“Bu qədər qan töküldükdən sonra Azərbaycan…” – Sabir Rüstəmxanlı

Son günlər Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyacağı ilə bağlı fikirlər səslənir. Hətta ölkə prezidenti Erkin Tatarın Azərbaycana səfərinin gözlənildiyi barədə də məlumatlar yayılıb. Siyasi şərhçilər iddia edirlər ki, bu məsələ Fransa və Niderlandın Avropa İttifaqını qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımağa məcbur etməsi ilə bağlıdır.

Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı vurğulayıb ki, Fransanın hansı addım atmasından asılı olmayaraq Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər:

“Şimali Kipr neçə ildir ki, müstəqil bir dövlətdir. Amma Dağlıq Qarabağ heç vaxt bu şəkildə mövcud olmayıb. Sadəcə Azərbaycan Respublikası öz daxilində 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verdi. Amma 1988-ci ildə onun Ermənistana birləşmə iddiası ortaya atıldıqdan sonra muxtariyyət hüququ tamamilə itirildi. Hazırda elə bir vilayət yoxdur”.

Deputat qeyd edib ki, bu qədər qan töküldükdən sonra Azərbaycan təzədən ona hər hansı status verə bilməz:

“Bir ovuc adam özləri üçün nəsə düşünüb belə bir qondarma dövlət yaratmaq istəyirdi. Amma onu da son müharibə ləğv etdi. Hazırda heç belə bir söhbət də yoxdur. Ona görə də Dağlıq Qarabağ məsələsini Kipr və ya başqa bu kimi məsələlərlə bir tərəziyə qoymağın mənası yoxdur”.

pia.az

Bütöv yazını göstər
Back to top button
Close