Fransa siyasətçiləri erməni lobbisinin əsirinə çevrilib
Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama verilib. O, yanvarın 18-də Fransa parlamentində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib. Bu azmış kimi, Azərbaycan Prezidentinin əsaslı iradlarına qərəzli və öz səviyyəsinə uyğun şəkildə münasibət bildirən, daha doğrusu, sərsəmləyən Respublikaçılar partiyasının deputatı Erik Siottinə adekvat cavab verməyib, əksinə, onun və Pekresin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı nümayiş etdirdiyi açıq hörmətsizliyə haqq qazandırmağa çalışıb. Fransa Xarici İşlər naziri də, prezident seçkilərində heç olmasa maliyyə dəstəyi naminə ermənilərin çirkli və qanlı əllərini öpməyə hazır olan namizədlər də öz hərəkətlərini və bəyanatlarını özlərinin elan etdikləri hüquqi dövlət prinsipləri çərçivəsində səsləndirməlidirlər. Onların Azərbaycanın sərhəd qanunlarına saymazlıq göstərməsi, xüsusilə də Azərbaycan Prezidentinin sözlərinə məsuliyyətsiz şərhləri qəbuledilməzdir və ikrah doğurur. Azərbaycan respublikası nisbətən gənc olmasına baxmayaraq, müstəqilliyini və milli maraqlarını öz gücünə qorumağı bacaran bir dövlətdir. Bunu 30 il davam edən bir münaqişənin Fransanın bütün destruktiv səylərinə baxmayaraq, Azərbaycanın özü tərəfindən həll etməsi də bir daha sübut etdi.
Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var. Bu qanuna zidd hallara görə məsuliyyəti də məhz Fransa rəhbərliyi daşıyır. Yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat versin. Həmin ərazilərdə müstəqillik tələblərini qulaq ardına vuran rəsmi Paris digər ölkənin ərazisində qanunsuz şəkildə dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə meydan verir?
Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları və s. öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə niyə susurlar?
Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu süni şəkildə qapadılır, əvəzində isə “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlər gündəmə gətirilir.
Məlumdur ki, bu gün Fransada yarım milyonadək etnik erməni yaşayır. Lakin bu o demək deyil ki, ermənilər Fransa dövlətinə istədiklərini diktə etməlidir. Onu da unutmaq lazım deyil ki, bu gün Fransa parlamentində prezident Makrona rəğbəti olmayan xeyli siyasətçi təmsil olunub. Onlar bu oyunda iştirak etmək istəmirlər. İstənilən halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir.
Fransa Senatı və hökuməti erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib. Paris isə əks mövqe nümayiş etdirir. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.
Görünən budur ki, Fransa da daxil olmaqla bir sıra ölkər Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasəti Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Bununla da fransız siyasətçilər ilk növbədə öz maraqlarına zərbə vururlar.
Paris üçün Bakı hər baxımdan daha cəlbedici tərəfdaşdır. Lakin belə ədalətsiz addımlar iki ölkə arasında münasibətləri korlaya bilər.
Vətəndaş Həmrəyliyi Partiyası
19. 01 2022