“Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq”

Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı

Bu günlərdər daha bir milli faciəmizin ildönümünü yaşayırıq. 1918-ci ilin mart ayının sonunda bütün Cənubi Qafqazda erməni daşnak ordusu xalqımıza qarşı misli görünməmiş soyqırım həyata keşirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı nəticəsində Şamaxıda 8 minədək, Bakıda 12 mindən çox dinc sakini öldürülmüşdü. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə məhv edilmişdi. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdü. Bütövlükdə, Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdü. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdi. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə verilən siyasi qiymət idi. 1988-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirdi. Yüz minlərlə azərbaycanlı yurdundan qovuldu. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan şəhəri olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

BMT Baş Məclisinin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasında göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında, ardınca əsrin sonlarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. Odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımıdır. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Tarix boyu dəfələrlə ermənilərin soyqırımılarına məruz qalmasına baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində daima humanizm prinsipini əsas götürmüş, müharibəni yalnız əlisilahlı düşmən əsgərinə qarşı aparmışdır. Hətta Gəncənin, Tərtərin, Bərdənin, Mingəçevirin bombalandığı günlərdə belə Ordumuz ancaq cəbhədə savaş vermişdir. Məhz bu əxlaq kodeksi Ermənistanla Azərbaycan arasındakı ən böyük fərqdir. Azərbaycan nə olursa olsun mülki insanları hədəf almır, humanizm prinsiplərindən əl çəkmir, Ermənistan isə hətta indiki sivil dünyada belə tarix boyu göstərdiyi qəddarlığı, faşizm meyllərini kənara qoya bilmir, məqsədinə gedən yolda qadın, qoca, uşaq demədən mülki insanların canına qəsd edir.

Biz, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən cinayətləri, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan soyqırımı qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq.

Vətəndaş Həmrəyliyi Partiyası beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırırıq. Ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunmasını tələb edirik.

Bütöv yazını göstər
Back to top button
Close