İrəvanın son bəyanatları da piara hesablanıb və sülhpərvər obrazı yaratmağa çalışırlar
Erməni baş nazir sarsaq bir konfransda iştirak üçün Romaya gedib, halbuki müdrik din xadimi Vatikanda onu qarşısında otuzdurub ağıl veribsə, bu da sülhə xidmətdir…
Paşinyan noyabrın 18-də mövcud olmayan “Dağlıq Qarabağ”ın “mədəni irsinin qorunmasına həsr olunmuş” beynəlxalq konfransda iştirak üçün Romaya gedib. Ermənistan baş naziri Vatikana səfəri çərçivəsində Papa Fransisklə təkbətək söhbət edib. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə olunub. Paşinyan Papaya sülh prosesindəki son hadisələr haqda məlumat verib və Ermənistan hökumətinin “sülh gündəliyinə sadiqliyi”ni təsdiqləyib. Baş nazir Ermənistanın sülhə töhfə vermək əzmində olduğunu iddia edib.
“Ermənistan sülhə töhfə verməkdə qərarlıdır”, – Paşinyan vurğulayıb.
Xatırladaq ki, bir il əvvəl baş nazir Ermənistanla Vatikan arasında “əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə” IX Pius ordeni ilə təltif edilmişdi.
Roma Papasının Yaxın Şərqdə axan qana, Ukraynada davam edən müharibəyə, Ermənistanın Fransadan silah alaraq yeni savaş xəyallar qurduğuna, hələ də sülhə doğru cəsarətli addım atmadığı bir vaxtda erməni baş naziri IX Piyin Böyük Xaç Cəngavər Ordeni (latınca “Ordo Pianus”, italyanca: “Ordine Piano”) ilə təltif etməsi bir az təəccüblü, lap doğrusu, çox yersiz görünürdü.
Çünki Paşinyanın “kilsə qarşısında xidmətlərinə görə” təltif edilməsi çox mübahisəlidir. O, hakimiyyətə gələndən kilsə ilə -Eçmiədzinin rəhbəri II Qaraginlə münasibətləri heç vaxt normal olmayıb. Onların münasibətlərində fikir ayrılığı Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra, katolikos hökuməti açıq şəkildə tənqid etməyə başlayandan pisləşib. Halbuki bundan əvvəlki rəhbərlər Eçmiədzinin dediyi bir sözü iki eləməzdilər, tez-tez də katolikosu ziyarətə gedər, şəkil çəkdirərdilər. Paşinyan isə kilsədən həmişə məsafəli davranıb.
“Paşinyana ancaq Azərbaycan ağıl verə-verə irəli gedir. O, nə Roma Papası, nə İranın dini lideri Xameneinin məsləhəti ilə ağıllanan deyil. Bu adam Şuşada şərab içib yallı gedirdi, 44 günlük müharibədən sonra ağlı gəldi başına. Ona görə də yekun sülh sazişinin imzalanması üçün Ermənistan hakimiyyətinə diplomatik təzyiqləri gücləndirməliyik. İrəvanın son bəyanatları da piara hesablanıb və sülhpərvər obrazı yaratmağa çalışırlar. Dünyanı aldatmaq istəyirlər. Biz isə dünya ictimaiyyətinə izah edirik ki, “halva-halva deməklə ağız şirin olmur”, yəni Ermənistan qanunvericilik aktlarına düzəliş etməlidir və nöqtə…”, – deyə “Yeni Müsavat”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli qeyd edib.
VHP sədrinin müavini deyib ki, əvvəla, Paşinyan kilsəni ram etmək üzrədir və son olaraq keşiş Baqrat Srbazanın aksiyalarının iflası ilə bunu sübut etdi: “Kilsə Ermənistanda mühüm gücdür və bu ölkə kilsə dövlətidir. Amma keşişin mitinqləri göstərdi ki, xalq artıq kilsənin də ardınca getmir. Erməni cəmiyyəti kilsənin qan-qadaya çağırdığını, müharibəyə, fəlakətə sürüklədiyini anladı. Ona görə də kilsə revanşistlərlə bərabər fiaskoya uğrayıb. Bu baxımdan, Paşinyanın Roma Papasından dəstək ummasındansa, Azərbaycandan mədəd istəməsi yaxşıdır”.
O ki qaldı Romada keçirilən konfransa, S.Əsədli hesab edir ki, Paşinyan bununla Qarabağ ermənilərini unutmadığına eyham vurub, həmçinin tədbir bu məkanda keçirildiyi üçün Qarabağdakı “xristian tarixi”nə guya diqqət göstərdiyinə işarə edib: “Ermənistan bu cəfəngiyyatdan, saxta tarixdən əl çəkməli, qurtulmalıdır. Hələ də bu “miras”dan xilas ola bilməyiblərsə, təfəkkür qondarma ideyalarla dolubsa, erməni xalqının bəlaları gələcəkdə qurtaran deyil. Paşinyan xalqın gerizəkalı fikirlərinin arxasınca sürünməli deyil, bir lider kimi erməni cəmiyyətini irəli aparmalıdır. Ona görə də hiss olunur ki, Vatikanda və Romada da ağıl tapmayıb. Onu nə xristian, nə müsəlman din xadimləri islah edə bilməzlər, təkcə Azərbaycanın hücum diplomatiyası Nikolu yola gətirə bilər. Özü də anlayır ki, Azərbaycan və Türkiyə olmadan Ermənistan inkişaf edə bilməz. Odur ki, Romada, yaxud Vatikanda “Dağlıq Qarabağın erməni irsi” haqda iclaslarda iştirak geriyə doğru sürətli addımlar atmaqdır. İrəlidə isə bu cəfəng tarixdən imtina etməklə dayanıqlı sülh var”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”