Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Rusiyanın Ermənistanı təhdid etməsinin kökündə Ermənistan iqtisadiyyatının tam olaraq Rusiyadan asılı vəziyyətdə olması dayanır. Ekspert vurğulayıb ki, Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər:
“Uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın Rusiyadan asılılığı daha da artıb. Yəni Nikol Paşinyan hakimiyyətə gələnə kimi Ermənistan rəhbərliyində təmsil olunan şəxslər birbaşa Rusiyanın nəzarəti altında ölkəni və erməniləri idarə ediblər. Rusiya məhz buna dayanaraq Ermənistanı tam idarə edib. Ermənistan heç vaxt Rusiyanın icazəsi olmadan addım atmayıb. Paşinyan hakimiyyətə gələndən sonra Qərbə inteqrasiya siyasətini həyata keçirib. Avropa və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışıb. Təbii ki, İrəvan hökumətinin belə davranması Rusiyanı qıcıqlandırır. Çünki Rusiya Ermənistanın ondan hər sahədə, əsas da iqtisadi baxımdan asılı olduğunu yaxşı bilir. Ona görə də Ermənistana xəbərdarlıq edir, təzyiq göstərməyə çalışır. Moskva çalışır ki, müxtəlif vasitələrdən istifadə etməklə Ermənistanı Avropaya, Qərbə inteqrasiyanı dayandırmağa məcbur etsin”.
Siyasi şərhçi vurğulayıb ki, əgər Qərb öz sözünün arxasında dursa, Ermənistana dəstək olsa, İrəvanın Moskvadan asılılığı nisbətən azalacaq:
“Amma Qərb öz sözünün üstündə durmazsa, Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq. Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir. Dünənədək bu ölkəni Rusiya idarə edib”.