Müxalifət video-müşavirələr keçirirmi?

Koronavirusla əlaqədar ölkədə dövlət qurumlarının, əksər siyasi təşkilatların iclasları onlayn sistemdə keçirilir. Son olaraq, prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirənin keçirilməsi bir çox məsələləri aktuallaşdırıb.

Bəs Azərbaycan müxalifəti necə, video-müşavirələr keçirirmi? Koordinasiya partiyalarda nə cür təşkil olunur?

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də onlayn qaydada fəaliyyətlərini davam etdirdiklərini söylədi: “Karantin dövründə Vətəndaş Həmrəyliyi Partiyasının fəaliyyəti onlayn qaydada həyata keçirilir. Partiya rəhbərliyi öz aralarında və rayon təşkilatları ilə mütəmadi olaraq telefon bağlantısı yaradılır, məsləhətləşmələr aparılır, müvafiq tapşırıqlar verilir. Bu müddət ərzində partiyanın Mərkəzi İcra Aparatının onlayn qaydada videogörüntülü iclası keçirilib. Nizamnaməyə görə, Siyasi Şuranın keçirilmə müddəti hələ keçməyib. Əgər zərurət olarsa, Siyasi Şuranın da onlayn qaydada videogörüntülü iclası keçirilə bilər. Bundan başqa gündəlik olaraq partiyanın şöbə müdirləri, departament və xidmət rəhbərləri ilə telefon əlaqəsi saxlanılır. Həmçinin rayon təşkilatları ilə əlaqələr zamanı üzvlərin sağlıq durumu, sosial problemləri haqda maraqlanılır”.

ALDP sədri Fuad Əliyev: “Biz karantin rejiminin demək olar ki, birinci günündən iclasları onlayn şəkildə keçiririk. İlk növbədə Sədr Aparatının iclasları həftədə iki dəfə, partiyanın Rəyasət Heyətinin iclasları isə iki həftədən bir təşkil olunur. Koordinasiya köməkçim vasitəsilə həyata keçirilir. Bizim vatshapp, həm də skupe-də qrupumuz var. Hamı evdə olduğuna görə bir vaxt seçmişik. Həmin vaxtda hamı iclasa gətirilir”.

AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli: “AĞ Partiya video-müşavirələr edir. Zoom, skupe, vatshapp vasitələri ilə daim görüşlər keçirilir. Video-görüntülü toplantılar da təşkil olunur. Partiya qrupları var. Onların vasitəsilə partiya daxili koordinasiya həyata keçirilir”.

AMİP katibi Əli Orucov partiyanın fəaliyyətində müəyyən dəyişikliklərin olunduğunu qeyd etdi: “Koronovirus pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq AMİP-in fəaliyyətində də müəyyən dəyişikliklər olundu. Partiyanın müvafiq qurumları və rayon təşkilatları ilə əlaqələr telefon və internet üzərindən qurulur. Siyasi şura və mərkəzi aparat iclasları onlaynla keçirilir Müzakirələrimizi onlayn vasitəsilə aparırıq. Eyni zamanda, müntəzəm telefon bağlantıları qururuq. Başlıcası insanların və üzvlərimizin sağlamlıqlarını qorunması və təhlükəsizliyidir. Yaşlı silahdaşlarımızla tez-tez əlaqə saxlayırıq. Ehtiyaclarını öyrənirik. Zərurət duyulduqda yardımçı olmağa çalırıq. Yeri gəlmişkən, çox təəssüf olsun ki, bəziləri yardımlaşmanın və ayrı-ayrı şəxslərə etdiyi köməyi gözə soxmağa, bundan reklam və şəxsi məqsədləri üçün istifadə etməkdədir. Bu, heç də xoş deyil. İndiki cəmiyyətin özündə və insanlardakı psixoloji durum daha sayğılı, daha həssas yanaşma tələb edir. Bəzən psixoloji dəstək və diqqət insanlarda daha çox təsəlli yaradır. Ümid edirəm ki, bu koronovirus pandemiyasından yaxın müddətdə və az itki ilə çıxa biləcəyik. Partiya da əvvəlki kimi normal fəaliyyətinə qayıdacaq”.

KXCP-nin idarə heyətinin üzvü Xəzər Teyyublu bunları dedi: “Partiyanın idarə heyətinin iclasları onlayn qaydada keçirilir. İnternet üzərindən koordinasiya şəklində partiya rəhbərliyi tərəfindən idarəetmə əlaqələri qurulur. Həftədə bir dəfə bu əlaqə saxlanılır”.

Cavanşir Abbaslı,
Musavat.com

Bütöv yazını göstər
Back to top button
Close