ərzində qızıl tarix yazdılar. Dünya hərb tarixinə silinməz iz buraxdılar.

Yazıçı-publisist Ələkbər Zahidov şəhid Elçin Əliyevin həyat yolundan, keçdiyi döyüşlərdən və qəhramanlığından danışıb. Bildirib ki, Elçin Əliyev aprel döyüşlərinin iştirakçısı olub və İkinci Qarabağ savaşında böyük fədakarlıq və qəhramanlıq göstərən döyüşçülərdən biri olub. Onun xatirəsi hər zaman əziz tutulacaq.

Bütöv yazını göstər
Back to top button
Close