“Sanki Qarabağ uğrunda diplomatik yarış başlayıb”

Samir Əsədli: “Ukrayna olayları fonunda Rusiya Qərbi, Qərb isə Rusiyanı bölgədən vurub çıxarmaq istəyir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub. C.Bayramov Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Bölgədə, guya, “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneçilik törətdiyi bildirilib. Sergey Lavrov isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Göründüyü kimi, Azərbaycan rəsmisi Ermənistanın hərtərəfli pozuculuqla və təxribatla məşğul olmasını Rusiya XİN başçısının diqqətinə çatdırıb. Təbii ki, Moskva proseslərdən yaxşı xəbərdardır. Rusiya bölgədə yaşanan hadisələrdən “narahatlıq” duyduğunu desə də, Kremlin əsas təhrikedici güc olduğu bəllidir. Ancaq indiki məqamda ermənilərin təhrik olunması ilə bağlı daha çox Qərbin, Fransanın, BMT və digər beynəlxalq təşkilatların adı hallanır. Rusiyanın isə prosesləri kənardan izlədiyi görüntüsü yaranır..
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Güney Qafqazla bağlı həm Qərb, həm də Rusiya öz diplomatik fəallığını artırıb. Partiya təmsilçisi vurğulayıb ki, iki geosiyasi güc mərkəzi arasında açıq rəqabət elementləri sezilməkdədir: “Sanki Qarabağ uğrunda diplomatik yarış başlayıb. Bunun bölgədə daimi sülh və əməkdaşlığa nə dərəcədə töhfə verəcəyini yəqin ki, tezliklə biləcəyik. Hər halda, tərəflərin regionla bağlı maraqları heç də üst-üstə düşmür. Xüsusən, Ukrayna olayları fonunda Rusiya Qərbi, Qərb isə Rusiyanı bölgədən vurub çıxarmaq istəyir. Azərbaycan üçün isə ən önəmlisi istər Qərbin, özəlliklə də ABŞ-nin, istərsə də Rusiyanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə eyni sayğını göstərməsidir. Bölgədə daimi sülh və əməkdaşlıq mühitinin bərqərar olması üçün isə ən əvvəl kapitulyant ölkəyə götürdüyü yazılı öhdəliklərə əməl eləmək yönündə təzyiqlər edilməlidir. Əgər bunu ABŞ, Avropa İttifaqı və Rusiya edəcəksə, çox yaxşı. Ermənistan rəhbərliyinin nə dərəcədə konstruktiv mövqe sərgiləməsindən də az şey asılı deyil. Əfsus ki, rəsmi İrəvan iki güc mərkəzinin rəqabətindən daha çox vaxt uzatmaq, “iki stul” siyasəti aparmaqla böyük sülhü ləngitmək üçün faydalanmağa çalışır. Bu isə çox təhlükəlidir. Çünki bu dəfə Ermənistanın özü hərb meydanına çevrilə bilər. Odur ki, seçim böyük ölçüdə erməni tərəfinindir. Daha bir səhv erməni xalqına olduqca baha başa gələcək”.
Bütöv yazını göstər
Back to top button
Close