Müxalifətin sərt karantin hazırlıqları – “Bu bəlanı yalnız birlikdə adlaya bilərik…”

İyunun 21-dən başlayaraq gələn ayın 5-dək ölkədə koronavirusla əlaqədar sərt karantin rejimi tətbiq olunacaq.

Musavat.com bildirir ki, verilən qərardan sonra sosial şəbəkələrdə ikitirəlik yaranıb.

Bir qisim bu qərarı doğru saysa da, digər tərəf əleyhinə çıxış edir. Ölkənin müxalif camiəsi daha çox sərt karantinin əleyhinədir. Doğrudur, qərarı təqdir edənlər də az deyil.

Düşərgənin yarım aylıq müddətə necə hazırlaşması ilə maraqlandıq.

VHP İcra Aparatının Samir Əsədli çatışmazlıqların olduğunu söyləyib: 

“Əvvəldən Vətəndaş Həmrəyliyi Partiyası olaraq pandemiya şərtlərinin, bundan irəli gələn qadağaların vətəndaşların sağlamlığı üçün edildiyini bildirmişik. Eyni zamanda bu qadağaların, karantin şərtlərinin həyata keçirilməsi zamanı yol verilən çatışmazlıqları da qeyd etmişik. İlk karantin dönəmində 190 manat sosial yardımla bağlı ortaya çıxmış problemlər və narazılıqlar bəllidir. Təəssüf ki, bununla bağlı bütün problemlər aradan qaldırılmadı. Daha sonra həftəsonu elan edilən sərt karantin günlərində, hətta paytaxtın bir çox yerlərində vətəndaşlarımız su problemi ilə üzləşdilər. Polislə baş vermiş qarşıdurma da bu günlərin olayı kimi yadda qaldı. Bütün bu hallar və sadalamadığımız bir çox məqamlar dövlət qurumlarının karantin şəraitində fövqəladə fəaliyyətə hazırlıqlı olmadığını göstərdi. Proseslər və son yoluxma statistikası onu göstərir ki, aprel ayında elan olunan karantin vaxtından əvvəl və xeyli sürətlə yumşaldı. Müvafiq qurumlar vəziyyəti düzgün analiz etməli və buna uyğun qərarlar verməli idi. Düzdür, həmin karantin dönəmi vətəndaşlarımız üçün çətin idi, amma uzunmüddətli ağır xəstəlik faktlarındansa, daha bir müddət karantinə dözmək daha yaxşı seçim idi. Bütün bu problemlər var və onlar mütləq aradan qaldırılmalıdır. Partiyanın karantin dövründə fəaliyyətinə gəldikdə isə ötən təcrübədən yenidən istifadə edəcəyik. Partiyanın rəhbər şəxslərinin və rayon təşkilatlarının əlaqələndirilməsi onlayn yolla həyata keçiriləcək. Ötən karantin dövründən bununla bağlı hazırlıqlarımız var”.

ALDP rəhbəri Fuad Əliyev qərarı düzgün sayır:

“Operativ Qərargah məlumat verir ki, hər gün 300 nəfərdən çox vətəndaş xəstələnir. Sağalan insanların sayı heç 300-ə çatmır. Fərq çox böyükdür. Ümumiyyətlə, hesab edirəm ki, iki ay karantin rejimini davam etdirmək lazım idi. Bununla bağlı karantin rejimi yumşaldılarkən öz fikrimi demişdim. Davam etsəydilər, indi belə nəticə olmazdı. Bir də hər şey, həqiqətən, vətəndaşlarımızdan asılıdır. Karantin rejiminin qaydalarını pozmaq olmaz. Tibbi maska taxmaq, sosial məsafə saxlamaq lazımdır. Lazım olmayanda evdən çıxmaq olmaz. Hamılıqla bu qaydalara riayət etsək, onda karantin rejimi ləğv olunacaq”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib ki, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı verilmiş qərar günümüzün reallığından irəli gəlir:

“Real vəziyyət isə budur ki, iyun ayının 1-dən etibarən insanlarımızın virusa gündəlik yoluxma sayında kəskin artım müşahidə olunur və belə davam edərsə, vəziyyətin nəzarətdən çıxma ehtimalı yüksəkdir. Artıq mütəxəssislər də bununla bağlı həyəcan təbili çalırlar. Yaranmış hazırkı vəziyyətlə bağlı fikrim bundan ibarətdir ki, pandemiyanın ilk günlərindən qabaqlayıcı addımlar atılsa da, karantin rejiminin yumşaldılması ilə bağlı verilmiş qərar bir qədər də ertələnməli idi. Amma buna baxmayaraq, bir daha əvvəlki mövqeyimizdən çıxış etməyi tərcih edirəm. Mövqeyimiz isə belədir ki, koronavirusla mübarizə təkcə hakimiyyətin və ya dövlət strukturlarının üzərinə düşən vəzifə deyil. Dövlət qurumları bununla bağlı nə qədər birbaşa məsuliyyət daşısalar da, bu qorxunc virusla mübarizə həm də hər bir vətəndaşın bilavasitə vəzifəsidir. Biz də cəmiyyətin tərkib hissəsi olan siyasi partiya olaraq üzv və tərəfdarlarımıza, həmçinin ictimaiyyətə qadağaları anlayışla qəbul etməyi, karantin rejiminin tələblərinə ciddi riayət etməyi tövsiyə edirik. Unutmamalıyıq ki, biz cəmiyyət olaraq yalnız birlikdə bu bəladan qurtula bilərik. Eyni zamanda Azərbaycan hökumətini sərt karantin rejiminin tətbiqi ilə əlaqədar ziyan görən kommersiya qurumlarına, iş adamlarına, ciddi maddi sıxıntı yaşayan sıravi vətəndaşlarımıza dəstək olmağa çağırırıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütöv yazını göstər
Back to top button
Close