“Qoca da rüşvət alır, cavan da…“ – Sabir Rüstəmxanlı

Son illər ölkəmizdə vəzifə təyinatında gənc kadrlara üstünlük verilir. Hazırda hökumətdə təmsil olunan nazirlər arasında onların sayı çoxluq təşkil edir. Bu proses davamlı xarakter alıb. Belə ki, ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinə nəzarət etmək üçün yaradılan müşahidə şuralarının idarə olunması da gənclərə həvalə edilib.

Hakimiyyət komandasında baş verən bu dəyişikliklər idarəçilikdə keyfiyyət dəyişikliyinə səbəb olacaqmı? Gənclərin hakimiyyət iyerarxiyasında önə çəkilməsi hansı üstünlüklər vəd edir?

Mövzuyla bağlı fikirlərini Yenisabah.az-la bölüşən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, gənc kadrların böyük əksəriyyəti vəzifəsinin öhdəsindən gəlir, amma özünü doğrultmayanlar da var:

“Yaşlı nəsil yaşa dolur, gənc nəsil isə təcrübə toplayır, böyüyür və vəzifə tutur. İstər-istəməz yerdəyişmə getməlidir. Prezident də bu işi sürətləndirir, diqqətini cəlb edən gəncləri vəzifəyə gətirir. Bir sıra gənclər var ki, kifayət qədər hazırlıqlıdır. Amma dünya haqda məlumatlı olduğu halda, məhz öz işlədiyi sahəni bilməyənlər də var, onların perspektivi necə ola bilər? Ona görə də bu seçim bir az təbii və obyektiv olsa, yəni yalnız siyasi dünyagörüş, yaxud müəyyən universitetləri bitirmək prinsipi əsas götürülməsə, həyatın seçdiyi gənclər lazımi sahələrə rəhbərlik etsə, daha yaxşı olar. Bu, mənim arzumdur. Amma Prezidentin gəncləşdirmə siyasətini və apardığı islahatları bəyənirəm, həmişə də onu müdafiə etmişəm”.

Köhnə nəslin sovet ənənələrini yaşadaraq rüşvətə meyil etməsi fikrinə də münasibət bildirən deputat rüşvət alıb-almamağın, əsasən, insani keyfiyyətlərdən asılı olduğunu diqqətə çatdırıb:

“Sovet dövrü artıq 30 ildir ki, arxada qalıb. Sovet dövründə də sistem məcbur etməsə, adamlar rüşvət almazdı. O vaxt rüşvət geniş yayılmış olsa da, rüşvət almayan insanlar da vardı. İndinin özündə də bu belədir. Rüşvət alıb-almamaq insanın mənəvi keyfiyyətlərindən, dövlətin taleyinə münasibətindən, əxlaq və təhsil səviyyəsindən asılıdır.

Gənc kadrların təyin olunmasının rüşvətin kökünü kəsib-kəsməyəcəyini deyə bilmərəm. Onu deyə bilərəm ki, yaşlı adamlar var ki, rüşvət almır, gənc adamlar da var, rüşvət alır”.

Həmsöhbətimiz hesab edir ki, rüşvətin qarşısı sistemdə müəyyən dəyişikliklər etmək şərtilə alınmalıdır:

“Təəssüf ki, kadrların seçilməsinin hansı səviyyədə getdiyini, Prezidentə təyinatla bağlı təkliflərin haradan gəldiyini bilmirəm. Onu bilsəm, bu suala ətraflı cavab verərdim. İndiki halda əlbəttə, yüksək təhsilli, yüksək mədəni səviyyəsi olan, dünya təcrübəsini bilən, özünə hörmət edən, gələcəyini düşünən gənclər rüşvətdən uzaq olacaqlar. Amma şübhəsiz, içərisindən əks istiqamətə meyillilər də çıxacaq. Təəssüf ki, həyat belədir”.

Bütöv yazını göstər
Back to top button
Close