“Bu, asan savaş deyil, düşmən 30 illik istehkamlar qurub”

Sabir Rüstəmxanlı: “Erməninin möhkəmləndiyi hər yeri dağıtmaq, almaq vaxt istəyir və Azərbaycan əsgəri bunu addım-addım edir”

Sanki Tovuz döyüşləri bugünkü qələbələrimizin carçısı imiş. Bu gün isə cəmiyyətimizdə və ümumilikdə dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə elə bir ruh yüksəkliyi yaşanır ki, geri çəkilmək kiminsə ağlının ucundan belə, keçmir. Necə deyərlər, ox artıq yaydan çıxıb. Yekdil qərar budur ki, ancaq irəli!

Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var – zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq. Bu istiqamətdə AYNA-nın budəfəki həmsöhbəti Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdır.

Sabir müəllim, bu günlərdə cəbhədə baş verənlərlə bağlı aparılan təbliğatı necə qiymətləndirirsiniz?

 

– 30 illik keçdiyimiz yol elə bir mühit yaradıb ki, bu gün bütün azərbaycanlılar ordumuza dəstəkdir, onun yanındadır. Hamı bir növ təbliğatçıya çevrilib. Ona görə də təkcə KİV-in ümidinə deyilik. Xalq bütövlüklə proseslərə dəstək verir, qoşulur, müdafiə edir. İndi internetdə məhdudiyyət olsa da, lakin mümkün yollarla hər kəs məlumat alır. Təəssüf ki, hazırda Qarabağ məsələsini dünyada gedən proseslərin kontekstində təhlil edib dəyərləndirən ekspertlərimiz o qədər də çox deyil. Amma hər halda, ziyalıların, millət vəkillərinin, qələm əhlinin bu işə canı-könüldən qatılması, televiziya kanallarında aparılan debatlar – bunlar hamısı camaatda ruh yüksəkliyini, döyüş ruhunun necə yüksək olduğunu, eyni zamanda da xalqın birliyini, həmrəyliyini göstərir.

 

Dünyada gedən erməni təbliğatı var ki, həmişə olduğu kimi, dünyanın gözünə kül fürməyə çalışırlar. Özləri bizim torpaqlarda otura-otura, bizi dünyada işğalçı kimi qələmə verirlər. Guya, Azərbaycan döyüşlərə muzdlu əsgərlər cəlb edib, ermənilərdən mülki əhalini hədəf alır. Halbuki, Ermənistan Dağlıq Qarabağa terrorçuları yığır, muzdlu əsgərlər gətirir, kəndlərimizə bomba yağdırır, dinc əhalini hədəf alır. Təbii ki, bizim bu yalanın qarşısını almağımız üçün Avropada, dünyada sözümüzü deyən ekspertlərimizin, jurnalistlərimizin sayı çox olmalıdır.

Belə vəziyyətdə necə olmalı, nələrə diqqət etməliyik?

– Mən istərdim ki, ordu, xalq, millət birliyi, siyasi qüvvələr arasındakı həmrəylik daha da güclü olsun. Bu müharibənin haqq-ədalət savaşı olduğunu heç kəs unutmasın. Heç kəs bu məsələdən siyasi dividend güdməsin. Bu, Azərbaycan dövlətinin siyasi iradəsidir, Azərbaycan ordusunun gücüdür. Bu həqiqət heç vaxt unudulmasın. Bu günlərdə millət, ordu – bizim hər birimiz bir əsgər olmalıyıq. Guman edirəm ki, bu, belədir və belə də davam edəcək.

Sentyabrın 27-si səhər saatlarından başlanan döyüşlər hələ də davam edir. Çox adam, sanki tələsir, qulağı səsdədir ki, “filan rayonlarımızı düşmən tapdağından azad etdik” xəbərini eşitsin…

 

– Bu, o qədər də asan savaş deyil, çünki 30 il ərzində ermənilər yüksəkliklərdə istehkamlar qurublar, möhkəmləniblər. Bilirsiniz də, Qarabağ təbii bir qaladır, dağlıq yerdir. Bu baxımdan erməninin möhkəmləndiyi hər bir yeri dağıtmaq, almaq vaxt istəyir və Azərbaycan əsgəri bunu addım-addım, günbəgün edir, bunu nəzərə almalıyıq.

 

– Bu gün cəmiyyətdə təkliflər səslənir ki, İkinci Qarabağ müharibəsinin şəhidləri üçün xüsusi qəbiristanlıq yaradılsın. Bu təklifə münasibətiniz…

 

– Hər bir kənd öz şəhidi ilə qürur duyur, övladına sevgisi var. Hər bir ailə də istəyir ki, onun şəhid olmuş övladı əslinin-nəslinin arasında dəfn olunsun. Ona görə də mən hesab edirəm ki, hər şəhidin öz kəndinə, ocağına qayıtması şəhidlik ruhunun da daim uca tutulmasına, yaşadılmasına şərait yaradır. Konkret olaraq Bakıda belə bir qəbiristanlığın yaradılmasını nəzərdə tutursunuzsa, Azərbaycan Bakıdan ibarət deyil. Qeyd edim ki, “20 Yanvar” Bakıda olmuşdu, ona görə də həmin insanlar Bakıda dəfn olunub.

 

Şəhid xəbərlərindən də qorxmaq lazım deyil. İkinci Dünya müharibəsində əhalinin sayına görə Belarusdan sonra ən çox itki Azərbaycandan olmuşdu. Hər dörd əsgərdən biri qayıtmamışdı. Amma o vaxt heç bu barədə düşünən də yox idi. “Böyük Vətən müharibəsi” adı altında savaşanlar bununla qürur duyurdular. İndi də Vətən savaşıdır və burada təbii ki, itki də olacaq, ev də dağılacaq, çətinliklər də olacaq. Bu, başqa cür mümkün də deyil. Ya gərək biz torpaqlarımızdan əl çəkək, ya da savaşaq. İndi dünya imkan vermir, amma bu, son savaş olmalıdır.

Müəllif: Aləmdə Nəsib

 

Bütöv yazını göstər
Back to top button
Close