Dövlətçilik tariximizə həmrəylik möhürü vuran partiya
Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də VHP-nin yaranması 1988-ci ildə Meydan hərəkatı ilə başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ötən 31 ildə böyük bir tarixi yol keçən VHP bu gün seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir.
VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmış, VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. VHP parlamentdə 3 deputatının təmsilçiliyi ilə hazırda ölkənin ana müxalifət partiyası sayılır. VHP üzvləri bu gün ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar.
VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub.
Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 31 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir.
Vətəndaş Həmrəyliyi Partiyasının respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bölgə təşkilatlarında və rəhbərlikdə ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 31 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.
Partiyanın 31 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!
VHP Siyasi Şurası