Fəzail İbrahimli: “ATƏT-in Minsk Qrupu buraxılmalıdır”

ATƏT Minsk qrupunun vaxtı ilə yaradılması absurd məsələ idi. Bu qurum yaradılışından şikəst və ölü dünyaya gələn uşağı xatırladırdı. Minsk qrupunun tərkibi bölgədə marağı olub, ancaq maraqları və üst-üstə düşməyən ölkələrdən formalaşdırıldığından Qarabağ münaqişəsinin həllində ciddi addımlar atacağını gözləməyə dəyməzdi. Həmsədr ölkələrin heç biri bu maraqlarından geri çəkilmək niyyətində deyil. Belə olan halda bu ölkələrdən münaqişənin həllində ədalətli mövqe sərgilməsini gözləməyə dəyməz”.

Bunu “Ölkə.Az”a açıqlamasında Vitse-spiker və  VHP sədrinin Fəzail İbrahimli bildirib.

Milli Məclis Sədrinin müavinin sözlərinə görə,  digər əsas  məqam isə  Minsk Qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərlə bağlı üzərində hər hansı öhdəlik və ya cavabdehliyin olmamasıdır. “Üzrələrinə düşən vəzifəni icra edə bilmədikləri üçün istefaya göndərilsin və ya buraxılmasını tələb etmək üçün də hər hansı mexanizm yoxdur. Bu qeyri-müəyyən bir qurumdur. Növbəti bir məqam isə ATƏT-in Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ilə bağlı sərgilədiyi  mövqedir. Bu qurum hələ indiyədək  rəsmi sənədlərində Ermənistanı işğalçılıq siyasəti  və bu siyasətdən əl çəkməsi barədə bir kəlmə  də ifadə yoxdur. Sadəcə olaraq ümumi şəkildə sənədlərdə Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilməlidir. Elə bil ki, bu torpaqları naməlum qüvvələr və yaxud da yadplanetlilər işğal edib, kimliyini müəyyən etmək mümkün deyil.

Biz yalnız o zaman bu qurumun fəaliyyətinə ümid edə  bilərik ki, işğalçı Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməsi istiqamətində konkret addımlar atırlar. Ermənistanın qarşısında yürütdüyü işğalçılıq siyasətindən geri çəkilməsi üçün tələblər qoyur və ya sanksiyalar tətbiq edir”- Milli Məclis Sədrinin müavini qeyd edib.

Millət vəkili əlavə edib ki, baxın, beynəlxalq təşkilatlar, xüsusən də Qərb ölkələri  Belarusda keçirilən  prezident seçkilərindən sonra baş verən hadisələrə görə bu ölkəyə və Rusiyaya ultimatumlar verir, təzyiqlər edir, sanksiyalarla hədələyir: “Yeni seçkilərin keçirilməsi tələb olunur. Amma ATƏT və ya MQ həmsədr ölkələr nə zaman işğalçı Ermənistana qarşı belə bir mövqe sərgilədilər?!  ATƏT MQ  özünə hörmət qoyan qurumdursa, bu məsələdən əl çəkməlidir. Münaqişə tərəflərinə deyirlər ki, aranızda razılaşın. Əgər iki ölkə özü məsələni həll edəcəksə, onda Minsk qrupu nəyə lazımdır?! Minsk qrupu dünyanın gözünə kül üfürmək  üçün yaradılna qurumdur. Bu qurum əslində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqla məşğuldur. Vaxtı uzatmaqla  münaqişənin Ermənistanın xeyrinə həll olunmasına çalışır. Lakin unudurlar  ki,  Azərbaycan tərəfi işğalla barışmayacaq və cənab Prezident bunu dəfələrlə bəyan edib.  Ali Baş Komandan açıq surətdə bəyan edib ki, gəl təkbə-tək  vuruşub məsələni həll edək. Bu əslində Ermənistanın arxasında duran ölkələrə mesajdır ki, çəkilin. Maneçilik yaratmayın problemi özümüz həll edə bilərik. Odur ki, bu quruma artıq inam yoxdur. Azərbaycanda orta məktəbdə oxuyan şagirdi də, ATƏT-in fəaliyyətisizliyi və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır. Ya bu təşkilat fəaliyyətini dayandırmalıdır, ya da Türkiyə  bura cəlb edilməlidir. Əgər Türkiyə cəlb edilərsə, hansısa ümidlər olar. Türkiyə məsələnin ədalətli həlli istiqamətində səylərini ortaya qoyar”.
Milli Məclis Sədrinin müavini  eyni zamanda  Volkan Bozkırın BMT Baş Assambleyasına prezident seçilməsi və Baş Assambleyanın 75-ci sessiyasına  sədrlik məsələsində  mövqeyini açıqlayaraq deyib ki,  təcrübəli türkiyəli diplomatın belə bir quruma rəhbər seçilməsi sevindirici haldır: “ Hesab edirəm ki, türkiyəli diplomat  ən azından Azərbaycanın maraqlarına cavab verməyən ədalətsiz qərarların və məsələlərin gündəmə gətirilməsinə imkan verməyəcək”.

Mürtəza
Ölkə.Az

Bütöv yazını göstər
Back to top button
Close