Müxalifət aztəminatlı ailələrə yardım edirmi – partiyalardan açıqlama
Azərbaycanda koronavirusla əlaqədar aztəminatlı ailələrə dövlət qurumları ilə yanaşı, yardım göstərən ayrı-ayrı şəxslərin sayı günbəgün artmaqdadır. Ən müxtəlif sahələrin təmsilçiləri öz imkanları daxilində yardımlarını əsirgəmirlər. Burada deputatlar və icra hakimiyyətləri daha fəal görünür.
Lakin ölkənin müxalif düşərgəsinin belə bir yardım təşəbbüsü göstərdiyinin hələ ki, şahidi olmamışıq. Doğrudur, dövlət büdcəsindən maliyyələşməyən əksər siyasi partiyaların maddi durumu çox aşağıdır. Amma bununla belə, bir neçə siyasi qurumun bir araya gəlib, ortaq məbləğ toplayıb, imkansız ailələrə maddi yardım göstərmələri mümkünsüz deyil. Bir neçə partiyanın bununla bağlı mövqeyini öyrəndik.
Parlament partiyalarından biri olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) imkansız ailələrə yardımlar edir. Bu barədə müsavat.com-a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verdi: “Əvvəlcə onu qeyd edim ki, imkansız soydaşlarımıza yardım etmək siyasi mənsubiyyət sərhəddinə bölünmür. Bu insanlıq məsələsidir. İndiki durumda isə ölkəmizə, vətəndaşımıza yardım iqtidar müxalifət tanımır. Bu gün əsl vətəndaş həmrəyliyi, milli birlik zamanıdır. VHP ilk gündən bu prinsipi əsas götürərək sosial çətinliklərlə üzləşən vətəndaşlarımıza imkan daxilində yardım edib. Partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı, VHP sədrinin müavini, vitse spiker Fəzail İbrahimli insanlarımıza yardım göstəriblər. Yaxın günlərdə VHP-dən olan millət vəkilləri seçildikləri ərazidə yaşayan imkansız şəxslərə də yardımlar edəcək. Bu işin ən insani və humanist tərəfi edilən yardımın reklam olunmamasıdır. Sabir Rüstəmxanlı və ümumiyyətlə, Rüstəmxanlı ailəsi illərdir ki, ehtiyacı olan şəxslərə yardım edib. Qarabağ savaşının ilk günlərindən Qarabağa Xalq Yardımı Komitəsindən bu günədək çətinlik içində olan hər bir azərbaycanlı bu və ya digər şəkildə Sabir Rüstəmxanlını öz yanında görüb, onun dəstəyini hiss edib. Yardım etmək, aztəminatlı ailələrə, yaşlılara və ehtiyac sahiblərinə yardım etmək hər kəsin borcudur, həmçinin fərd olaraq bizim də, üzvü olduğumuz partiyanın da. Partiya sədrimiz, millət vəkillərimiz, təşkilat sədirlərimiz və digər səlahiyyət sahibləri ehtiyacı olanlara imkanları daxilində kömək edirlər, bundan sonra da edəcəklər. Mən də ehtiyacı olanlara bildiyim təqdirdə bu işi edirəm, həmçinin partiyada şöbə müdiri Səlahəddin Əsgər illərdir ki, bu işi könüllü şəkildə edir”.
AĞ Partiya başqanı Tural Abbaslı yaxın günlərdə imkansız ailələrə yardım edəcəklərini söylədi: “Bəli, son günlər sosial şəbəkələrdə və mətbuatda bir çox insanların və qurumların təmənnasız olaraq olaraq imkansız insanlara yardımının şahidi oluruq. Bu, çox müsbət haldır və Azərbaycan xalqının ağır günlərdə necə təşkilatlana bildiyinin və nə qədər mərhəmətli, comərd xalq olduğunun daha bir sübutudur. Ancaq, belə ağır günlərdə imkansız insanlara yardım məsələsi yalnız həssas vətəndaşların ümidinə qalmamalıdır. Dövlət öz üzərinə düşəni edərək ehtiyacı olan hər kəsə yardım etməli və onun yanında olmalıdır. Biz AĞ Partiya olaraq elə də böyük maddi imkanlara malik deyilik. Təəssüf ki, iqtidarın son illərdə yürütdüyü sərt və aqressiv siyasət nəticəsində müxalifət bütün maddi resurslarındın məhrum qalıb. Bir çox hallarda müxalifət partiyaları siyasi fəaliyyət üçün labüd olan minimum xərcləri qarşılamaqda aciz qalırlar. Ancaq, bütün bunlara baxmayaraq, AĞ Partiya olaraq biz də xalqımızla həmrəylik nümayiş etdirmək və az da olsa kiminsə dərdinə dəva olmaq naminə bəlli addımlar atmağı planlayırıq. Hazırda bu yönümdə partiya olaraq üzvlərimizdən ianə toplamaq və yardımın texniki tərəflərini araşdırmaqla məşğuluq. Yəqin ki, yaxın günlərdə bir neçə imkansız ailəyə ərzaq paketləriylə yardım edəcəyik. Buradan sizin vasitənizlə vətəndaşlarımıza, əsasən də, maddi imkanlı insanlarımıza müraciət edərək, ehtiyacı olanlara yardım etməyə səsləyirəm. Heç kim unutmamalıdır ki, belə ağır günlər həm də bizim uca Allah və vicdanımız qarşısında imtahanımızdır. Çalışaq bu imtahandan üzü ağ, başı uca çıxaq”.
Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli: “Hesab edirəm ki, aztəminatlı ailələrə ilk növbədə dövlət yardımı mexanizmi düzgün müəyyənləşdirilməlidir. İqtisadçıların verdiyi məlumata görə, bu mexanizm hələ ki, müəyyən problemlərlə əlaqədardır. Təbii ki, imkanı olan hər bir şəxs koronavirusun yayılması ilə əlaqədar olaraq, istənilən həm fonda, həm də aztəminatlı ailələrə yardım göstərməlidir. Partiya olaraq, bizim maliyyə vəsaitlərimiz yoxdur. Üzvlərimizin əksəriyyəti işləmir, işləyən demək olar ki, mənəm. Bu səbəblərdən indiyə qədər hələ ki, heç kimə yardım göstərə bilməmişik. Bundan sonra fərd olaraq, maliyyə imkanlarımızı ölçüb-biçib, yəqin ki, müəyyən yardımlar göstərəcəm”.
Partiya sədri digər qurumlarla birlikdə belə bir yardımın göstərilməsinin mümkünlüyündən də söz açdı: “Başqa partiyalarla bir araya gəlib, maddi yardım göstərmək tamamilə mümkün olan məsələdir. Amma nə biz, nə də digər partiyalar tərəfindən hələ ki, belə bir təşəbbüs olmayıb. Amma hesab edək ki, sizin bu sorğunuz həmin təşəbbüsün irəli sürülməsi üçün əsas ola bilər. Biz partiyalarla əlaqə saxlamağa çalışarıq. Fond yaxud ümumi bir kassa yaradıb, yardım etmək olar”.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə məsələyə geniş şərh verdi: “İctimai-siyasi sektorda təmsil olunan şəxslər tərəfindən aztəminatlı ailələrə edilən yardımları birmənalı olaraq təqdir edirəm. Bir sıra hallarda belə yardımların edilməsinin bəziləri tərəfindən sosial şəbəkələrdə aşırı reklam olunması faktları qınanılsa belə, yenə də hesab edirəm ki, həmin yardım bu gün buna ehtiyacı olan insanların gündəlik tələbatını müəyyən qədər qarşılayırsa, nə məqsədlə edilməsindən asılı olmayaraq, hər bir halda faydalıdır. Təəssüflər olsun ki, müxalif düşərgədə təmsil olunan çoxluğun geniş anlamda belə yardımlar etmək imkanları məhduddur. Bildiyiniz kimi parlamentdə təmsil olunmayan partiyalar dövlət büdcəsindən maliyyələşmir və uzun illərdir ki, daxili imkanları hesabına pis-yaxşı fəaliyyət göstərirlər. Partiya üzvləri arasında da bu gün dövlət dəstəyinə ehtiyacı olan insanların sayı az deyil. Hazırki durumda biz bu insanlara yenə də daxili imkanlarımız, həmçinin şəxsi dostlarımız vasitəsilə dəstək olmağa çalışırıq. Eyni zamanda, bunu ictimailəşdirmək fikrindən də uzağıq. Yeri gəlmişkən, bir məsələyə diqqəti yönəltmək istəyirəm. Bu gün və bundan əvvəlki dönəmlərdə parlamentdə təmsil olunan bəzi partiyalar var ki, ildə 130-150 min manat civarında dövlət büdcəsindən maliyyə dəstəyi alırlar və bir qədər ciddi araşdırsanız görərsiz ki, yaxın 3-5 nəfər dostu və tanışından başqa heç üzvləri də yoxdur. Təəssüf ki, bir neçə üzdə olan, fəaliyyəti görünən partiyalar istisna olmaqla həmin o 3-5 nəfərdən ibarət olan partiyaların fəaliyyət göstərməyi bir tərəfə, hətta dövlət başçısının təşəbbüsü ilə formalaşan Koronovirusla mübarizə Fonduna hər hansı maddi dəstək göstərməsinin də şahidi olmamışıq. Heç olmasa indiki ağır durumda ehtiyacı olanlara dəstək olmağı, borclarını onların yadına salmaq lazımdır. Bilirsiz ki, AMİP, həmçinin müxalif düşərgədə olan əksər dostlarımız hökumət tərəfindən pandemiya ilə mübarizə çərçivəsində atılan addımlara dəstək olduğumuzu bəyan etmişik. Növbəti mərhələdə bir neçə müxalif qüvvənin bir araya gələrək hər hansı yardım etməyini də istisna etmirəm. Amma, onu da deyim ki, mövcud karantin şəraitində müxalif partiya rəhbərlərinin bir araya gəlməsi də faktiki olaraq mümkün deyil. Giley kimi başa düşülməsini istəmirəm, lakin, təəssüf ki, karantin rejimi dönəmində bir sıra dövlət strukturları ilə yanaşı hətta kiçik bir müəssisəsi olan şəxslərə sərbəst hərəkət imkanları verilsə də, partiyaların rəhbərliyində olan şəxslər nədənsə bu imtiyazdan məhrumdurlar. Bizlər də sıravi vətəndaşlarımız kimi yalnız sms vasitəsilə müraciət etməklə bəlli icazəli məkanlara gedə bilərik. Bu səbəbdən də telefon bağlantıları xaricində birlikdə görüşərək hər hansı məsələnin müzakirə edilməsi də daxil olmaqla hətta idarə etdiyimiz partiya qərargahlarına getmək imkanlarından da məhrumuq”.
Cavanşir Abbaslı,
Müsavat.com