Fəzail İbrahimli: “Delyaginin aqibəti ermənipərəstlərə cavab oldu”

“Rusiya Federasiyasının Dövlət Dumasının deputatı, İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı sərsəm çıxışı hələ də gündəmdədir. Bu ermənipərəst qüvvələrə xidmət edənlər üçün cəsarət olmamalıdır”.

Bu sözləri  Milli Məclisin vitse-spikeri, VHP sədrinin Birinci müavini Fəzail İbrahimli deyib. O xatırladıb ki, Azərbaycan tərəfi deputatlar səviyyəsində, rəsmi formada məsələyə münasibət bildirib: “Mixail Delyagin Rusiya Dövlət Dumasında xüsusi diqqət çəkən deputat olmayıb. Onun söylədiyi fikirlər deputat kimi səlahiyyətini qavramamağından irəli gəlir.

Delyaginin düşüncəsi, beynəlxalq məsələlərlə bağlı tutumu budursa, çox təəssüf! Belə bir şəxsin Rusiya Dövlət Dumasında təmsil olunması təəssüf doğurur. Əgər kiminsə sifarişini yerinə yetirirsə, çox güman ki, ermənilər və ya ermənipərəst qüvvələrə xidmət edir.

Azərbaycanla bağlı belə fikrin ortaya atılması, Rusiyanın dünya səviyyəsində təkləndiyi, dünyanın qonşumuzun üzərinə gəldiyi, beynəlxalq sanksiyaların rəsmi Moskvanı sıxışdırdığı dövrdə Rusiya ilə kifayət qədər isti, qonşuluq münasibəti, müttəfiqlik müqaviləsi olan dövlətlə bir deputatın bu formada danışması qəbul edilməzdir. Amma sərsəm çıxış, qeyri-ciddi baxış, çəkisi olmayan bir insanın düşüncəsi olsa da, Azərbaycana qarşı yönəlmiş ciddi təhdiddən söhbət gedir. Deputatın üzr istəməyi sübut edir ki, dediklərinin mahiyyətini dərk etmədən danışıb, hansısa sifarişi yerinə yetirib. Azərbaycan tərəfi buna laqeyd qalmadı, cinayət işi açıldı, Delyagin beynəlxalq axtarışa verildi. Onun üzr istəməsindən asılı olmayaraq, müvafiq addım atıldı. Azərbaycan tərəfinin bu mövqeyi, qərəzli deputatı əməllə başa salması tutarlı cavab idi. Əsas odur ki, bundan sonra Delyagin kimi xarici sifarişə xidmət edən şəxslərin cəsarətlənməsinin qarşısı alındı. Çünki Rusiyanın özündə də bununla bağlı ciddi addımlar atılıb. Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq istəyənlərin cavabı belə olmalı idi”.

 

Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.

Bütöv yazını göstər
Back to top button
Close