Fəzail İbrahimli: “Baydenin məlum ifadəsindən daha çox itirən elə ermənilər özləri olacaq”
“Co Baydenin uydurma erməni soyqırımla bağlı açıqlamasına bir atalar misalı ilə aydınlıq gətirmək istərdim. Deyir, səksəki yatmaqdansa, yuxusuz qalmaq daha yaxşıdır. 30 ilə yaxındır uydurma erməni soyqırımı ilə bağlı ABŞ-dan səksəki bir gözlənti var idi ki, birdən soyqırımı ifadəsi işlədilər. Nəhayət, ABŞ Prezidenti Co Bayden belə bir ifadəni işlətdi. Bəs bundan sonra nə baş verəcək? Bunun ABŞ-Türkiyə, ABŞ-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərində nə baş verəcək?
Co Baydenin belə bir ifadə işlətməsi, ABŞ-ın imicinə böyük zərbə oldu. Çünki ABŞ prezidenti tarixdə baş verməyən hadisə ilə bağlı belə bir ifadə işlətməklə tarixi həqiqətlərə türüpmüş oldu. Keçmişini inkar etmiş oldu”.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini və VHP sədrinin müavini Fəzail İbrahimli bildirib.
Onun sözlərinə görə, hələ ötən əsrin 20-ci illərində İtaliyanın baş naziri Françesko Nikkonun Türkiyə ilə bağlı belə fikri var: “Avropa ölkələri nə zaman Türkiyədən nəsə qoparmağa çalışanda və yaxud nəyisə vermək istəməyəndə, uydurma erməni soyqırımı yada düşür. Bu eynilə Amerikaya da aiddir. Haçan Türkiyəni sıxışdırmaq lazımdır uydurma soyqırım yada düşür. Amma bunun heç bir əsası yoxdur. Bax, bu gün də həmin düşüncə tərzi ABŞ-da hökm sürməkdədir.
“Soyqırımı” məsələsi necə oldu ki, yada düşdü. Təbii ki, ABŞ-ın Türkiyənin küncə sıxıb, istədiyini ona diqtə etdirmək üçün bu addım atılıb. ABŞ-ın bu məsələdə sərgilədiyi mövqeyin tarixinə nəzər salsaq, o zaman bunun kökünün 1918-ci ilə gedib çıxdığını görərik. Birinci Dünya müharibnəsindən sonra 1920-ci ildə ABŞ prezidenti Vilson erməni “soyqırımı” ilə bağlı siyasi qərar vermək istəyir, ancaq əlində əsas olmur. Amerika prezidenti Vilsonun rəhbərliyi ilə Türkiyəni dünya ictimaiyyətinin nəzərindən salmaq, rüsvay etmək və ermənilərin çirkin istəyini reallaşdırıb özlərinin siyasi qərarlarını gerçəkləşdirmək üçün general Harvordun rəhbərliyi altında bir missiya təşkil edərək Anadoluya göndərilir. General Harvordun rəhbərliyi altında fəaliyyətə başlayan missiya Harvord missiyası kimi tarixə daxil olub. İstədikləri nəticəni əldə edə bilmək üçün qəbirdən ölən insanları çıxararaq yoxlayırlar. Amma missiya üzvləri onlara verilən tapşırığa uyğun nəticə ilə qarşılaşa bilmirlər. Məlum oldu ki, ölənlər ermənilər deyil, əksinə, ermənilərin öldürdükləri türklərdir. Ona görə də Harvord Missiyasının verdiyi qərar heç bir sübut olmadığı üçün tarixin arxivinə atıldı.
ABŞ arxivi araşdırılarsa və Harvord misisiyasının sənədləri üzə çıxsa, o zaman Türkiyə bəraət alar və bundan siyasi qərar kimi istifadə edənlər ifşa olunar. Təəssüf ki, sənədlər məxfi sənədlər kimi gizlədilir. Bax, məsələ o zamandan gündəmdədir. Odur ki, Baydenin tarixi təhrif edərək belə bir ifadə işlətməsi, ancaq siyasi məqsədlərə xidmət edir”- deyə F.İbrahimli deyib.
Vitse-spiker onu da əlavə edib ki, Türkiyə də ABŞ-ın hansısa rəhbərinin öz siyasi məqsədlərini həyata keçirmək üçün belə bir addım atacağını gözləməmiş deyildi: “Türkiyə NATO-da ABŞ və Avropa ölkələri ilə müttəfiq olsa da, Ankaraya qarşı yad baxış mövcud olduğunu görürdü və buna uyğun siyasətini qururdu. Məhz bu qabaqlayıcı tədbirlər nəticəsində Türkiyə Yaxın Şərqdə ona qarşı yönələn siyasətin qarşısını ala bildi. Ərdoğanın yürütdüyü uzaqgörən siyasəti nəticəsində Türkiyə üzləşdiyi bütün təhlükələri sovuşdurub və uydurma soyqırımı məsələsini də ötürəcək. Ona görə də Ərdoğanın yürütdüyü siyasət dünyanı şoka salıb. Onu yürütdüyü siyasət nəticəsində Türkiyə dünya dövlətləri sırasında öndə dayanan bir ölkəyə çevrilib. Bax bu səbəbdən Türkiyə hədəf seçilib və onu bu yolla gözdən salmaq istəyirlər. Ancaq bu niyyətlərinə nail ola bilməyəcəklər. Bu metodlarla Türkiyəyə təzyiq edib, geri otuzdurmaq mümkün deyil. Bu əksinə ABŞ-ı hörmətdən salacaq. Özünü demokratiyanın beşiyi hesab edən ölkənin demokratik imicinə ciddi zərbə vuracaq”
Millət vəkili bildirib ki, Baydenin bu ifadəsindən Ermənistan tərəfi də qazanmayacaq: “Ən çox itirən elə Ermənistan olacaq. Ona görə ki, indiyə kimi Ermənistanın Məşədi İbadda deyildiyi kimi iki adaxlısı olub. Biri Rusiya, digəri ABŞ… ABŞ-ın uydurma soyqırımla bağlı işlətdiyi ifadə bimənalı şəkildə Ermənistan-Rusiya münasibətlərinə təsir edəcək.
Baydenin bu ifadəsi eyni zamanda Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinə də təsirsiz ötüşməyəcək və öz mənfi təsirini biruzə verəcək. Çünki imzalanan sazişə uyğun olaraq böhran içində vurnuxan Ermənistanın böhrandan çıxması üçün yeni imkanlar açırdı. Bu addımla Ermənistan dalana dirənmiş olacaq. Ermənistan sıxıntılar içərisində boğulacaq. Okeanın o tayında olan ABŞ isə Ermənistan heç bir yardım edə bilməyəcək.
ABŞ-ın bu addımı o cümlədən Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasına təkan verə bilər. Əgər Rusiya yürütdüyü siyasətdə səmimi olarsa. Yaranmış durumdan Rusiya da uduşla çıxa bilər. Odur ki, Baydenin işlətdiyi ifadə ABŞ demokratiyasına, qanunun aliliyinə, tarixi həqiqətlərə bir hayqırı olduğu kimi, kiçik bir qrupun marağına xidmət edən, kağız üzərində qalacaq. Nəticə etibarı ilə Ermənistanın qonşuları ilə münasibətlərinə ciddi xələl gətirəcək. Bundan da itirən ermənilər özləri olacaq”.