Ermənistan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmir
İşarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələri Azərbaycan tərəfinə təqdim olunmur
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az“a deyib ki, hərbi əsirlərlə bağlı Azərbaycan öz mövqeyini dəfələrlə səsləndirib. Ekspertin sözlərinə görə, Azərbaycanın bütün hərbi əsirlərin qaytarılması öhdəliyini üzərinə götürdüyü sonuncu sənəd 2020-ci il noyabrın 10-da imzalanıb: “Həmin günə qədər tutulanların hamısı geri qaytarılıb. Bu tarixdən sonra Qarabağda saxlanılanlar isə hərbi əsir sayılmır. Onlar sərhəd pozucuları, silahlı şəxslərdir və Azərbaycan qanunlarına uyğun olaraq həbsxanalarda cəzalarını çəkirlər. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmir. İşarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir. Bununla da, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur. Bu istiqamətdə mübarizəmiz davam etməli, beynəlxalq təşkilatlar da bu prosesə sövq edilməlidir”.