Ermənistan özünü “yandırdı” – 50 gün keçsə də…

Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur; analitiklər İrəvanı nələr gözlədiyini açıqladılar

Bəllidir ki, bu il yanvarın 14-də, Donald Trampın yeni prezident qismində andiçməsindən cəmi 6 gün öncə Vaşinqtonda ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.

O da məlumdur ki, rəsmi İrəvan bunu xarici siyasətin mühüm uğuru, hətta az qala, Amerikadan ölkəsinə təhlükəsizlik zəmanətini almaq kimi təqdim etmişdi. İmzalanma mərasimindən sonra o vaxt dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatların Gömrük və Sərhəd Təhlükəsizliyi komandası (əslində hərbi təyinatlı qrup) “Ermənistanın sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək” üçün yaxın həftələrdə bu ölkəyə gələcək. Lakin üstündən 2 aya yaxın (50 gün) vaxt keçsə də, amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur. Ötən həftəsonu bu mövzuda danışan Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafael Gevorkyan gecikmə faktını təsdiqləsə də, əlavə şərh verməyib. Çünki əlavə ediləsi bir şey də yox.

Xarici analitiklərdə də belə qənaət var ki, Tramp administrasiyası Bayden hökumətinin Ermənistanla imzaladığı 14 yanvar anlaşmasından geri çəkiləcək. Yəni amerikalı kəşfiyyat qrupu, ümumiyyətlə, gəlməyə bilərmi? Bu, ABŞ tərəfindən nəyin siqnalıdır? Tramp hökuməti Ermənistanla imzalanmış tərəfdaşlıq xartiyasını həmişəlik unutdumu? Bütövlükdə Tramp komandasını hazırda Ermənistan nə dərəcədə maraqlandırır?

Ümumiyyətlə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövründə ikitərəfli xartiyanın müddəalarının həyata keçirilmə perspektivi məsələsi açıq qalır. Bütün hallarda ABŞ-ın respublikaçı prezidentindən erməni maraqlarını qorumaq üçün Bayden və komandası kimi, Azərbaycana münasibətdə açıq addımlar atacağını gözləmək ağılsızlıq olardı. Demokratlar hətta strateji mövqelərdə belə Bakıya müəyyən güzəştlərə getməyə bilməyiblər. Artıq Azərbaycan öz suverenliyi üçün optimal təhlükəsizlik dairəsi yaradıb. Bakının regional siyasi kursunun davam etdiriləcəyinə də şübhə yoxdur. Amma Trampın başqa prioritetləri var. Digər maraqlı məqam odur ki, Tramp bu xartiyaya veto qoymasa da, ona məhəl verməyə bilər.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyevin fikrincə, Tramp hakimiyyətinin başı Ukraynaya və Avropa Birliyinə qarışıb, Cənubi Qafqaz prioritet deyil. Onun sözlərinə görə, ABŞ lideri indiyə qədər bölgə haqda heç nə deməyib və görünür ki, Tramp Cənubi Qafqazı sonraya saxlayıb: “Onun Bayden barəsində ağır ifadələrini nəzərə alsaq, Ermənistanla imzalanmış xartiyanı da bir kağız saydığını ehtimal edə bilərik. Tramp Zelenski ilə mübahisəsi zamanı da Baydenə sərt sözlər dedi və ona nifrətini gizlətmədi. Ona görə də Ermənistanla keçmiş hakimiyyətin imzaladığı sənəd indi Trampı bir o qədər maraqlandırmır”.

Professor hesab edir ki, Paşinyan hakimiyyəti narahatdır və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvan səfəri onları sevindirir: “Səfərin məqsədi haqda verilən məlumat da maraqlıdır. Qeyd olunur ki, bu səfər Rusiya ilə Ermənistan arasında dövlətlərarası münasibətlərə təkan vermək xarakteri daşıyır. Deməli, Paşinyan komandası siyasi konyukturanı dəyişməyə başlayır. Ermənistan anlayır ki, Amerikadan Bayden dövründə olduğu qədər dəstək görməyəcək, nə qədər gec deyil, Rusiya ilə əlaqələri yaxşılaşdırmaq lazımdır. O ki qaldı amerikalı sərhədçilərin gəlişinə, bunun reallaşması istisna deyil. Sadəcə, zaman məsələsidir. Tramp bu sənədin icrasına gec baxacaq”.

Xatırladaq ki, hərbi əməkdaşlıq çərçivəsində ABŞ və Ermənistan Almaniyanın Hohenfels şəhərində ABŞ hərbi bazasında keçirilən “Birgə Qərar-2025″ təlimində iştirak edib. Təlim zamanı Ermənistan Müdafiə Nazirliyinin tibb personalı və ABŞ Milli Qvardiyaçıları döyüş meydanında tibbi müdaxilə ssenarilərini sınaqdan keçirmək üçün birgə fəaliyyət göstəriblər. Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) təlimlə bağlı açıqlamasında Qərbin Cənubi Qafqazda təsirini artırmaq cəhdlərinə “ABŞ Ermənistanı özünə tabe etməyə çalışır” ifadəsi ilə reaksiya verib. Rusiyanın “Tass” xəbər agentliyi də təlimin Almaniyadakı ABŞ bazasında keçirilməsinin özlüyündə bir mesaj olduğunu bildirərək, İrəvanın Qərbə yaxınlaşdığını və bunun Moskva üçün narahatlıq doğuran hadisə olduğunu vurğulayıb.

Emil Salamoğlu,
“Yeni Müsavat”

Bütöv yazını göstər
Back to top button
Close