MİLLƏTİN ƏSƏB NÖQTƏSİ – Rüstəmxanlının Vəhabzadə haqqında yazısı

Sabir Rüstəmxanlı
    Bu gün böyük şairimiz, müəllimim və dostum Bəxtiyar Vahabzadənin doğüm günüdür. Bu günlərdə onun oğlu hədəfdə olduğu kimi 24 il öncə özü hədəfdəydi. Aşağıdakı yazını ona mənəvi dayaq olmaq üçün yazmışdım…
MİLLƏTİN ƏSƏB NÖQTƏSİ

    Yaşadığımız mürəkkəb hadisələr son on ildə ziyalı söhbətini daim diqqətdə saxlayıb. Tarixin bütün dövrlərində olduğu kimi indi də ziyalı millətin əsəb nöqtəsidir. Bütün ağrılar ondan keçir; bütün zərbələri o qəbul edir. Düşmənin də ilk hədəfi odur, özümüzünkülərin də. İşimiz düz getmirsə, vətəni müdafiə edə bilmiriksə, iqtisadiyyatımız pozulursa, çörəyimiz qəhətə çıxırsa, siyasətimizi düzgün qura bilmiriksə – günahkar ziyalıdır. Hakimiyyət davalarının, müxalifət, iqtidar qarşıdurmalarının da sapand daşı odur…
Azərbaycanda insan kimi yaşamaq üçün şərait həmişə mürəkkəb olub. Bu, təkcə həyat səviyyəsi, çeşidli rejimlərin təzyiqləri və bürokratik əngəllərin çoxluğu ilə bağlı deyil. Bu həm də ənənə adına xalqa sırınan bəzi eybəcərliklərlə və cəmiyyətimizdəki hava ilə – maddiyyatçılıqla, mənəvi dəyərlərin itməsi, həqiqətin saya salınmaması, qiymət ölçülərinin qarışıq düşməsi, kütləvi eqoizm psixologiyası ilə bağlıdır. Folklor milli psixologiyanın və milli mənəviyyatın güzgülərindən biridir: «oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı», «tülkü tülkülüyünü sübut edənəcən dərisini boğazından çıxararlar» kimi misalların bizdə yaranması da təsadüfi deyil. Bununla belə, xalq təfəkkürü mübarizədən çəkinməmək üçün ümid yeri də qoyub: «haqq nazilər, üzülməz», «düz əyrini kəsər» və s.
«Balıq bilməsə də, Xalıq bilər» misalını da xalq yaradıb. Yəni, biz yaxşılıqları xırda təşəkkürlər üçün etmirik.
Əsl şairləri Ali İdeallar idarə edir, onlar Böyük həqiqətlərə tapınır və Böyük Ruhun pıçıltılarını yazırlar. Buna görə də təzyiqlərin, iftira və ölümün onlar üçün, əslində, elə ciddi bir əhəmiyyəti yoxdur. Tapındıqları ideallar onlar üçün dostu da, yoldaşı da, sevgilini də, lazım gələndə vətəni də əvəz edir. Öz millətinin dözümsüzlüyündən, Vətəndən qaçan, amma mühacirətdə də Millətim, Xalqım – deyib yanan azmı sənətkar tanıyırıq? Türkiyədən qovulan kommunist Nazim Hikmətin öz dili və Vətəni üçün elədiklərini onu qovan «vətənsevər»lərin etdikləri ilə bir tərəziyə qoymaq olarmı?
Böyük sənətkarlar azdır və heç bir rejimə sığmırlar, ona görə ki, onlar azadlığı öz içlərində tapırlar, həyat və zamana ayrı ölçülərlə yanaşırlar və yaşamağın mənasını Ali İdeala bütöv xidmətdə, haqqa təmənnasız yardımda görürlər. Bu yol onları ölməzliyə aparır, amma bu dünyada çox gün görmürlər, normal insan həyatı yaşaya bilmirlər, yolları əzab və iztirablardan keçir.
Azərbaycan böyüklərinin taleyi dediklərimizin təsdiqidir; bu həqiqəti mən də dərk eləmişəm və bu barədə çox yazmışam. Həmin xətt ilk kitabımın ilk şerindəki
«Dağları dumanda itən –
Vətən… Vətən!»
– bənzətməsindən başlamışdı.
Ucaların qisməti dumandır, şimşəkdir, qardır… Ancaq elə həmin kitabda bu ucalıqların qorunması zərurətinə işarə də var idi:
Qəlbindən tunel aç, dağlar inciməz
Təki zirvəsinə ayaq dəyməsin!…
(1968)
Nəyə görə tarix boyu zirvələrimizi ayağa salmışıq? Böyüklərimizə aramızda yaşamaq imkanı verməmişik?
Altı əsrin dalında
Nəsimi də mühacir…
Dərisi yad ellərdə
Soyuldu dabanından,
«Haqq» kəlməsi cücərdi
Ürəyinin qanından!
Səkkiz əsrin dalında
Xaqani də mühacir,
Göz yaşları fırladır
Yenə çərxi-fələyi,
Salıb qürbət yollara
onu dövrün kələyi…
***
…Yurdumuzdan aralı
dilimiz də mühacir.
Uzaq qəbiristanlarda
ölümüz də mühacir.
…Ağlına arxalanan
söz əsəri – mühacir.
Haqqa bayraqdar olan
Xiyabani – mühacir,
Pişəvəri – mühacir!
(1978)
Nəyə görə millət üçün yananların taleyinə millət bu qədər biga­nədir? Öldürüb üstündə ağlamaq xəstəliyi nə vaxt sağalacaq?
Aman durna, dimdiyini öz başında sınama.
Sən gücünü yurddaşında, qardaşında sınama!
(1982)
Nə bir-birimizi öldürməkdən yorulduq,
Nə bezikdik ölənin dalınca ağlamaqdan!
(1984, Hüseyn Cavid haqqında)
Ey böyük millətim mənim!
Sənin nə qəribə təbiətin var…
Ömrünü yolunda qurban verəni
Bəzən ac saxlamaq xasiyyətin var.
Çəkilən sədlərdən çaşdı yolların
Kimdir sağ əliylə sol əli kəsən?
Başını dünyada ucaldanların
Başını batırdıq özümüz bəzən.
Tarix kitabında neçə göz dağı,
Namərdi yemlədin nahaq yerə sən.
Dünyaya dahilər verən torpağın
Verdin səfasını tülkülərə sən!…
…Yol açdın – yolunla addımladılar,
Kim bağlar ömrünün sapını sənin.
Bir xalqın gözünü açan sənətkar,
Niyə açmadılar qapını sənin?!
(1973, H.Ərəblinski haqqında)
Hərəmiz bir dərədə, eyş-işrət, kef, əyləncə,
Bir babanın mülkünü əlli yerə bölmüşük.
Birimiz döyüləndə arxayın yatdıq gecə,
Bilmədik bir bədəndə hamımız döyülmüşük!
(1985, Cavad Xan haqqında)
Öz köhnə yazılarımdan misal gətirməyimin üzrxahlığı ilə yanaşı, sadəcə olaraq, bu mövzunun məni illər boyu necə davamlı şəkildə rahatsız etdiyini bildirmək istəyirəm. Bu acı tarixləri yaza-yaza, bir növ, özümü də hər cür məhrumiyyətlərə hazırlamışam. Niyə bir-birimizə bu qədər dözümsüzük? Bir-birini bəyənməmək xəstəliyi canımıza hardan yol tapıb? Niyə unutqanıq və bu yırtıcı, məhv etmək, batırmaq, qisasçılıq ehtirasının kökü hardadır?
Görünür, Şərqin ən böyük «qəm şairi»inin və ifaçıları kimi təklənmiş ən qədim mahnılarının Azərbaycanda yaranması da, müəyyən mənada mənəvi mühitimizlə və vətəndaşlarımızın çəkməyə mübtəla olduqları ictimai və insani ağrılarla bağlıdır.
Müstəqillik və azadlıq tufanı sakit görünən cəmiyyətin altını üstünə çevirir. Müharibə unudulmuş görünən ehtiraslara od vurdu. Demokratiya adına hərc-mərclik, cəzasızlıq başlandı. Əsl düşmən yenilməmiş öz içimizdə düşmən axtarışına başladıq… Sosialist rejimində parçalanmağımızın, fəlakətlərimizin səbəbkarı kimi rus müstəmləkəçiliyinə nifrət edərkən (heç olmazsa bu nifrətdə hamımız bir idik) sonra özümüz özümüzü hədəfə çevirdik. Müstəqillik bütövləşməni sürətləndirməkdənsə, milli qürur və səmimiyyəti artmaqdansa fəaliyyətçilik artır, adamlar təklənir, milli bütövlükdənsə «ov ehtiraslarına» köklənmiş yalquzaq birlikləri, dəstə, tərəfkeş, tayfa, qazanc birlikləri yaranır. Dünənin bazar uşağı bazar iqtisadiyyatına hamıdan tez alışır və bu günün seçilən adamına çevrilir; amma ağıl, bünövrə olmadığına görə ağıllıları sevmir, onları qısqanır və onları ya aradan götürmək, ya da ləkələməklə, hörmətdən salmaqla özünə tay etmək, adiləşdirmək istəyir.
Hər şeyi bazarın, pulun həll etdiyi vaxtda ziyalılarımızın, alimlərimizin, sənət xadimlərimizin çətinlikləri təkcə maddi vəziyyətin ağırlığı ilə bağlı deyil, həm də sayılmamaqla, yavaş-yavaş «xeyirdə-şərdə» iştirak edə bilməyən, «artıq» adama çevrilmələri ilə bağlıdır. Qəfil varlanan təbəqə isə yuxarı başa keçirilir, ağılla həll edilməli işləri pulla asanca həll edir.
Ağsaqqala da ehtiyac qalmır. Böyük-kiçik həddi də itir. Cəmiyyətə böyüklük və ağsaqqallıq edən puldur! Deyirlər, dünya bu yolu keçib, biz də keçməliyik. Amma biz həmişə olduğu kimi, hər yeni küyə elə ehtiyacla cumuruq ki, ayaq altda qalanlardan xəbərimiz olmur. Şəhərin ürəyində tarixi binaları qat-qat, blok-blok qamarlayan, İçəri şəhəri bina-bina zəbt edən pullu mədəniyyətsizlər, əlbəttə, «xruşovkaların» beşinci mərtəbəsindəki iki-üç otaqlı köhnə mənzilinə zorla dırmanan akademiklərə, qocaman sənətkarlara, yazıçılara təkəbbürlə baxacaqlar, bu ədalətsizlik üzə çıxmasın deyə onları özlərinə möhtac edəcəklər: birinə sponsorluq, birinə reklam, əl yetməyənin də başını qarışdıracaqlar – yalanlarla, şayiələrlə… Qoy başlarını qaldırmağa, əsl həqiqət haqqında düşünməyə vaxtları qalmasın!…
Belə olmasa, cəmiyyət qarşısında heç bir xidməti olmadan adamların fantastik memarlıq nümunələri olan saraylarının yan-yana düzüldüyü bir şəhərdə ziyalıların həyatı daimi müzakirə mövzusuna çevrilməzdi, deyək ki, şair Bəxtiyar Vahabzadənin «Badamdar mülkü» yalanını ortaya atmazdılar. Bəlkə də Badamdarda Vahabzadə soyadlı birinin mülkü var. Amma o, Bəxtiyar deyil!
Əgər Badamdarda, ya da şəhərin lap mərkəzində Bəxtiyar Vahabzadənin iki-üç mərtəbəli bir mülkü olsaydı bunun nəyi pis olardı və buna niyə xoflanmalıydıq? Hələ Sovet dövründə Nodar Dumbadzedən necə dolandığını soruşduq. «Gürcüstan hökuməti mənim üçün portağal bağının ortasında ev tikib, hər il meyvəsini də satıb mənim hesabıma keçirirlər». Xəstə və yaşa dolmuş Bəxtiyar isə hər gün neçə dəfə yazıçıların köhnə binasının beşinci mərtəbəsinə qalxmalıdır. Nəmli Şəkini həkimlər məsləhət görmür. Abşeronda isə bağı yoxdur. Bəs onda bu nə əskik söhbətlərdi qəzetlərəcən çatır. Bəxtiyar Vahabzadə cavan yaşlarından xalqın sevimlisidir. Stalin rejimindən sonra «şəxsiyyətə pərəstiş» dövrünün konfliktsiz ədəbiyyat ənənələrini ilkin qıran, kosmopolitizmə qarşı üsyan qaldıran, milli taleyimizi düşünən, öz ana dilimizin, tariximizin haray səsini qaldıran filosof-şairdir, sənət fədaisidir. Əllinci illərdən başlayaraq milli şüurumuza ən böyük təsir göstərən söz ustasıdır. Bizim nəsil və bizdən sonra gələnlər milliyyətçi fəaliyyətimizə və oyanıq təfəkkürümüzə görə ilk növbədə Bəxtiyar Vahabzadəyə borcluyuq. Bəs onda illər uzunu davam edən bu qeybətlər nədir? Bəxtiyar Vahabzadə kimi sevib, kiminlə görüşüb, oğlanları harada işləyir, neçə maşını var, neçə evi var, filan sözü niyə dedi, ağzında neçə dişi var? və s. və i.a. Bir ömür boyu sanki akvariumda yaşayır! Sanki gecə-gündüz mikroskop altındadır – yolunda ürəyini məşəl etdiyin adamların isə ancaq bir işi var: şeirlərini əzbərləyə-əzbərləyə onda qüsur axtarmaq! Belə olmaz, qardaşlar, vətəndaşlar! Bəylər, cənablar, belə olmaz! Heç kim ikinci ömür yaşamır. Heç kim heç kimin həyatına burun soxa bilməz. O da ola Bəxtiyar Vahabzadələr! Yüz ildə bir yetişən adamlar! Min dənə saray tikin yan-yana, görüm onun içində yaşayanlardan bircə Sabir, bircə Mirzə Cəlil yetişdirə biləcəksiniz?!
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun!
Bəxtiyar Vahabzadənin bu ölməz misraları 1954-cü ildə yazılıb. «Gülüstan» poeması da qadağalar dövründə şeirin oynaya biləcəyi rolun parlaq nümunəsidir. Bəxtiyar Vahabzadə millətin faciəli günlərində söz oyunbazlığı ilə, söz zərgərliyi ilə məşğul olmayıb. O qılınc sulayan, tüfəng düzəldən, silah icad edən olub. Millətə o silahların konstitusiyası yox, hədəfə düzgün dəyməsi lazım idi! Buna baxmayaraq, Bəxtiyar bu silahları da elə zərgər səriştəsi ilə naxışlayıb!
1979-cu ildə «Xəbər gözləyirəm» adlı bir şeirim, ardınca da eyni adlı kitabım çıxmışdı. Bəxtiyar müəllim məni evinə çağırdı, təbrik elədi və öz doğma divarlarından da ehtiyatlanaraq, asta səslə dedi: «Nə gözəl demisən! Mən otuz beş ildir hər gün o xəbərləri gözləyirəm, hər gün qulağım səsdədir ki, indi qapını döyüb deyəcəklər: «Dağıldı bu xaraba! Dağıldı bu rus imperiyası!»
Bu, Qorbaçovun vaxtı deyildi, on il əvvəl idi! Az sonra Bəxtiyar müəllimin mənə həsr etdiyi şeiri çap olundu: «İnqilab istəyirəm». İndi, bu günün hakimiyyət kölələri və parnik inqilabçıları Bəxtiyar Vahabzadəyə cəsarət və ya mövqe dərsi vermək istəyirlər!
Bəxtiyar Vahabzadə ömrü boyu Azərbaycan üçün yanıb, şerində də, dərsində də. Evi həmişə ocaq olub. Azərbaycanın müstəqilliyini və nicatını düşünən məslək adamlarının toplaşdığı yer, istiqlal qərargahı olub!
Belə olan halda bu gün Bəxtiyar bəyin ömrü boyu arzuladığı və uğrunda mübarizə apardığı müstəqilliyə çatandan sonra hansı ürəklə ona iqtidar-mü­xalifət pəncərələrindən baxmaq olar?! Bəxtiyar Vahabzadə özü bir haki­miy­yətdir. Və xalqın bu ağır günündə tək-tək adamları, sağı-solu yox, xalqının taleyini düşünməlidir. Buna görə hakimiyyətə gələn hər yeni qüvvənin ona sayğı göstərməsi, onunla hesablaşması, onu axtarıb məclislərdə yuxarı başa keçirməsi təbiidir. Bu, Bəxtiyarın hər gələnlə «dil tapıb» ona tərəf əyilməsi deyil, həmişə öz yerində, öz ucalığında durmasıdır, bütün gələnlərin onun nüfuzu qarşısında əyilməsidir. Bəxtiyar elə yuxarıdadır ki, onu ayrı-ayrı dəstələrin yox, müstəqilliyimizin taleyi düşündürür.
Müharibə hələ bitməyib və Bəxtiyarların borcu dil tapıb ünsiyyət yaratmaq, xalqın qabaqda gedənlərini ümumi mübarizəyə birləşdirməkdir. Bəxtiyarın bütün iqtidar-müxalifət, sağ-sol titullarından yuxarı bir titulu var: Ağsaqqal! Ustad! Buna görə də onun nəyi necə dediyinə görə ittiham olunan, «dövlət başçısı ilə niyə bu qədər yaxındır?», yaxud bunun tam tərsinə olan «filan məktubu niyə yazıb, filankəsi niyə müdafiə etdi?» ittihamları ilə müzakirə mövzusuna dönmək vaxtı deyil! Dünyanın hər yerində millət qarşısında bu boyda xidmətləri olan, əsl xalq şairini ucuz siyasət oyunlarının hədəfinə çevirməzlər…
«Bəxtiyar Vahabzadə, Anar, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı nə istəyir?» Əgər bu cümləni bu yaxınlarda müstəqil Azərbaycanın rəsmi qəzetlərindən birində oxumasaydım və bizim adlarımız çəkilməsəydi, deyərdim 1937-ci ilin yazısıdır. Çünki 1937-ci ildə də belə yazırdılar: «H.Cavid, M.Müşfiq, Əhməd Cavad, Y.Çəmənzəminli nə istəyirlər?» Adlarından başqa heç nə dəyişilməyib. Nə qəzet, nə də məhv etmək ehtirası!…
Biz nə istədiyimizi otuz ildir, deyirik, amma bizim səsimizi boğmağa çalışanların nə istədikləri və Azərbaycanı nəyə çevirmək istədikləri bəlli deyil… Hamımıza «üzəvari deputatlar» damğası vurulmağı, Şəkidə Bəxtiyar, Göyçayda Anar haqqında əks təbliğat kampaniyası hansı vicdan ölçülərinə sığır və həmin ittiham məktublarını oxuyan gələcək oxucular, görəsən, nə düşünürlər?! Sumqayıtın ağsaqqallarından olan Nərçə Ağayevlə mən iyirmi beş ildir çörək kəsirəm, bir-birimizə «qardaş» deyirik. Amma sözügedən kampaniyada bizə qarşı imza atanlardan biri də o idi. Daha doğrusu, zavod direktoru kimi onu da imza atmağa məcbur etmişdilər. Qardaşı qardaşa qarşı qaldıran bu eybəcər oyunlarla biz gələcək, müstəqil Azərbaycanda hansı həmrəylik «ənənələrini» yaradırıq?!
Dövlətçiliyi qorumaq, konstitusiyaya hörmət hər bir vətəndaşın borcudur. Müstəqil Azərbaycanın ilk müstəqil konstitusiyası, bəzi şəxsi mülahizələrimə baxmayaraq, qiymətli tarixi sənəddir!
Azərbaycanın və cəmiyyətimizin gələcəyinə işıq tutan, xalqı zorakılıqdan, qanunsuzluq ehtiraslarından qoruyan bir təminat aktıdır! Belə olan halda nəyə görə konstitusiyaya bu qədər saymazyana münasibət var? Niyə o hər addım başı pozulur? Niyə görə bizdə insan bu qədər ucuz tutulur? Biri adi bir vəzifəyə keçən kimi elə bilir bütün millət onun xidmətində dayanmalıdır; ziyalılar da yalnız onun kimi düşünməlidirlər. Bu eybəcərlik psixologiyası rayon səviyyəsindən başlamış, respublika səviyyəsinə qədər davam edir. Kim tutuquşu deyilsə, öz müstəqil fikri varsa, hədəfə çevrilməlidir, yad, özgə elan edilməlidir. Bu kommunist vərdişi ilə biz millətimizi hara aparırıq?!
Əgər bir dövlətdə millət vəkilləri ilə universitet tələbələri səviyyəsində rəftar edilirsə, deputatın səsi nə vaxt istəsən kəsilə bilirsə, onda biz başqa dövlət orqanlarından nə tələb edə bilərik?! İnsan hüquqları, o cümlədən, ziyalı hüququnun hansı səviyyədə müdafiəsinə güvənmək olar?!
Müstəqillik təkcə söz deyil, həm də özünü təsdiqdir, özünü ifadə etmək qabiliyyətidir; müstəqil dövlət öz-özlüyündə məqsəd ola bilməz; müstəqil dövlət həmin ərazidə yaşayan xalqın ideallarının reallaşmasına xidmət etməlidir. Xalq inanmalıdır ki, öz torpağında bir dəstə adamın yox, özünün dövlətini qurur və milli dövlət ona milli haqlarını, insanlıq haqlarını, nəhayət, mənəvi sərvətlərini qorumaq haqqını qaytaracaq. O cümlədən Nəsiminin, Vaqifin, Seyid Əzimin, Hadinin, Mirzə Cəlilin, Hüseyn Cavidin, Əhməd Cavad və Müşfiqlərin faciələri təkrar olunmayacaq…
Nəriman Nərimanov bizim uşaqlıq illərimizdə bəraət almışdır. Onun haqqında ilk kitabı Qarabağ uğrunda şəhid olmuş Vəli Məmmədov yazmışdır. Moskvanın qətlə yetirdiyi və adı illər uzunu yasaq olunan doktor Nərimanın təftişi hələ də qurtarmayıb. 1930-cu illərin qırğınlarından xilas olanlar, indi də südəmər jurnalistlərin xəstə çək-çevirlərindən keçməlidir. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimli, Mirzə İbrahimov öz dövrlərinin böyük ədibləridir, məzlum millətlərinə verilən vədlərə inanıblar, şəraitin bəzi şərtlərinə boyun əyməli olublar, amma Azərbaycan ruhunun qorunmasında müstəsna xidmətləri də danılmazdır. İnama görə heç kimi ittiham etmək olmaz, tərənnüm poeziyası onların milli təfəkkürü genişləndirən, poeziyamızda xüsusi mərhələ olan onlarla parlaq əsərinə kölgə sala bilməz. Ağacın beş-on çürük meyvəsinə görə bütün bəhrəsini inkar etmək bizə nə verir?! Onların nəslindən olan proletar ədiblərin bəziləri Əhməd Cavadlara, Hüseyn Cavidlərə, hətta müstəqil dövlətimizin qurucularına və M.Ə.Rəsulzadələrə birtərəfli ideoloji münasibətləri ilə səhvə yol vermişdilər. İndi biz də onların səhvlərini təkrar etsək, milli irsiyyəti necə qoruya bilərik? Səhv aşkarlanmalıdır, amma hər «səhv tapan hökm çıxara bilməz!… Və mənim fikrimcə, dünən hər şeyin onlardan başladığını düşünən proletar şairləri ilə bu gün də özlərindən başqa heç nədən xəbərləri olmayan bəzi qələm əhli arasında mahiyyətcə heç bir fərq yoxdur.
Azərbaycan xalqının keçdiyi yol, gördüyü ağır təzyiqlər tələb edir ki, hər şeyə səbrlə və yalnız tarixi şərait kontekstində qiymət verək. Belə olmasa bütün keçmiş ədəbiyyatımızı və mədəniyyətimizi zaman-zaman davam edən vulqar sosiologiya təftişlərindən xilas edə bilmərik, dünən ateist kimi təqdim etdiklərimizi bu gün sufiyə çeviririk; səhv həlqələri uc-uca calanar, amma həqiqət itib gedər.
Bir sözlə, mənəvi irsimizə kobud müdaxilələrə, inkarçılığa, eqosentrizm, neobolşevizm xəstəliyinin milliyyətçilik şüarları ilə yenidən dirçəlişinə yol vermək olmaz.
Bu yaxınlarda mətbuatda Bəxtiyar Vahabzadənin və Şamo Arifin böyük nasirimiz Süleyman Rəhimlini «müdafiə edən» yazılarını oxuyanda heyrətə gəldim. Xətirlərinə dəyməsin, doğrudanmı Süleyman Rəhimli onların müdafiəsinə möhtacdır?! Doğrudanmı, Şamo Arif kimi bir yazıçı oğlu olmasa və neçə ay əziyyət çəkib 30-40-cı illərin arxivlərindən atasıyla bağlı həqiqətləri ortaya çıxarmasa, Süleyman kişiyə atılan çirkab beləcə onun üstündə qalacaqdı? Birdən Şamo Arif olmayaydı?! Bəs hardadır Dədə Süleymanın mənəvi varisləri?!
İnkarçılıq və ittihamçılıq, təəssüf ki, mənəvi həyatımızın digər sahələrinə və siyasətə də yoluxub. Bir tərəfdə cəzasızlıq olduğuna görə başqa sahədə də söz demək olmur…
Biz milli dövlətdə sabit mənəvi mühit və əsl vətəndaş cəmiyyəti yaratmaq istəyiriksə, gərək hər kəsin öz halal haqqı verilsin. Adamları qisasçılıq duyğusu yox, ədalət duyğusu idarə etsin. Klassik irsə, mənəvi dəyərlərimizə məhdud və subyektiv münasibət, təəssüf ki, mətbuatda da baş alıb gedir. Hərdən elə bilirsən ki, burda da bir erməni barmağı var.
Rəsmi mətbuatda milli düşüncəyə və onun qaynaqlarına soyuq münasibət yenə də davam edir. Partiyaların mətbuatında isə köhnə nəslimizin xəstəliyi sağalmaq bilmir: «Hər şey bizdən başlanır», «kim bizdəndir, o, yaxşıdır, qalanlarının əhəmiyyəti yoxdur».
Yeni «tənqidçilər» peyda olub. Onlara görə Azərbaycanın müasir bədii təfəkkürü elə öz böyür-başlarındakı beş-altı nəfərə borcludur. Nə klassik söz sənətimizdən süzülüb gələn böyük insansevərlik, nə də Türk dilinin min illik bədiilik ənənələri…
Yəni yadlaşma və yadlaşdırma siyasəti bütün cəbhələr üzrə aparılır; on illərlə Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət etmiş adamlar yada düşmür; iqtidar da, müxalifət də yalnız öz ləbbeyk deyənlərini görür; bizə yaraşmayan yeni bir vərdiş də yaranır – yazıçıya, şairə də bölgəçilik xəstəliyi ilə yanaşırlar, məsələn, guya, Hüseyn Arifin gecəsini Qazax xeyriyyə cəmiyyəti keçirməli imiş, çıxış edənlərin də əksəriyyəti qazaxlı olmalıymış və s. Əsrlər boyu yaranmış birlik, bütövlük binalarını yenidən kərpic-kərpic sökmək istəyirlər.
Ziyalıları təkləmək, üz-üzə qoymaq, ayrı-ayrı zümrələrdən asılı etmək, onların əməyini və şəxsiyyətini kiçiltmək… bu da düşmən dəyirmanına su tökmək, milli idealları sarsıtmaq, xalqı inancsız və ağsaqqalsız qoymaq meylidir.
Təəssüf ki, bu qarışıqlığın içində çoxları çaşır, belə bir təsəvvür yaranır ki, onsuz da meyar itib, yazmağın, cavab verməyin xeyri yoxdur. Yalan həyasızlıq təvazökar düzü üstələyir.
Özünü, öz haqqını müdafiə etməyə kifayət qədər gücü və sözü olan adamlar da bezir, küskünləşir, hər şeyi buraxır taleyin öhdəsinə.
Azərbaycanın son on illik ictimai, siyasi və ədəbi həyatında fəal iştirak etmiş bir adam kimi mən daim bu sıxıntıların içində, bu «arxa» dedi-qoduları, xırda adamların çox tez-tez mətbuata da sızan bazar-çayxana söhbətləri, çörək kəsdiyin adamların nankorluğu, bir-birini bəyənməmək, paxıllıq xəstəliyi, özünü böyütmək üçün dostunu, qardaşını gözdən salmaq ehtirası necə dəhşətli bir mühit yaradır. Hər şey özgələşir. Bu «mübarizə»də qayda yoxdur, ən iyrənc vasitələrə əl atılır. Buna görə də təkləndiyini, müdafiəsiz qaldığını, maddi sıxıntılarla yanaşı, mənəvi sıxıntılara məhkum olunduğunu görən həssas sənət adamlarının bir hissəsi baş alıb gedir. «Ev qalır bir əyriyə – həm yeyə, həm səyriyə». Bunu da xalq deyib və yada salıb ki, geri çəkilmək və qaçmaq çıxış yolu deyil!…
1997
Bütöv yazını göstər
Back to top button
Close