Kırım türklərinin deportasiyasından 76 il ötür

1944-cü il may ayının 18-20-də 400.000-dən çox tatar türkü Krımdan sürgün edilib. Stalinin göstərişi ilə sovet cəlladı Beriya tərəfindən etnik təmizləmə həyata keçirilib. Üç gün ərzində qadınlar, uşaqlar və yaşlılar mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistana aparılıb.
Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biridir. Sürgün zamanı 8 mindən çox Kırım tatarı aclıq, susuzluq və havasızlıq şəraitinə dözməyərək yolda həlak olub, 10 mindən çox tatar türkü isə kəskin köçürmə şəraitinə dözməyərək ölüb.
Stalin Krım tatarlarının bütün izlərini aradan itirməyə çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıya alınmasında Krım tatarlarının adının çəkilməsini qadağan etmişdi.
1956-cı ildə hakimiyyətə gələn yeni Sovet lideri Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla, Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair qərar qəbul etmədi. Krım tatarları 1980-ci illərin sonlarında yenidənqurma hərəkatının başlanmasına qədər Mərkəzi Asiyada yaşamağa davam etdilər. Məhz həmin dövrdə 260.000 tatar yenidən öz əvvəlki yurd-yuvasına geri qayıda bildi. Onların sürgünü 45 ildən sonra başa çatdı. Krım tatarlarının geri qayıtması haqqında olan qadağa ləğv olundu və Krım Ali Şurasının 14 noyabr 1989-cu ildə qəbul etdiyi qərara əsasən Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiya cinayət kimi qəbul olundu.
2004-cü ilə qədər tatarların böyük hissəsi Krıma geri qayıtdı və yarımadanın əhalisinin 12 faizini təşkil etdilər. Yerli hakimiyyət onların geri qayıtmasına heç bir köməklik göstərmədi, həmçinin itirdikləri torpaqlara görə kompensasiya vermədi.
12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul etdi və 18 may günü Ukraynada “Krım tatarlarının soyqırımı” günü kimi ölkə təqviminə salındı.
Bu gün Krım yarımadası yenidən rus işğalına məruz qalıb. Krım tatarları yenidən Krımın azadlığı üçün mücadilə aparırlar.

Bütöv yazını göstər
Back to top button
Close