Biz bütün qonşularla dinc yanaşı yaşamaq siyasəti yürüdürük

Azərbaycanın millət və dövlət maraqları, yerləşdiyi coğrafiyanın şərtıəri, çatmaq istədiyi hədəflər, üzləşdiyi problemlər tələb edir ki, biz bütün qonşularla qarşılıqlı hörmət və dinc-yanaşı yaşamaq siyasəti yürüdək. Fevral ayının 23-də  Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında imzalanmış Müttəfiqlik Bəyannaməsinin Azərbaycan tərəfini qane edən əsas prinsipi budur. Bundan öncə də 1997-ci, 2001-ci, 2004-cu, 2008 -ci illərdə iki ölkə arasında dostluq, əməkdaşlıq, qarşılıqçı əməkdaşlıq məsələlərini əhatə edən müxtəlif müqavilələr bağlanmış, bəyannamələr qəbul edilmişdir. 23 fevral 2022-ci il Bəyannaməsi həmin sənədlərin davamı, daha da möhkəmləndirilməsi olmaqla yanaşı şımal qonşumuzla bizim münasibətlərimizi yeni bir səviyyəyə qaldırır. Bu müqavilədə Azərbaycan dövlətçiliyini təhdid edən gizli məqamlar axtarmaq, bizcə, əsassızdır. Rusiya bizim böyük qonşumuzdur, orda milyonlarla azərbaycanlı yaşayır, iqtisadi və ictimai- mədəni əlaqələrimizin zəngin ənənələri var və çağdaş dünyada bütün bunları nəzərə almadan yaşamaq olmaz.
Rusiya siyasətində özünü köhnə Sovetlər birliyinin varisi saymaq meylini gücləndirməyə çalışanlar olsa da küll halında iki ölkə arasında qarşılıqlı hörmət mühitini qorumaq lazımdır və biz bu xəttin getdikcə gücləndirilməsinin tərəfdarıyıq. Rusiya federasiyası dünya siyasətində və iqtisadiyyatında əsas söz sahiblərindən biridir, bölgəmizdə gedən proseslərə təsir imkanları böyükdür. 44 günlük Qarabağ savaşında biz bunun şahidi olduq. Buna görə də Rusiya ilə dostluq, əməkdaşlıq və müttəfiqlikdən, təbii ki, Azərbaycanın dövlət müstəqilliyi üçün, təhlükə yaratmadan, imtina etmək yolverilməzdir.
Müttəfiqlik Bəyannaməsinin ən mühüm cəhətlərindən biri- 2020-ci ildəki savaşa son qoyan üçtərəfli müqvilənin ruhunu davam etdirməsindədir… Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətində müşahidə edilən bəzi neqativ cəhətləri də bu müqvilənin ümumi ruhuna uyğun aradan qaldırmaq olar.
Azərbaycanın Gürcüstan və Ukraynanın ərazi bütünlüyünü tanımasına baxmayaraq, bu iki dövlətin ərazilərinin müəyyən hissələrini müstəqil qurum kimi tanıyan Rusiya federasiyası ilə, həm də dünyanın yeni müharibə təhlükəsi ilə üz-üzə dayandığı bir dövrdə, belə bir Müttəfiqlik Bəyannaməsi bağlaması ölkələrimiz arasındakı münasibətlərin dərinliyini və möhkəmliyini göstərməklə yanaşı, Azərbaycanın çoxtərəfli və balanslı xarici siyasətinin məntiq və uğurlu davamı sayılmalıdır.

VHP Mətbuat Xidməti.

Bütöv yazını göstər
Back to top button
Close