Fəzail İbrahimli: “Təəssüf ki, beynəlxalq aləm Ermənistanın insanlığa qarşı cinayət əməllərinə susur”
“Bizim üçün Ermənistanla bağlı təəccüb doğuracaq heç bir sual qalmayıb. Ermənistan 30 ildir beynəlxalq hüquq normalarına riayət etməyərək, Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirərək, 20 fazi torpaqlarını işğal altında saxladı və bu müddət ərzində nə bir beynəlxalq təşkilat, nə də dünyanın aparıcı ölkələri ermənilərə bu əməlinə görə gözün üstə qaşın var deyən olmadı. Beynəlxalq hüququ kobud surətdə pozmasına görə, hər hansı sanksiya tətbiq edilmədi. Düzdür, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistanı işğalçılıq fəaliyyətinə görə qınayıb, onun bu hərəkətinə qarşı konkret addım atmadı. Qəbul edilən sənədlər isə kağız üzərində qaldı”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.
Millət vəkili bildirib ki, beynəlxalq aləmin görəcəyi və atacağı addımları isə Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında ordu etdi. “44 günlük Vətən müharibəsi nəticəsində təcavüzkar işğal etdiyi Azərbaycan torpaqlarından çıxarıldı. Artıq Qarabağ məsələsi yekun mərhələsindədir. Lakin ağır məğlubiyyətə düçar olan Ermənistan tərəfi Azərbaycanın verdiyi dərsdən nəticə çıxarmayaraq hər vəchlə bölgədə gərginliyin qalmasında maraqlıdır. Minalanmış ərazilərin xəritəsini verməməklə dinc insanların ölümünə səbəb olmaqla Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini davam etdirir. Bununla da Ermənistan beynəlxalq hüququn kobud surətdə pozaraq ayaqlar altına atır. Amma təəssüflər olsun ki, beynəlxalq aləm Ermənistanın bəşəri dəyərlərə və insanlığa qarşı cinayət əməllərinə susur. Yenə də Azərbaycana qarşı ikili standart tətbiq edir. Beynəlxalq aləmin susqunluğundan istifadə edən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil vermək istəmir. Ona görə də beynəlxalq aləm və təşkilatlar Ermənistanın bu hərkətinı qınayıb, təzyiq etməlidir. Ən azından 9 noyabr 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı üçtərəfli birgə sülh bəyanatına imza atan Rusiya İrəvandan xəritənin Azərbaycana verilməsini tələb etməlidir. Axı, xəritənin verilməməsi sülh bəyanatının tələblərini təhdid altında qoyur”- millət vəkili qeyd edib.
Milli Məslisin Sədr müavini təəssüflə qeyd edib ki, nə beynəlxalq birlik, nə də Rusiya tərəfindən Ermənistan qarşısında belə tələblər qoyulmur: “Azərbaycan tərəfi məsələ ilə bağlı beynəlxalq aləmlə sıx əməkdaşlıq edir. Dövlət başçısı səbr və təmkinlə prosesə yanaşır. Çünki o hansı addımın nə zaman atılacağını yaxşı bilir. Hesab edirəm ki, lazımi məqamda bununla bağlı ciddi tədbirlər görüləcək”.
Millət vəkili eyni zamanda Azərbaycan vətəndaşlarının da işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməkdən çəkinməyə çağırıb. Bildirib ki, torpaqlarımızı işğaldan azad edərkən xeyli sayda şəhid vermişik, çoxsaylı qazilərimiz var. “Ona görə də əlavə itkiyə yol verməmək üçün səfərlərdən çəkinməliyik. Artıq müvafiq dövlət qurumları bununla bağlı müraciətlər ediblər və bu müraciətlərə əməl etmək lazımdır. Yəni işğaldan azad olunan ərazilərdə təhlükəsizlik tam təmin olunmayanadək ehtiyatlı və səbrli olmalıyıq. Onsuz da dövlət Böyük qaydış proqramı hazırlayıb və həmin proqramın tez bir zamanda reallaşması üçün bütün səylərini ortaya qoyub”-Milli Məclisin Sədr müavini qeyd edib.
Mürtəza
Ölkə.Az